TRIPP layihəsi bölgədə geosiyasi durumu dəyişir

post-img

Cənubi Qafqazı sülh və tərəqqiyə aparan strateji yol və kəsişən maraqlar

Prezident İlham Əliyevin təşəbbüskarlığı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda, Cənubi Qafqazın inteqrasiyasını və sülh prosesini təmin edən platformalar yaratdığını göstərir. Zəngəzur dəhlizi (TRIPP) bu baxımdan geosiyasi və diplomatik alət rolunu oynayır.

Dəhliz Azərbaycanı şərq və qərb hissələrini birləşdirərək ölkənin inzibati və iqtisadi vahidliyini gücləndirir, həmçinin regionun qlobal ticarət və enerji şəbəkələrinə inteqrasiyasına açar rolunu oynayır.

Layihə Azərbaycanın strateji mövqeyini möhkəmləndirən, diplomatik nüfuzunu artıran və regional aktorlarla qarşılıqlı asılılığı gücləndirən geosiyasi mexanizmdir. Ermənistanın baş nazir Nikol Paşinyanın xarici legitimləşməyə və beynəlxalq aktorlarla əlaqələrin qorunmasına prioritet verməsi layihənin icra tempinə birbaşa təsir göstərir. Ermənistan rəhbərliyinin daxili siyasətindəki qərarsızlıq və xarici faktorların təsiri marşrutun açılmasında gecikmələr yaradır. Paşinyanın xarici güclərlə əlaqələrə fokuslanması, eyni zamanda, daxili konsensusun formalaşmasını çətinləşdirir; nəticədə infrastruktur layihələrinin operativ icrası ləngiyir. Azərbaycan tərəfi regiondakı bu gecikmələri strateji fürsətə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı həm beynəlxalq aktorlarla effektiv əlaqələr qurur, həm də Ermənistanın passivliyini tarazlayaraq layihəni davamlı və dayanıqlı edir. Eyni zamanda, Ermənistanın gecikmələri beynəlxalq aktorların layihəyə marağını artırır. Avropa İttifaqı və ABŞ Azərbaycanın təşəbbüslərini dəstəkləyərək regional sülh və inteqrasiyanı təmin etmək imkanını dəyərləndirirlər. Bu amillər Bakının diplomatik mövqeyini gücləndirir, layihənin beynəlxalq legitimliyini artırır. Digər tərəfdən, Ermənistanın daxili siyasi çəkişmələri və xarici legitimləşməyə olan bağlılığı həm də layihənin təhlükəsizlik və iqtisadi risklərini formalaşdırır. Passivlik, iqtisadi imkanların gecikməsi və dəhlizin regional faydalarının hiss olunmaması daxili narazılıqların yaranmasına səbəb ola bilər. Nəticədə, Azərbaycan tərəfi layihəni həm iqtisadi, həm də geosiyasi baxımdan idarə edərək regional balansı qoruyur, uzunmüddətli strateji üstünlük əldə edir. “Tramp marşrutu”, eyni zamanda, regional kommunikasiya xəritəsini yenidən qurur. Azərbaycan layihəyə diplomatik və geosiyasi maraqlarla yanaşır. Prezident İlham Əliyevin məqsədi Cənubi Qafqazın sabitlik mərkəzini Azərbaycanın liderliyi ilə formalaşdırmaqdır. Dəhliz Cənubi Qafqazı Avropa və Asiya arasında yeni tranzit xəritəsinə daxil edir, ticarət, enerji və nəqliyyat axınlarını şaxələndirir. Azərbaycan diplomatik manevr imkanlarını artırır və Prezident İlham Əliyevə regional və qlobal aktorlarla eyni vaxtda əməkdaşlıq etmək imkanı verir.

***

Bu prosesdə rəsmi Ankaranın dəstəyi çoxşaxəlidir. Hərbi baxımdan Türkiyə regional müdafiə sistemlərinin və təhlükəsizlik mexanizmlərinin koordinasiyasını gücləndirir, siyasi sahədə isə Azərbaycan rəhbərliyinə diplomatik platformalarda üstünlük verir, layihənin beynəlxalq diqqət mərkəzində qalmasını təmin edir. İqtisadi sahədə Türkiyə enerji və nəqliyyat axınlarını diversifikasiya edərək Cənubi Qafqazı Avropa–Asiya ticarət xəritəsində əsas tranzit mərkəzinə çevirir.

Rəsmi Ankaranın rolu, eyni zamanda, Rusiya və İranın dominant mövqelərinə balans yaratmaq baxımından strateji əhəmiyyət daşıyır, regiondakı çoxaktorlu güc dinamikasını Azərbaycan və Türkiyənin əlverişli mövqeyinə yönləndirir. Rusiya “Tramp marşrutu”na baxışında həm tərəfdaş, həm də rəqib rolunu eyni zamanda oynayır. Moskva üçün prioritet enerji təhlükəsizliyini qorumaq və regionda hərbi-strateji balansı saxlamaqdır. Azərbaycanın təşəbbüskarlığı və layihənin beynəlxalq dəstək alması Rusiyanın tranzit üstünlüklərini məhdudlaşdıra, qlobal nəqliyyat xəritəsində mövqeyini dəyişdirə bilər. Buna baxmayaraq, Rusiya diplomatik platformalarda vasitəçilik rolunu saxlayır, layihənin icrasında strateji balans nöqtəsi axtarır.

İranın maraqları daha mürəkkəb və çoxqatlıdır. Tehranın diqqət mərkəzində Cənubi Qafqazın şimal-cənub tranzit imkanları və enerji yollarının regiona inteqrasiyası dayanır. TRIPP layihəsinin reallaşması Azərbaycanın və Ermənistanın qarşılıqlı asılılığını artırır; bu isə İranın regiona təsir imkanlarını qoruyur, lakin eyni zamanda layihənin icrasını potensial çətinləşdirir. İqtisadi baxımdan, tranzit marşrutlarının diversifikasiyası İranın birbaşa nəzarət etdiyi enerji və ticarət axınlarını zəiflədə bilər. Siyasi baxımdan isə, regiondakı güc balansı dəyişdikcə, Tehran diplomatik və strateji manevr imkanlarını yenidən qiymətləndirməli olur.

Bu üç aktorun – Türkiyə, Rusiya və İranın – Zəngəzur dəhlizinə yanaşması bir-biri ilə qarşılıqlı təsir və balans içindədir. Türkiyə və Azərbaycanın təşəbbüskarlığı nəticəsində geosiyasi əhəmiyyət daşıyan platformaya çevrilir. Rusiya və İranın mövqeləri isə marşrutun davamlılığına və regional sülh perspektivinə birbaşa təsir edir. Hər bir aktorun strategiyası layihənin uzunmüddətli dayanıqlılığını və regional inteqrasiyanı müəyyənləşdirən mühüm parametrlərdən biridir.

***

ABŞ Zəngəzur dəhlizini Cənubi Qafqazda qlobal strateji maraqlarını həyata keçirilməsi üçün kritik platforma kimi qiymətləndirir. Siyasi baxımdan, ABŞ üçün layihə regional sabitliyi qorumaq və Ermənistan–Azərbaycan münasibətlərində balans yaratmaq vasitəsidir. Paşinyanın xarici legitimləşməyə olan bağlılığı və ABŞ-ın diplomatik təsiri onun qərarvermə prosesinə birbaşa təsir edir. Bu amillər Vaşinqton üçün həm tərəflərin əməkdaşlıq etməsinə təşviq, həm də Ermənistanın daxili siyasətinə dolayısı ilə nəzarət imkanı yaradır.

İqtisadi aspektdə isə ABŞ bu marşrut vasitəsilə Avropa–Asiya ticarətinin diversifikasiyasını dəstəkləyir, bununla Rusiya və İranın tranzit üstünlüklərini azaldır, qlobal enerji təhlükəsizliyini möhkəmləndirir. ABŞ həmçinin regionda özü və tərəfdaşı üçün alternativ tranzit marşrutlarının formalaşmasında maraqlıdır. Bu da qlobal ticarət axınlarının diversifikasiyasına, Vaşinqtonun enerji və iqtisadi strategiyalarına xidmət edir. Aİ isə daha çox normativ və institusional çərçivəyə diqqət yetirir. Siyasi baxımdan, Aİ üçün layihə regional inteqrasiyanı və sülh proseslərini beynəlxalq standartlara uyğun şəkildə formalaşdırmaq vasitəsidir. Aİ Zəngəzur dəhlizini (TRIPP) diplomatik alət kimi istifadə edərək, Paşinyan rəhbərliyinə təzyiq göstərir, Ermənistanı layihəyə qoşulmağa təşviq edir və regionda stabilliyi qoruyur. İqtisadi baxımdan, Aİ ticarət və enerji axınlarının təhlükəsizliyini təmin etmək, Avropa bazarları ilə Asiya arasında yeni tranzit marşrutlarını formalaşdırmaq istəyir. Bu amillər həm Azərbaycanın, həm də Ermənistanın iqtisadi maraqlarını beynəlxalq standartlarla uyğunlaşdırır və regionun uzunmüddətli iqtisadi dayanıqlığını artırır. Bütün bunlar göstərir ki, ABŞ və Aİ-nin Zəngəzur koridoruna dəstəyi eyni amala xidmət etsə də, məqsəd və vasitələr fərqlidir.

Son olaraq qeyd edək ki, Zəngəzur dəhlizi layihəsi Cənubi Qafqazın geosiyasi matrisini köklü şəkildə dəyişdirən və regionun çoxqatlı aktorlararası qarşılıqlı asılılıq sistemini yenidən formalaşdıran strateji mexanizmdir. Bu platforma regionda iqtisadi inteqrasiyanı, diplomatik və təhlükəsizlik əlaqələrini gücləndirir, regional sülhün dayanıqlığını təmin edir. Azərbaycan isə prosesdə Prezident İlham Əliyevin strateji təşəbbüskarlığı sayəsində regionda qlobal aktorların maraqlarını tarazlaşdıran və onları layihənin reallaşmasına cəlb edən dinamik geosiyasi mərkəz rolunu oynayır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət