Heydər Əliyev: Liderin zəka və qətiyyəti

post-img

I MƏQALƏ

Müstəqil dövlətçiliyin çətin zamanları

XX əsr, ümumiyyətlə, Azərbaycan üçün çox çətin keçmişdir. Əsrin əvvəllərindən erməni terroru havadarlarının böyük yardımı ilə Qərbi Azərbaycan da daxil olmaqla Azərbaycan coğrafiyasında olmazın zülmlər törətmişlər. Bu proses SSRİ dönəmində müəyyən fasilələrlə davam etdirilmişdir. 1988-ci ildə SSRİ-də daxili böhran kəskinləşəndə Azərbaycan qarşı təcavüzkarlıq da genişlənmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bəyan edəndən sonra isə dost olmayan dairələr yeni şiddətlə dövlətçiliyimizə qarşı ədalətsiz savaşa başlamışlar. Artıq 1993-cü ilin əvvəllərinə aydın idi ki, Azərbaycan Respublikasının müstəqil olaraq mövcud olması ciddi təhdidlərlə üz-üzədir.

Tarixin bir qaydası var. Xalq ən çətin anlarda xilaskarını düzgün müəyyən edə bilirsə, müdrikdir. Azərbaycan xalqı bütün mürəkkəbliklərə, çətinliklərə, təzyiqlərə baxmayaraq, xilaskarını düzgün müəyyən etdi – təkidlə Heydər Əliyevin hakimiyyətə gəlişini tələb etdi.

Hər baxımdan çox çətin olan bir dönəmdə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi böyük cəsarət tələb edən addım idi. Ölkəni faktiki olaraq məhv olmanın cəngindən qurtarmaq lazım idi. Həmin anda şəxsiyyət, siyasət və diplomatiya ön plana çıxmışdı. Lider yalnız güclü şəxsiyyət olmamalı idi, həm də təcrübəli siyasətçi və məharətli diplomat olmalı idi.

Lakin bu keyfiyyətləri həm göstərmək, həm də dünyanı ona inandırmaq başqa bir bacarıq tələb edirdi. Çünki keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana qarşı dünyanın böyük dövlətləri olduqca qərəzli mövqe tutmuşdular və real olaraq təcavüzkarı dəstəkləyirdilər. Bunun üçün minbir bəhanə də gətirirdilər. Deməli, Azərbaycanın dövlət başçısı hər şeydən öncə lider kimi özünü təsdiq etməli idi. Reallıqda bunun nə qədər çətin bir vəzifə olduğunu anlamaq gərəkdir. Bu məsələnin iki aspekti mövcuddur.

Liderliyin iki aspekti

Birincisi, Azərbaycan rəhbərinin lider kimi müasir mərhələdə qüdrətini qəbul etdirmək zəruri şərt idi. Çünki Heydər Əliyevdən öncə respublikaya rəhbərlik edənlərin səriştəsizliyini və iradəsizliyini xarici dövlətlər görmüşdülər. Onlara elə gəlirdi ki, ümumiyyətlə, Azərbaycanda qüdrətli və siyasi-diplomatik məharəti yüksək olan lider mövcud deyil. Ona görə də ilk olaraq bu sindromu sındırmaq lazım idi.

İkincisi, Azərbaycan liderinin gücünü nümayiş etdirmək, faktiki olaraq, realpolitikada müstəqil dövlət identikliyini uğurlu formalaşdırmaqla sıx bağlı olmalı idi. Çünki diplomatiya və siyasətdə məharətin əyani sübutu dövlətin sivil kimliyini (və ya identikliyini) konkret fəaliyyətlə göstərmək gərəkdi.

Belə alınır ki, Azərbaycan dövlətinin kimliyini beynəlxalq aləmdə təqdim etmək uğurlu liderliyin ilk ciddi fəaliyyət nümunəsi olmalıydı. Bu baxımdan 1994-1995-ci illəri dövlətçiliyin özünütəsdiqi aspektində, şərti olaraq, “keçid mərhələsi” adlandırmaq olar. Öz növbəsində “keçid mərhələsi”ni iki altmərhələyə ayırmaq mümkündür.

1994-cü ilin sonlarına qədər olan mərhələ

1994-cü il sentyabrın 29-da ВМТ Вaş Məclisinin 49-cu sessiyasında çıxışında Ulu öndər Heydər Əliyev dünyaya Azərbaycanın dövlət identikliyinin baza parametrlərini bəyan etmişdir. Heydər Əliyev demişdi: “Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur”. Bu bəyanda ifadə edilən fikirlər, faktiki olaraq, ona işarə idi ki, birinci altmərhələdə Azərbaycan geniş beynəlxalq miqyasda çox güclü əks qüvvələrə özünün dövlət identikliyini qəbul etdirmək vəzifəsinin öhdəsindən gəlməli idi.

Bununla həm də müasir Azərbaycan dövlətçiliyi tarixində ciddi sınaq müddəti başlamış olurdu. Öncəki dönəmlərdən fərqli olaraq Heydər Əliyevin liderliyi ilə qarşısına ciddi məqsədlər qoymuş və müstəqil siyasət yeritməkdə qərarlı olan dövlət meydana çıxmışdı.

Onun təsdiqlərindən biri “Əsrin müqaviləsi”nin imzalanması idi. Bu müqavilə birbaşa Heydər Əliyevin liderlik əzmi, qətiyyəti və siyasi-diplomatik məharəti sayəsində baş tutmuşdu. Bunu dünyanın bütün böyük dövlətlərinin liderləri bilirdilər və həmin anlamda o hadisə həm də Ulu öndərin lider kimi özünütəsdiqinin mühüm faktı idi. Bununla Heydər Əliyev dünyaya göstərdi ki, Azərbaycan lideri ölkəyə, cəmiyyətə və dövlətə uğur gətirə biləcək başlıca qüvvədir. Bu, Azərbaycanda liderlik məktəbinin, ümumiyyətlə, dövlətin fəaliyyətində oynadığı rolun və yerin müasir mərhələdə təqdimatı idi.

1994-cü ilin sonları - 1995-ci il

1994-cü ilin sonlarından dövlət identikliyinin özünütəsdiqinin ikinci mərhələsi başlayır. Bu altmərhələ üçün xarakterik olan başlıca cəhət Azərbaycan liderinin əsas ilham mənbəyinin xalqın birliyi olduğunu nümayiş etdirməklə bağlıdır. Azərbaycan xalqının birliyi məsələsi sadə formula əsaslanmır. Azərbaycanlıların həmrəyliyinin özünəməxsus cəhətləri var və onlar sintez halında cəmiyyətin birliyini əmələ gətirirlər. Onlar azərbaycançılıq daxilində legitimləşən multikultural siyasət sayəsində əyaniləşir, sosial-mədəni praktikanın elementinə çevrilirlər.

Beləliklə, şərti olaraq keçid dövrü adlandırdığımız mərhələdə Heydər Əliyev çox mürəkkəb situasiyada və ziddiyyətli şərtlər daxilində Azərbaycan lideri kimi dövləti beynəlxalq miqyasda ləyaqətli təmsil etdi. Ümummilli lider dövlət identikliyinin başlıca parametrlərini - hüquqi, demokratik, sivilizasiyalı dövlət olmağı, BMT-nin yüksək tribunasından bəyan etdi!

Bu güclü diplomatik addımı ilə Heydər Əliyev həm də dünyanın ən güclü dövlətlərinə belə göstərdi ki, Azərbaycan Lideri milli və regional miqyasda geosiyasi vəziyyəti dəyişə bilər. Həmin hadisədən cəmi bir neçə il sonra xarici dairələr Gürcüstanda Bakı-Ceyhan neft ixracı marşrutunun reallaşmasında qondarma ekoloji problem çıxaranda Heydər Əliyev liderlik müdrikliyi ilə həmin əngəli aradan qaldırdı. Bakı-Ceyhanın neft strategiyası daxilində reallaşmasına şimal və cənubdan olan təhlükələri də eyni müdrikliklə neytrallaşdırdı və bunun sayəsində Azərbaycan tarixi bir gediş etdi.

Bütün bunlar göstərir ki, artıq 1995-ci ilə Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının identikliyini demokratik, hüquqi, sülhsevər, ədalətli və dünyanın hər bir guşəsində separatçılıqla terrorizmə qarşı duran müstəqil milli dövlət kimi müəyyən etmişdir. Bu, həmin dönəmin ən böyük siyasi-diplomatik uğurlarından biri idi.

Beynəlxalq hüquq, ədalət və humanizmə əsaslanan sülh

Ümummilli lider müstəqil Azərbaycanın dövlət kimliyini daha geniş miqyasda müəyyən etdiyini 1994-1995-ci illərdə BMT-dəki çıxışlarında göstərmişdir. Onların sırasında strateji əhəmiyyəti böyük olan bir tezis indi də olduqca aktualdır. Heydər Əliyev 1994-cü ilin payızında BMT-dəki çıxışında ayrıca vurğulamışdı: “Bizə vurulmuş bütün ziyanlara baxmayaraq, biz beynəlxalq hüquq, ədalət və humanizm əsasında erməni tərəfinə sülh təklif edirik”.

Sonrakı təcrübə göstərəcəkdi ki, reallıqda bu fikir Avrasiya məkanında dövlət sülhsevərliyinin mükəmməl konsepsiyasının baş tezisidir! İlk dəfə olaraq Heydər Əliyev müstəqil dövlətin real surətdə sülhsevərliyinin paradiqmasını yaratmışdır. Burada ziddiyyətli və mürəkkəb məqamlar çoxdur.

Bundan başqa, sözdə sülhsevərlikdən danışan liderlər az deyillər. Lakin gerçəkdən dövlətin sülhsevərliyi xüsusi konseptual yanaşma və praktiki fəaliyyət tələb edir. Heydər Əliyevin həmin fikri 1994-cü ildə ifadə etdi və sonradan o, Azərbaycanın dövlət kimi fəaliyyətində təsdiqini tamamilə tapdı! Məsələnin güclü və ibrətamiz tərəfi bundan ibarətdir.

Dövlət identikliyinin sivilizasiya konteksti

Buradan Ulu öndər müstəqil dövlətin kimliyinin sivilizasiya səviyyəsində müəyyən edilməsinə olduqca maraqlı çıxış etmişdir. Etiraf edək ki, buna bənzər addım Avrasiya məkanında yoxdur. 1994-cü il BMT Baş Məclisinin 49-cu sessiyasında Heydər Əliyev bəyan etmişdir: “Şərq və Qərb sivilizasiyasını vəhdət halında birləşdirən ölkəmizin coğrafi mövqeyindən, sosial-siyasi yönümündən və tarixi-mədəni ənənələrindən irəli gələn xüsusiyyətlər beynəlxalq münasibətlər sistemində mənim respublikamın roluna və yerinə səciyyəvi təsir göstərir. Məhz oz xüsusiyyətlərimizi başa düşərək və dəyişkiliklərin irəli sürdüyü tələbləri nəzərə alaraq biz addım-addım irəliləyərək xarici dünya ilə əməkdaşlıq binasını ucaldırıq”.

Belə alınır ki, Azərbaycan Respublikasının dövlət identikliyi milli-mədəni özəlliyə əsaslanan çoxkomponentli fenomendir. Ümummilli lider açıq surətdə ifadə etmişdir ki, müasir Azərbaycanın dövlət kimliyinin formalaşması birbaşa milli özünüdərkə, tarixinin başlıca xüsusiyyətlərinə, mədəniyyətə, sivilizasiyalar arasında oynadığı tarixi rola, beynəlxalq hüquqa, ədalətə və müasir geosiyasi gerçəkliyə əsaslanmışdır.

Sivilizasiya konteksti birbaşa dövlətin sülhsevərliyinə yol açır. Heydər Əliyevin arqumentləri çox inandırıcı və realdır.

Birincisi, Azərbaycan tarixən Şərq və Qərb sivilizasiyasını vəhdət halında birləşdirmişdir. Buna həm coğrafi mövqeyi, həm də ölkə olaraq dövlətqurma fəlsəfəsi sayəsində nail olmuşdur.

Məlumdur ki, Qərbin tanınmış strateqləri Azərbaycanı Şərqlə Qərb arasında perspektivli geosiyasi körpü adlandırmışlar. Heydər Əliyev isə məsələyə daha dərindən və tarixi əsasla yanaşır. Ulu öndər göstərir ki, məsələ yalnız geosiyasətdə deyil, ümumiyyətlə, Azərbaycan bir ideya, ölkə, dövlət və cəmiyyət olaraq dünyanın iki böyük sivilizasiyasını birləşdirən məkandır. Bu keyfiyyətdə onun mədəni, mənəvi, əxlaqi, iqtisadi, siyasi və ideoloji potensialı çox genişdir.

Eyni zamanda, Azərbaycan tarixən bu funksiyanı yerinə yetirdiyindən artıq zəngin təcrübəyə malikdir. Deməli, indiki tarixi mərhələdə Azərbaycan Respublikasının sivilizasiyaları birləşdirə bilən güc olması tamamilə realdır.

İkincisi, müasir mərhələdə Azərbaycanın “sosial-siyasi yönümündən və tarixi-mədəni ənənələrindən irəli gələn xüsusiyyətlər beynəlxalq münasibətlər sistemində” onun “roluna və yerinə səciyyəvi təsir göstərir”.

Üçüncüsü, Azərbaycan öz xüsusiyyətlərini dərindən dərk edərək və eyni zamanda, müasir dövrdə baş verən dəyişikliklərin irəli sürdüyü tələbləri nəzərə alaraq, addım-addım irəliləyir və “xarici dünya ilə əməkdaşlıq binasını” ucaldır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət