Hərbi təhlükəsizlik sahəsində Anlaşma Memorandumu hüquqi status aldı
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun ötən həftə Milli Məclisdə təsdiqlənməsi mahiyyət etibarilə iki dövlətin təhlükəsizlik doktrinalarının daha sıx uzlaşdırılması, risklərin birgə idarə olunması və müdafiə siyasətinin hüquqi mexanizmlər vasitəsilə möhkəmləndirilməsi deməkdir. Sənədin ratifikasiyası onu göstərir ki, Bakı–Ankara xəttində hərbi-strateji tərəfdaşlıq artıq emosional şüarlar müstəvisindən çıxaraq konkret öhdəliklərə, icra mexanizmlərinə və institusional çərçivəyə əsaslanan mərhələyə qədəm qoyur.
Xatırladaq ki, Anlaşma Memorandumu bu il iyulun 22-də İstanbulda iki qardaş ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Memorandumun siyasi-fəlsəfi xətti Şuşa Bəyannaməsində təsbit olunmuş müttəfiqlik konsepsiyasının praktik müstəviyə daşınmasına hesablanıb. Sənəd Azərbaycan–Türkiyə münasibətlərini ən yüksək siyasi səviyyədə müttəfiqlik formatında rəsmiləşdirən strateji sənəd kimi çıxış edir və müdafiə-təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsini dövlətlərarası kursa çevirir. Bu kontekstdə yeni Anlaşma Memorandumu bəyannamə məntiqinin icra alətlərindən biri kimi qiymətləndirilə bilər. Bəyannamə siyasi çərçivəni müəyyən edir, memorandum isə həmin çərçivə daxilində konkret fəaliyyət mexanizmlərini işə salır.
Memorandumda dolayısı ilə 1921-ci ildə imzalanmış Qars Müqaviləsinə istinad edilməsi təsadüfi deyil. Bu müqavilə bir əsr əvvəl bölgədə siyasi sərhədləri və ümumi təhlükəsizlik konturlarını müəyyənləşdirsə də, Qarabağ məsələsi həmin mərhələdə ayrıca hüquqi müstəviyə çıxarılmamışdı. 2020-ci ildən sonra yaranmış yeni regional reallıq bu mövzunu artıq mübahisə predmeti yox, fakt kimi gündəmə gətirdi. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində tarixi ardıcıllığı bərpa edərək, əvvəlki dövrdə açıq qalmış təhlükəsizlik məsələlərini müasir geosiyasi çərçivədə sistemləşdirdi. Anlaşma Memorandumu isə bu xəttin praktiki davamı kimi çıxış edərək, tarixi-siyasi irsi konkret mexanizmlərlə tamamlayır.
Sənədin ən mühüm hüquqi mesajı BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad üzərindən formalaşdırılıb. Tərəflərdən birinin silahlı təcavüzə məruz qalması halında digər tərəf fərdi və kollektiv özünümüdafiə hüququnun reallaşdırılması məqsədilə qarşılıqlı yardım öhdəliyi götürür. Bu, regional təhlükəsizlik memarlığında deklarativ əməkdaşlıq modelindən hüquqi öhdəliklərə əsaslanan mərhələyə keçidi ifadə edir. Məsələn, bölgədə hər hansı üçüncü tərəfin təxribatı nəticəsində sərhəd boyunca hərbi gərginliyin yaranması və ya strateji infrastrukturun hədəfə alınması ssenarisində tərəflər artıq situasiyanı ayrıca qiymətləndirməyəcək. Memorandum bu cür hallarda təhlükənin miqyasına uyğun olaraq birgə reaksiyanın mexanizmini öncədən müəyyənləşdirir və vaxt itkisini minimuma endirir.
Bununla yanaşı, yardım mexanizmi avtomatik xarakter daşımır. Hərbi dəstəyin göstərilməsi tərəflərdən birinin rəsmi müraciəti əsasında və milli qanunvericiliyin prosedur tələblərinə uyğun şəkildə icra olunur. Bu cür balanslaşdırılmış formul suveren qərarvermə səlahiyyətlərini qoruyur, eyni zamanda, müttəfiqlik münasibətlərinə real məzmun və hüquqi çəki qazandırır.
* * *
Sənəd 8 maddədən ibarətdir və məhz hərbi əməkdaşlıqla hərbi təhlükəsizlik məsələlərini əhatə edir. Memorandumun daha incə və strateji əhəmiyyət daşıyan məqamlarından biri məlumat mübadiləsi və hərbi kəşfiyyat əməkdaşlığına dair müddəalardır. Sənəddə təqdim olunan məzmuna əsasən, tərəflər məxfi, tam məxfi və xüsusi əhəmiyyətli kateqoriyaya aid informasiyanın qarşılıqlı paylaşılmasını mümkün sayır, bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə imkanını açıq şəkildə nəzərdə tutur. Gün kimi aydındır ki, hazırki dörvrdə aparılan müharibələrin “sinir sistemi” məhz kəşfiyyat məlumatlarıdır. Risklərin erkən aşkarlanması, hədəflərin dəqiq identifikasiyası, qərargah səviyyəsində operativ qərarvermə, hava komponentləri və PUA imkanlarının koordinasiyası məhz informasiya üstünlüyü üzərindən formalaşır.
Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin miqyası artıq klassik ixrac–idxal balansı çərçivəsindən çıxaraq strateji sahələri də əhatə edən iqtisadi platformaya çevrilib. Ticarət dövriyyəsinin yüksək dinamikası (bu ilin yanvar-oktyabr ayrlarında 4,77 milyard ABŞ dolları təşkil edib) və Türkiyə mənşəli məhsulların Azərbaycan bazarında sabit mövqeyi göstərir ki, tərəflər arasında formalaşan istehsal, logistika və maliyyə zənciri uzunmüddətli planlamaya əsaslanır. Bu isə müdafiə sənayesi kimi yüksək kapital, texnologiya və koordinasiya tələb edən sahələrdə birgə istehsalın və sənaye kooperasiyasının reallaşması üçün əlverişli institusional və iqtisadi zəmin yaradır.
Müdafiə xəttinin institusional dayanıqlığı büdcə göstəricilərində də özünü açıq şəkildə göstərir. 2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 8,7 milyard manatlıq vəsaitin nəzərdə tutulması hərbi siyasətin prioritetliyini təsdiqləyir. Bu rəqəm silahlı qüvvələrin modernləşdirilməsi, birgə təlimlərin davamlılığı, silahlanma proqramlarının ardıcıl icrası və müdafiə sənayesi layihələrinin maliyyə təminatı baxımından açıq siyasi mesaj daşıyır. Nəticə etibarilə, Anlaşma Memorandumu üçün tələb olunan resurs bazası praktik səviyyədə formalaşdırılır və sənədin formal xarakter daşımasının qarşısı sistemli şəkildə alınır.
Nəticə etibarilə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” iki qardaş ölkə arasında hərbi münasibətləri davamlı hüquqi çərçivəyə salır. Sənəd koordinasiyanı dərinləşdirən, qarşılıqlı öhdəlikləri aydınlaşdıran və müttəfiqlik münasibətlərini beynəlxalq hüququn qəbul etdiyi mexanizmlər üzərindən möhkəmləndirən yeni mərhələnin əsasını qoyur. Memorandum bir tərəfdən Şuşa Bəyannaməsində ifadə olunan müdafiə iradəsini konkret icra alətlərinə çevirir, digər tərəfdən isə təlimlərin planlaşdırılması, kəşfiyyat mübadiləsi, müdafiə sənayesi üzrə əməkdaşlıq və birgə fəaliyyət qabiliyyəti üzrə aydın və ardıcıl təhlükəsizlik məntiqi formalaşdırır.
Tacir SADIQOV
XQ

