Bəzən qlobal siyasətdə vəziyyəti nümayiş etdirmək üçün xəritələri deyil, dövlət liderlərinin tək bir fotoşəklini göstərmək kifayətdir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri məhz belə əhəmiyyətli oldu və Avrasiyada yeni əməkdaşlıq vektorunun yarandığını nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikri "Star" qəzetində Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı ifadə edib.
Qəzetdə şənbə günü dərc olunmuş "Geosiyasətin nəbzi Astanada vurur: Orta Dəhlizin səssiz inqilabı" sərlövhəli məqalədə Orallı yazır ki, Azərbaycan və Qazaxıstan liderlərinin fotoşəkli həm də qitənin enerji və ticarətinin gələcəyini əks etdirir ki, bu da Türkiyənin strateji vizyonu ilə tam uyğun gəlir.
Türkiyəli ekspert qeyd edib ki, müasir dünyada güc balansı tankların sayı ilə deyil, dəmir yolu marşrutlarının istiqaməti ilə müəyyən edilir. “Buna görə də Orta Dəhliz nəqliyyat təşəbbüsündən daha çox, bütün qlobal sistemi dəyişdirən bir növ "geoiqtisadi manifest"dir”, -deyə o əlavə edib.
Ankaradakı universitetin dosenti bildirib: “Yeni geoiqtisadiyyat dilinin qrammatikası bu gün Bakı, Astana və Ankara tərəfindən yazılır. Onların suveren qərarları Avropa ilə Asiya arasında malların təhlükəsiz və sürətli təchizat marşrutunu formalaşdırır”.
Ekspert vurğulayıb ki, Türkiyə və Azərbaycan artıq, sadəcə, tranzit ölkələr deyil, “tranzit” termininin sinoniminə çevrilib.
Müəllif qeyd edib: “Qərb ölkələrində mərkəzləşmiş qlobal münasibətlər sisteminin tektonik layları Türk dünyasına doğru hərəkət edərək Avrasiyanın yeni xəritəsini formalaşdırır".
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

