“Sülh şəraitində yaşamağı öyrənməliyik”

post-img

Ermənistanın baş naziri cəmiyyətə daha bir gerçək mesaj verdi

Bz tarixi qələbəmiz üçün çox ağır bədəl ödədik. Lakin qələbə qazanmaqda əsas məqsədimiz sülh idi. Bəli, nəyin bahasına olursa–olsun əldə edilən sülh bəşər tarixindəki bütün müharibələrin məntiqi sonudur. İndi biz yağıya nifrətdən və onu öldürmək arzusundan azad olan yeni nəsilləri yetişdirmək barədə düşünürük. Bəs müharibədə biabırcasına məğlub olmuş qonşumuz necə, separatizm və revanşizm kimi mərəzlərdən nə zaman qurtulacaq? Çətin, haylar üçün taleyüklü və gec-tez müsbət cavablandırılmağa məhkum sualdır.

Ermənistan cəmiyyətində bu reallığı dərk edən, dövlətin və xalqın müqəddaratının məhz bu sualdan birbaşa asılı olduğunu qəbul edən kəsimin səsləri eşidilməkdədir. Bu mesajların rəsmilərin dilindən səslənməsi isə müəyyən ümidlər yaradır.

Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycanı əldə etdikləri nailiyyətlərlə kifayətlənməməyə çağırıb. O, iki ölkə arasında sülhün artıq danılmaz fakta çevrildiyini bəyan edib və əldə olunmuş nizamlanmanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Paşinyan bu barədə dünən Milli Assambleyada 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Çıxışında daxili auditoruiyaya üvanlanan bir sıra pozitiv mesajlar verən Paşinyanın sözlərinə görə, onilliklərlə davam edən qarşıdurmadan sonra ölkə sülh şəraitində yaşamağı öyrənməlidir: “Ermənistan Respublikası sülhün mənası ilə tanış deyil, çünki o, müstəqilliyinin ilk günündən münaqişə vəziyyətindədir. Biz sülhün şərtlərinə uyğun olan adekvat qavrayış və düşüncə tərzini inkişaf etdirməliyik”.

Çıxışında reallığa adekvat yanaşma sərgiləyən Paşinyan sözlərinə onu da əlavə edib ki, hazırda hökumətin vəzifəsi sülhü institutsional və davamlı etməkdir. Onun sözlərinə görə, Azərbaycanla diplomatik kanallar və müxtəlif səviyyələrdə əlaqələr davam edir. Paşinyan Ermənistan parlamentinin sədri ilə Azərbaycan Milli Məclisinin sədri arasında keçirilən görüşləri, eləcə də hər iki ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupları arasında müntəzəm təmasları xatırladıb.

“Azərbaycanla münasibətlərimiz gündəlik həyatımızın ayrılmaz hissəsi olub. İndi yeganə fərq ondan ibarətdir ki, bu, sülh gündəmidir və Azərbaycanla sülh bizim gündəlik işimizin bir hissəsinə çevrilib", – deyən baş nazir həmçinin elan edib ki, İrəvan proqramın heç bir təfərrüatını açıqlamadan TRIPP layihəsini həyata keçirmək üçün ABŞ-la “intensiv” işləyir. Onun sözlərinə görə, layihə “region üçün yenidir” və özündə hökumətin yaxın gələcəkdə həll etməyə ümid etdiyi “bir sıra mürəkkəblikləri” ehtiva edir.

Hökumət başçısı çıxışında vurğulayıb ki, 2026-cı ilin iyun ayına təyin edilmiş parlament seçkiləri, əslində, sülh referendumudur: “Ermənistan Respublikasının vətəndaşları öz seçimi ilə sülhə sadiqliyini bir daha təsdiq etməlidir. Əks halda, ölkə münaqişə və forpostlar məntiqinə qayıtmaq riski ilə üzləşir”. Paşinyan əlavə edib ki, sülhə doğru kursun təsdiqlənməsi Ermənistan üçün müstəqillik, suverenlik və dövlətçiliyin yeni səviyyəsini ifadə edəcək.

Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə qərarını tarixi hadisə adlandıran Nikol Paşinyan İrəvanın da müvafiq addımlar atmasının vacib olduğunu deməyi də unutmayıb. Baş nazir onu da qeyd edib ki, son bir il səkkiz ay ərzində Ermənistan–Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər həlak olmayıb. İrəvanın bu gündən etibarən Türkiyədən Azərbaycana və geriyə yük maşınlarının tranzitini asanlaşdırmağa hazır olduğunu bildirən Paşinyan yük maşınlarının hərəkəti üçün Marqara–Yeqnadzor–Sisian–Qoris yolunu təklif edib. O, hazırda bunun Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variant olduğunu bildirib.

***

Yazımızın əvvəlində İrəvanın sülh çağırışlarının müəyyən ümidlər yaratdığını yazdıq. Amma biz postmünaqişə və post-müharibə səhifələrini birdəfəlik çevirə bilmərik. Çünki qonşularımıza inandığımızın və unutqanlığımızın bədəlini çox baha ödəməli olmuşuq. İntəhası, ermənilər kimi olub–keçənlərin əsarətində əbədi yaşamaq düşüncəsindən uzağıq. Onların ruhları daha çox xəyali xarakter daşısa da, bu zaman saxta tarixlərinin bataqlığında çapalasalar da, qaçqın və köçkünlərimiz, şəhid və qazilərimiz bizə fotolardan, videoxronikalardan baxarkən səhifəni çevirə, ekranı qapada bilmərik. Gələcəyə böyük planlar qurmaq barədə düşünəndə də rahatlaşmağa haqqımız yoxdur.

ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin coğrafi qonşularımızın gələcək inkişafı ilə bağlı səhv hesablama apardıqları, iqtisadi gələcəklərini və real müstəqilliklərini “böyük Ermənistan” xülyaları naminə qurban verdikləri barədə dediklərini unutmamalıyıq. İrəvan isteblişmenti də unutmamalı və daim yadında saxlamalıdır ki, məhz Azərbaycan dövlət başçısının dəqiq və strateji addımlarına əsaslanan, diqqətlə işlənmiş xarici siyasəti Ermənistanın həqiqi müstəqil ölkəyə çevrilməsinə faktiki imkan yaradıb. Bizə ümid etmək qalır ki, Ermənistan bu həlledici amili dəyərləndirəcək və nəhayət, konstitusiyasına dəyişikliklər də daxil olmaqla, qonşularına ərazi iddialarından, revanşist istəklərindən əl çəkəcək. İndiki şəraitdə hay cəmiyyəti sülh ideyalarına açıqlıq nümayiş etdirməsində nə qədər səmimi görünsə belə, bu reaksiyanın cari amillərin, o cümlədən Azərbaycana qarşı çıxmağın mümkünsüzlüyünün dərk edilməsi sayəsində formalaşdığını deməyə haqqımız var.

Bəli, biz tankların lülələrinə qızılgül keçirərkən duyğusallaşıb zəiflik göstərməməliyik. Əgər haradasa, nədə isə zəifliyə yol versək və ermənilər şanslarının yarandığını düşünməyə başlasalar, ehtiyatsızlıqdan yaxalanmaq riski ilə üzləşə bilərik. Amma bu zaman hər şeyi və hər kəsi şübhəli kimi rədd etmək də doğru seçim deyil. Sadəcə qızıl ortanı, keçilməz qırmızı xətt çəkdiyimiz zəmini toxunulmaz saxlamalıyıq. Bu gün də, gələcəkdə də...

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Bəli, Nikol Paşinyanın bu səpkili açıqlamaları, mesajları Azərbaycanın maraqlarına tam mənada cavab verir. Eyni zamanda, ona da əminəm ki, onun parmentdəki çıxışında pozitiv ton, sülhə yanaşma tərzi erməni xalqının tələblərinə də cavab verir. Ola bilsin ki, Emənistan cəmiyyətindəki sağlam düşüncəli insanlar, hakimiyyət nümayəndələri artıq başa düşürlər ki, qonşu ölkənin ərazisində vuruşmaq, qan tökmək, itkilər vermək dövlətin maraqlarına uyğun sayıla bilməz. Azərbaycan dövləti olaraq gec də olsa sübut etdik ki, əgər biz həmin təzyiqi göstərməsəydik, onlar bu gün Şuşada separatçılara parlamet binası, eləcə də digər obyektləri inşa edirdilər. Bəli, dövlətimiz və xalqımız onların beyinlərindəki illüziyaların hamısını puça çıxardı.

Paşinyanın eşitdiyimiz çıxışları Azərbaycanın atdığı diplomatik addımların birmənalı şəkildə nəticəsidir. Aydın məsələdir ki, ikitərəfli münasibətlərin pozitiv məcraya düşməsində Ağ Evin kifayət qədər böyük rolu olub. Əlbəttə ki, avqustun 8-də imzalanan Birgə Bəyannamə öz təsirini göstərməkdədir. Həm ermənilər, həm biz bu regionda normal şəkildə, qonşular kimi yaşamalıyıq. Başqa çıxış yolumuz yoxdur. Nə Azərbaycan, nə də Ermənistan Cənubi Qafqaz regionundan çıxacaq. Əgər Ermənistan rəsmiləri və cəmiyyəti artıq bu həqiqəti başa düşübsə, deməli, həm də Bakının yaratdığı reallıqdan düzgün nəticə çıxarıblar. Sülhə aparan yolda son bir neçə addımın atılmasına gəldikdə isə, düşünürəm ki, qarşı tərəf bu cür pozitiv yanaşmanı davam etdirərsə, referendumun keçirilməsi də, sülh sazişinin imzalanması da reallaşar və ondan sonra bütün məsələlər özünün müsbət həllini tapa bilər.

İmran BƏDİRXANLI
XQ



Siyasət