Karapetyan iqtisadi gücünü siyasi təsirə çevirməklə sabitliyi pozmağa çalışır
Ermənistanda daxili siyasi sabitliyi pozmağa yönələn proseslərin arxasında dayanan əsas fiqurlardan biri də “Taşir” şirkətlər qrupunun yaradıcısı və prezidenti Samvel Karapetyandır. Bu ilin iyununda həbs edilməsi və avqust ayında “Öz yolumuzla” adlı hərəkat yaratması onun adının erməni mediasında daha çox hallanmasına səbəb olub.
İqtisadi imkanlarını siyasi məqsədlərə yönəltməsi Samvelin təkcə iş adamı deyil, həm də kölgədə fəaliyyət göstərən siyasi oyunçu olduğunu göstərir.
Karapetyan bir neçə ildir ki, revanşist dairələrin maliyyə qaynağı kimi çıxış edir və bu qüvvələrin yenidən hakimiyyətə qayıtması üçün hər cür dəstək verir. Onun idarə etdiyi biznes imperiyası faktiki olaraq siyasi intriqaların maliyyə mənbəyinə çevrilib. Bu dəstəyin arxasında Paşinyan hökumətinə qarşı planlı şəkildə aparılan təxribat və qarayaxma kampaniyaları dayanır. Xüsusilə də Azərbaycanla münasibətlər məsələsi ətrafında ictimai rəyin yönləndirilməsində Karapetyanın təsir alətləri açıq şəkildə hiss olunur. O, özünü milli maraqların müdafiəçisi kimi təqdim etsə də, əslində, ölkəni yenidən xaosa sürükləyən köhnə sistemin bərpası üçün çalışır. Bu baxımdan onun fəaliyyəti təkcə siyasi deyil, həm də təhlükəsizlik aspektindən Ermənistana ciddi təhdid yaradır.
Oktyabrın 16-da Ermənistanın Antikorrupsiya Məhkəməsi S.Karapetyanın həbs müddətini 30 gün müddətinə – noyabrın 17-dək uzadıb. Hakim Vahe Dolmazyan məhkəmə iclasında qərarı elan edib. Karapetyanın ailə üzvləri, silahdaşları, həmçinin təsis etdiyi “Öz yolumuzla” hərəkatının nümayəndələri onun azadlığa buraxılmasını tələb edərək məhkəmə binasının qarşısında olublar.
Bundan bir neçə gün əvvəl isə Karapetyanın vəkilləri ona qarşı əlavə ittihamlar irəli sürüldüyünü açıqlayıblar. Konkret olaraq, Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2-ci və 3-cü bəndləri (hakimiyyət və ya vəzifə səlahiyyətlərindən və ya buna əsaslanan təsirdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması) Karapetyanın işinə əlavə edilib.
Xatırladaq ki, Karapetyan iyunun 17-də Erməni Apostol Kilsəsinə dəstəyini açıq şəkildə ifadə edən video yayımlayıb. Kilsənin həyətində çəkilən videoda Samvel “bir qrup insanın erməni xalqının və kilsəsinin min illik tarixini (?) unudaraq, kilsəyə və erməni xalqının özünə hücum etdiyini” bildirib. Bundan sonra onun evində axtarış aparılıb. Karapetyan iyunun 18-də iki ay müddətinə həbs edilib. Ona qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı irəli sürülüb. Avqustun 15-də Antikorrupsiya Məhkəməsi həbs müddətini daha iki ay uzadıb. Oktyabrın 11-də isə müstəntiq onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı yenidən vəsatət vermişdi. Biznesmen özü ittihamları rədd edir və Ermənistan rəhbərliyini səriştəsiz adlandırır.
S.Karapetyanın “Öz yolumuzla” hərəkatının qeydiyyata alınması ilə bağlı dünən jurnalistlərin suallarını cavablandıran baş nazir Nikol Paşinyan deyib: “Mən bu məsələlərlə məşğul olmuram, çünki bu, hüquqi prosesdir. Mən bu qüvvənin qeydiyyatdan keçməli olub-olmaması ilə bağlı fikirlərlə tanış deyiləm, çünki bu, mənimlə heç bir əlaqəsi olmayan mövzudur. Prosedurlar var, qanunlar var. Bu, hüquqi məsələdir, qoy bu suallara hüquqşünaslar cavab versin”.
Bu arada Karapetyanın təsis etdiyi “Öz yolumuzla” hərəkatının koordinatoru Alik Aleksanyan oktyabrın 18-də İrəvanın “Azadlıq” meydanında mitinq keçiriləcəyini açıqlayıb. O, Antikorrupsiya Məhkəməsinin qarşısında deyib: “Birgə mitinqimiz saat 16:30-da baş tutacaq. Biz səsimizi ucaltmaq və siyasi məhbuslar – din xadimlərimiz və Samvel Karapetyan üçün ədalət və azadlıq tələb etmək üçün toplaşırıq”.
* * *
Əlbəttə, S.Karapetyanın həbs müddətinin növbəti dəfə uzadılması ölkənin siyasi səhnəsində baş verənlərin əsl mahiyyətini bir daha üzə çıxardı. Qərar təsadüfi deyil, çünki Karapetyan təkcə biznesmen deyil, həm də, qeyd etdiyimiz kimi, revanşist qüvvələrin iqtisadi dayağına çevrilmiş fiqurdur. O, özünü xeyriyyəçi və milli dəyərlərin müdafiəçisi kimi təqdim etsə də, əslində məqsədi Paşinyan hökumətini zəiflətmək və keçmiş rejimin maraqlarını dirçəltməkdir.
Əslində, bu cür addımlar yeni deyil. Çünki Ermənistan cəmiyyətində kilsə uzun illər siyasi məqsədlərin alətinə çevrilib. Lakin Karapetyanın təşəbbüsü bu prosesin yeni mərhələsidir. O, dini ritorikanı millətçiliklə birləşdirərək özünü “xalqın səsi” kimi təqdim etməyə cəhd edir. Bu yolla həm daxildəki narazı təbəqəni, həm də xaricdəki erməni diasporunu bir araya gətirmək istəyir. Amma bu “vahidlik” ideyası əslində, parçalanma üzərində qurulub. Çünki o, ölkədəki siyasi institutlara, məhkəməyə və hökumətə qarşı etimadsızlıq yaratmaqla cəmiyyətin təməl prinsiplərini sarsıdır.
Karapetyanın böyük iqtisadi resurslara malik olması onun siyasi ambisiyalarını daha da təhlükəli edir. Antikorrupsiya Məhkəməsinin istintaq materiallarında yer alan “çirkli pulların yuyulması” epizodu təsadüfi deyil. Bu, illər boyu kölgədə toplanmış və indi siyasətə yönəlmiş vəsaitlərin izidir. Ermənistan kimi iqtisadi cəhətdən zəif ölkədə belə fiqurların ortaya çıxması təkcə siyasi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Karapetyan tərəfdarlarının məhkəmə qarşısında keçirdiyi aksiyalar da spontan deyil. “Azadlıq”, “Ədalət” kimi populist şüarlarla çıxış edən bu qruplar, əslində, ölkəni yenidən xaosa sürükləməyə hesablanmış ssenarinin bir hissəsidir. Onlar “siyasi məhbus” obrazı yaratmaqla cəmiyyətin simpatiyasını qazanmaq, eyni zamanda, dövlət və hakimiyyət orqanlarının çıxardıqları qərarların legitimliyinə kölgə salmaq istəyirlər.
Samvel özünü xalqın və kilsənin müdafiəçisi kimi göstərsə də, onun fəaliyyəti ölkədə dini təsirlə siyasi revanşizmin birləşməsinə xidmət edir. Bu, həm ideoloji, həm də praktiki baxımdan təhlükəli tendensiyadır. Belə şəxslərin yürütdükləri siyasət üzündən Ermənistan bir neçə dəfə fəlakətə sürüklənib və indi eyni ssenarinin başqa bir versiyası hazırlanır. Məhz buna görə Karapetyanın işi təkcə hüquqi proses deyil, həm də siyasi təmizlənmə mərhələsi kimi dəyərləndirilməlidir. Cəmiyyət anlamalıdır ki, demokratiya və azadlıq yalnız şəffaf institutlar üzərində qurulur, kilsə həyətində deyil. Və əgər bir ölkənin iş adamı dini simvollarla silahlanıb hakimiyyətə yürüyürsə, bu, sadəcə ambisiya deyil. Bu, dövlətin təməlini sarsıdan bir təhlükədir.
Rizvan HÜSEYNOV,
siyasi şərhçi
Ermənistanda son aylarda yaşanan hadisələr, xüsusən də Samvel Karapetyan ətrafında cərəyan edən proseslər bir daha göstərir ki, bəzi oliqarxlar hələ də siyasəti şəxsi maraqlarının davamı kimi görürlər. Antikorrupsiya Məhkəməsinin onun həbs müddətini növbəti dəfə uzatması bu fiqurun fəaliyyətinə hüquqi qiymət verilməsinin qaçılmaz olduğunu sübut edir. Karapetyanın “milli dəyərlər” pərdəsi altında qurduğu fəaliyyət əslində, hakimiyyətə qarşı məqsədli təxribatın tərkib hissəsidir. Karapetyan uzun müddətdir ki, iqtisadi gücünü siyasi təsir vasitəsinə çevirərək revanşist qüvvələri bir araya gətirməyə çalışır. O, “Öz yolumuzla” hərəkatını formal olaraq ictimai təşəbbüs kimi təqdim etsə də, bu qurumun real məqsədi hazırkı hökumətə qarşı narazılıq dalğası yaratmaqdır. Cəmiyyətin bəzi təbəqələrində yaranan sosial gərginlikdən faydalanmaq cəhdləri Karapetyanın planının əsasını təşkil edir.
Diqqəti cəlb edən məqamlardan biri də onun dini institutlardan siyasi məqsədlər naminə istifadə etməsidir. Kilsənin həyətində yayımladığı video bunun açıq göstəricisidir. Bu, sadəcə, dini duyğuların istismarı deyil, həm də dövlətlə kilsə münasibətlərinin zədələnməsi riskini artıran təhlükəli tendensiyadır. Karapetyan bu üsulla özünə “mənəvi legitimlik” qazandırmaq, eyni zamanda, hökuməti milli dəyərlərə qarşı çıxan qüvvə kimi göstərmək istəyir. Ancaq onun fəaliyyəti təkcə hüquqi məsuliyyət doğuran əməl deyil, həm də siyasi manipulyasiya formasıdır. Ermənistanın sabitliyi belə fiqurların siyasət meydanından kənarlaşdırılmasından keçir.
Səxavət HƏMİD
XQ