Aİ-nin iqlim siyasətində çeviklik və sabitliyin vəhdəti

post-img

COP30-un yolu Bakı konsensusu ilə Brüssel praqmatizmindən keçir

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Brüsseldə səsləndirdiyi tezis Aİ-nin iqlim siyasətində köklü strateji dönüşün, yeni qlobal reallıqların diktə etdiyi praqmatik yenidənqurmanın manifestidir. “Belemdə keçiriləcək COP30 ərəfəsində biz 2035 və 2040-cı illər üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) hədəflərini müəyyən edəcəyik” bəyanatı Avropanın iqlim gündəliyindəki liderlik iddiasını saxlamaq iradəsini göstərsə də, ruhu bu hədəflərə aparan yolun əvvəlkilərdən tamamilə fərqlənəcəyini, idealist paradiqmaların yerini sərt geosiyasi və iqtisadi məntiqin tutduğunu aşkarlayır.

Fon der Lyayenin “Dünya dəyişdi. Qlobal rəqabət amansız və bəzən ədalət prinsiplərindən kənara çıxır” sözləri Avropa Yaşıl Sazişinin ilkin konsepsiyasından oyanışın, Çin və potensial ABŞ kimi ölkələrin formalaşdırdığı iqtisadi təzyiqlər qarşısında Avropa sənayesini himayəetmə instinktinin səmimi etirafıdır. Artıq mübarizə yalnız emissiyaların azaldılması müstəvisində getmir. Bu, eyni zamanda, “yaşıl texnologiyalar” bazarında mövcudluğunu qoruma, Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etmiş Azərbaycanın təcrübəsi xüsusi məna kəsb edir. Bakı qütbləşmiş dünyada fərqli maraqlara sahib tərəflər arasında körpülərin necə qurulduğunu, konsensus və həmrəylik mühitinin necə yaradıldığını bütün planetə nümayiş etdirdi.

* * *

COP29 Azərbaycanın beynəlxalq sistemdəki yerini və nüfuzunu keyfiyyətcə yeni mərhələyə yüksəldən tarixi bir hadisə kimi yadda qaldı. Tədbirin mükəmməl təşkili, gərgin danışıqlar prosesinin məharətli diplomatik manevrlərlə idarə olunması və yekunda konkret nəticələrin əldə edilməsi Azərbaycanın etibarlı tərəfdaş, neytral vasitəçi və qlobal problemlərin həllinə sanballı töhfələr vermək potensialına malik məsuliyyətli dövlət statusunu tam təsdiqlədi. Prosesin ən böyük nailiyyətlərindən biri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uzun müddət davam edən ziddiyyətlərin episentrində yer alan iqlim maliyyəsi məsələsində əldə olunan mühüm irəliləyişdir. Azərbaycan tərəflər arasında itirilmiş inamı bərpa edərək, Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə müzakirələri konstruktiv zəminə oturda bildi. Bu, texniki problem olmaqdan çıxaraq iqlim ədalətinin təminatı və qlobal həmrəyliyin barometri kimi fundamental siyasi əhəmiyyət daşıyan məsələ idi. COP29 çərçivəsində irəli sürülən çoxsaylı təşəbbüslər və imzalanan sənədlər, Bakının, sadəcə, danışıqlar məkanı funksiyasını aşaraq, həm də konkret fəaliyyət mərkəzinə çevrildiyini göstərdi. Enerji, rəqəmsallaşma, zərər və itkilərin aradan qaldırılması kimi sahələrdə qəbul edilən bəyanatlar, Azərbaycanın çoxşaxəli yanaşmasını və iqlim gündəliyinin müxtəlif aspektlərini əhatə etmək bacarığını sübuta yetirdi. Azərbaycanın “yaşıl gündəliyə” bağlılığı, beynəlxalq bəyanatlarla yanaşı, konkret əməllərdə öz əksini tapır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan edilməsi, bu ərazilərdə ən qabaqcıl ekoloji standartlara və ağıllı texnologiyalara əsaslanan genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirilməsi, ölkənin “yaşıl transformasiya”ya sadiqliyinin parlaq nümunəsidir. Bu, eyni zamanda, postmünaqişə bərpa prosesinin davamlı inkişaf prinsipləri ilə ahəngdar şəkildə həyata keçirildiyinə dair dünyaya təqdim olunan unikal modeldir.

* * *

Aİ daxili ziddiyyətləri ilə xarici təzyiqlər arasında optimal bir yol tapmaq kimi çətin bir missiyanı yerinə yetirir. Fon der Lyayenin bəyanatı bu mürəkkəb axtarışın məhsuludur. Brüssel 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq kimi tarixi öhdəliyindən geri addım ata bilməz. Bu, ittifaqın qlobal normativ güc imicinin sütunlarından biridir. Lakin “yaşıl keçid”in iqtisadi və sosial fəsadları getdikcə daha aydın sezilməkdədir. Çinin dövlət dəstəyi ilə istehsal etdiyi ucuz “yaşıl texnologiya” məhsulları Avropa bazarına axın edərək yerli istehsalçıları çətin vəziyyətdə qoyur. Fermerlərin etirazları, yüksək enerji qiymətləri və sənayenin rəqabət qabiliyyətinin zəifləməsi ilə bağlı artan narahatlıqlar, “yaşıl siyasət”ə qarşı daxili siyasi müqaviməti gücləndirir. Bu səbəbdən, “daha çox çeviklik” formuluna müraciət edilir. Bu, Avropanın gələcəkdə bütün sektorlara eyni şəkildə tətbiq edilən universal qaydalar əvəzinə, hər bir sənaye sahəsinin spesifikasını, üzv dövlətin iqtisadi imkanlarını nəzərə alan daha fərdi yanaşmalar seçəcəyi anlamına gəlir. Bürokratiyanın sadələşdirilməsi və müəssisələrə “yaşıl keçid”də dəstək verilməsi vədi iqtisadiyyatı durğunluğa sürükləmədən transformasiyanı reallaşdırmaq cəhdidir. Bu strategiya “yaşıl keçid”i bir təhlükə və məhdudiyyət kimi yox, innovasiya, yeni iş yerləri və iqtisadi modernləşmə üçün bir imkan kimi təqdim etməyi hədəfləyir.

Bu strategiyanın əsas sütununu enerji infrastrukturunun, xüsusən elektrik şəbəkələrinin köklü modernləşdirilməsi təşkil edir. Bərpaolunan enerjinin payının artması, enerji sisteminin dayanıqlılığı və idarə olunması qarşısında mühüm çağırışlar qoyur. Günəş və külək enerjisinin qeyri-sabit xarakteri, enerjinin saxlanması və ötürülməsi üçün nəhəng həcmdə investisiyalar tələb edir. Fon der Lyayenin "istehlakçıların daha ucuz bərpaolunan enerjinin faydalarını hiss etmələri üçün elektrik şəbəkələrinə sərmayə qoyulması" barədəki fikri “yaşıl keçid”in uğurunun son nəticədə sıravi vətəndaşın həyatına gətirəcəyi müsbət dəyişikliklərlə ölçüləcəyinin dərk edilməsini göstərir. Əgər “yaşıl enerji” daha bahalı və etibarsız olarsa, bu siyasətə ictimai dəstək sürətlə zəifləyər. Buna görə də Brüssel milyardlarla avronu şəbəkələrin rəqəmsallaşdırılmasına, transsərhəd əlaqələrinin möhkəmləndirilməsinə və enerji saxlama texnologiyalarının inkişafına yönəltməyi planlaşdırır. Bu addımlar təkcə iqlim hədəflərinə çatmağa xidmət etmir, həm də Avropanın enerji təhlükəsizliyini gücləndirmək və xarici enerji təchizatçılarından asılılığı minimuma endirmək məqsədi daşıyır.

Dünya COP30-a doğru addımlayarkən qlobal iqlim siyasəti taleyüklü yol ayrıcındadır. Bu yolun bir tərəfində Aİ-nin yeni reallıqlara cavab olaraq formalaşdırdığı daha praqmatik və ehtiyatlı strategiyası yer alır. Həmin strategiya yüksək ideallarla sərt iqtisadi mənafelər arasında incə bir tarazlıq yaratmağa çalışır. Yolun digər tərəfində isə Azərbaycanın COP29-da dünyaya təqdim etdiyi həmrəylik, dialoq və konsensus modeli dayanır. Bakı sübut etdi ki, dərin geosiyasi ziddiyyətlərin hökm sürdüyü bir şəraitdə belə ümumi məqsədlər naminə birləşmək və konkret nəticələr əldə etmək mümkündür. Belemdə baş tutacaq danışıqların uğuru bu iki fərqli yanaşmanın sintezindən, bir-birini tamamlamasından asılı olacaq. Dünyanın həm Avropanın texnoloji və normativ gücünə, həm də Bakının yaratdığı konstruktiv və inklüziv diplomatiya ruhuna ehtiyacı var. Fon der Lyayenin vurğuladığı kimi, işçilər üçün sabitlik, biznes üçün aydınlıq və investorlar üçün əminlik təmin etmək təkcə Avropanın yox, bütün planetin qarşısında duran ortaq vəzifədir. Bu vəzifənin öhdəsindən gəlmək isə amansız rəqabət məntiqi ilə yanaşı, həm də qarşılıqlı anlaşma və məsuliyyətli əməkdaşlıq tələb edir. Kopenhagen tezisi Avropanın öz yolunu axtardığını göstərir. Bakı təcrübəsi isə bu yolda necə irəliləmək barəsində bələdçilik edir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət