Türk dünyasında strateji əlaqələndirmə və Avrasiyada yeni güc mərkəzi quruculuğu

post-img

Azərbaycan–Qazaxıstan əməkdaşlığı postsovet məkanında inteqrasiya modelidir

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında 20 illik müttəfiqlik modelinin məntiqi davamı olmaqla yanaşı, Türk dünyasının Avrasiya məkanında formalaşdırdığı yeni strateji güc arxitekturasının da mühüm tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iki ölkənin strateji əməkdaşlığında yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Dövlət başçımızın dost və qardaş Qazaxıstana sayca səkkizinci səfəri regional sabitliyi və inkişafı Türk dünyasının geosiyasi dayaqları üzərində qurmaq məqsədini əks etdirir. İlham Əliyev və Kasım Jomart Tokayevin koordinasiyalı təşəbbüsləri Azərbaycan və Qazaxıstanın milli maraqlarını paralel şəkildə gücləndirməklə yanaşı, Avrasiya məkanında təsir imkanlarını genişləndirir. İki dövlət arasında mövcud strateji birlik regional siyasətdə aktiv aktor mövqeyini möhkəmləndirir və postsovet məkanında inteqrasiya modelinin əsas sütunlarını formalaşdırır.

İki dövlət arasında hüquqi baza artıq 170-dən çox sənədi əhatə edir və postsovet məkanında ən sistemli inteqrasiya nümunələrindən birini təşkil edir. Strateji Müttəfiqlik haqqında 20 illik müqavilə ölkələrin milli maraqlarını bir trayektoriya üzrə sinxronlaşdıraraq regionda davamlı və proqnozlaşdırıla bilən siyasət məkanını formalaşdırır. Siyasi baxımdan bu səfər iki liderin regional siyasətdə aktiv rol oynamaq niyyətini təsdiqləyir. Azərbaycan və Qazaxıstan regionda proseslərin inkişaf trayektoriyasını müəyyənləşdirən aktorlardır. Belə bir “strateji sinxronizasiya” Türk dünyasında sabitlik və inteqrasiya prosesinə töhfə verən institusional dayağın yaradılmasıdır. Deməli, Azərbaycan–Qazaxıstan tandeminin strateji planlaşdırma modeli artıq regional siyasətdə nümunəvi bir konsepsiya kimi çıxış edir.

* * *

Astanada keçirilən ikinci Ali Dövlətlərarası Şuranın iclası Azərbaycan–Qazaxıstan münasibətlərində yeni mərhələnin rəsmi simvolu, iki dövlət arasında strateji koordinasiyanın və uzunmüddətli planlaşdırmanın institusional məkanıdır. Xatırladaq kı, Şuranın ilk iclası Qazaxıstan liderinin Azərbaycana ötənilki səfəri zamanı baş tutmuşdu. Astanadakı görüş isə əlaqələrin intensivləşməsini və inteqrasiya səviyyəsinin yeni müstəviyə çıxmasını nümayiş etdirir.

İclas çərçivəsində tərəflər enerji və nəqliyyat sahələrindən çıxış edərək, iqtisadiyyatın rəqəmsallaşdırılması, “yaşıl texnologiyalar” və müdafiə sənayesində strateji mexanizmlərin qurulmasına diqqət ayırırlar. Şura, faktiki olaraq, qarşılıqlı planlaşdırma və prioritetlərin uzlaşdırılması üçün “Ali Strateji Planlaşdırma Mərkəzi” funksiyasını yerinə yetirir və Azərbaycan–Qazaxıstan mütəffiqliyinin nümunəvi koordinasiya modelini ortaya qoyur. Aydın görünən odur ki, regionda sabitlik və inkişaf, dövlətlərin maraqlarının paralel hərəkət trayektoriyasına əsaslanan uzunmüddətli planlarla təmin olunur. Azərbaycan və Qazaxıstan institutlaşdırılmış dialoq və sistemli qərarvermə vasitəsilə Türk dünyasının strateji inteqrasiyasını gücləndirirlər.

* * *

Azərbaycan–Qazaxıstan tandemi Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi baxımından da həlledici rol oynayır. Qeyd etməliyik ki, TDT artıq mədəni və humanitar əməkdaşlıq platformasından çıxaraq strateji resursların koordinasiyası, təhlükəsizlik və iqtisadi inteqrasiyanın institusional mərkəzinə çevrilir. Belə bir transformasiya Şuşa və Qəbələ zirvələri ilə də təsdiqləndi; hər iki zirvə Türk dünyasında liderlik və koordinasiya mexanizmlərinin inkişafına yönəlmiş dönüş nöqtəsi rolunu oynadı.

Azərbaycan və Qazaxıstan bu prosesdə siyasi və iqtisadi mərkəzləşməyə yönəlmiş inteqrasiya təşəbbüslərini müəyyən edir. Şuşa Bəyannaməsi türkdilli dövlətlər arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının əsas konturlarını formalaşdırdı, Qəbələ Zirvəsi isə bu strukturu iqtisadi və texnoloji inteqrasiya ilə tamamlayaraq regionun strateji güc potensialını artırdı. Qeyd etməliyik ki, TDT artıq regional və iqtisadi siyasətin formalaşmasında əsas aktor roluna yüksəlir və Qərb-mərkəzli beynəlxalq nizamın dominant mövqeyinə alternativ təqdim edən platformaya çevrilir. Təşkilat türk dövlətləri arasında koordinasiyanı gücləndirir, strateji resursların idarə edilməsində qərarvermə imkanlarını mərkəzləşdirir və suveren, çoxqütblü təsir modelini praktik olaraq formalaşdırır.

Son tədbirlərdə qəbul edilən qərarlar Türk dünyasının qlobal səviyyədə təsir imkanlarını genişləndirir. Azərbaycan və Qazaxıstan tandeminin təşəbbüsləri TDT-nin institutlaşdırılmış strukturlar vasitəsilə strateji inteqrasiya prosesini sürətləndirməsi və Türk dünyasının qlobal arenada rəqabətqabiliyyətli aktor kimi mövqeyini möhkəmləndirməsi üçün açar rolunu oynayır.

* * *

Azərbaycan və Qazaxıstanın beynəlxalq təşkilatlarda koordinasiyası regional siyasət üçün strateji əhəmiyyət daşıyır. Hər iki dövlət BMT, İƏT, ATƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi platformalarda ortaq mövqelərlə çıxış edərək regionda sabitliyi qorumaq və geniş Avrasiya məkanında balanslı təsir yaratmaq imkanlarını gücləndirir. Belə bir yanaşma Türk diplomatiyasının institusional sinerjisini formalaşdırır və qlobal arenada normativ rolu genişləndirir.

Azərbaycanın beynəlxalq məsələlərdə “Qlobal Cənub”un səsi kimi fəaliyyəti Qazaxıstanın çoxtərəfli balanslaşdırılmış siyasəti ilə uzlaşdırıldıqda postsovet məkanında yeni tipli diplomatiyanın konturlarını ortaya qoyur. Qeyd edə bilərik ki, Azərbaycan və Qazaxıstan tandeminin çoxtərəfli koordinasiyası Türk dünyasının qlobal təsir imkanlarını artırmaqla yanaşı, regional diplomatiya üçün strategiya və qərarvermə nümunəsi yaradır. İki dövlət arasındakı platforma Qərb və Şərq arasında körpü funksiyasını da icra edərək, Türk dünyasının siyasi və iqtisadi maraqlarının beynəlxalq səviyyədə daha effektiv müdafiəsini şərtləndirir.

* * *

Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlıq Avrasiya iqtisadi xəritəsinin yenidən formalaşmasına təkan verir. Orta Dəhliz layihəsi vasitəsilə Bakı və Astana yük daşımalarını optimallaşdırır və regionda nəqliyyat və logistika infrastrukturunun strateji mərkəzlərini yenidən müəyyənləşdirir.

Xəzər dənizi bu əməkdaşlığın əsas arteriyasına çevrilib. Liman infrastrukturlarının sinxron inkişafı, tranzit gəlirlərinin şaxələndirilməsi və yük dövriyyəsinin artması regionun strateji avtonomluğunu möhkəmləndirir. Hər iki ölkənin enerji və nəqliyyat siyasəti bir-birini tamamlayaraq Avropaya və dünyaya çıxış imkanlarını optimallaşdırır. Azərbaycan Qazaxıstan üçün Avropaya çıxış qapısı rolunu oynayır, Qazaxıstan isə Azərbaycan üçün Mərkəzi Asiya bazarına strateji keçid yaradır.

Dövlətlərası mütəffiqlik müasir enerji və nəqliyyat diplomatiyasının inteqrasiya olunmuş modelini təqdim edir. Beləliklə, İlham Əliyevin Qazaxıstana səfəri Türk dünyasının geosiyasi konsolidasiyasının və Avrasiya məkanında yeni güc balansının qurulmasının strateji hadisəsidir. Prezdentin səfəri göstərir ki, milli maraqların koordinasiyası və inteqrasiya edilmiş siyasət modeli regionda sabitliyin təmin edilməsində əsas rol oynayır.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığı Türk dünyasının gələcəyini strateji koordinasiya, çoxtərəfli diplomatiya və siyasi realizm prinsiplərinə əsaslanaraq qurur və Avrasiya məkanında dayanıqlı inteqrasiya və təsir arxitekturasının yaradılmasına töhfə verir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət