Amnistiya dövlətin humanizm siyasətinin əsas təzahürlərindən biridir. Bu institut müəyyən dövrlərdə sosial ədalətin bərpasına, cəza siyasətinin yumşaldılmasına, məhkumların islah olunaraq yenidən cəmiyyətə qaytarılmasına xidmət edir. Amnistiya hüquqi akt olmaqla geniş dairəyə şamil olunur və cinayət hüququ sahəsində xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunan növbəti amnistiya aktı humanizm dəyərlərinin ən ali səviyyədə daim diqqətdə saxlanıldığının bariz göstəricisidir. Bu addım böyük humanist təşəbbüs olmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatı üçün də mühüm hadisədir. Belə təşəbbüslər Azərbaycan insanına verilən dəyərin, cəmiyyətdəki birlik və həmrəyliyin qorunmasına göstərilən diqqətin nümunəsidir. Milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin davamı kimi qiymətləndirilir. Eyni zamanda, amnistiya aktı dövlətin bağışlamaq iradəsini də ortaya qoyur. Törətdiyi əməldən nəticə çıxaran, peşmançılıq hissi keçirən şəxslər üçün yeni imkan, yeni ümid yaradır, cəmiyyətdə hökm sürən həmrəyliyi, milli birliyi və vahidliyi daha da gücləndirir.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində elan olunan bu amnistiya aktı Prezident İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə elan edilmiş analoji təşəbbüslər arasında əhatə dairəsinə görə ən böyüyüdür. Belə bir təşəbbüsün məhz “Konstitusiya və Suverenlik İli”ndə irəli sürülməsi Azərbaycan cəmiyyətinin qarşısında yeni səhifənin açılması deməkdir. Dövlət humanizm nümayiş etdirərək amnistiya layihəsinin əhatə edəcəyi 20 minə yaxın məhkuma bağışlanmaq imkanı yaradır. Bu cür imkanların yaradılması Prezident İlham Əliyevin siyasətində daim prioritet istiqamətlərdən biri olub. Dünəndən etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilib. Bu, ölkə tarixində ən böyük amnistiya aktı hesab olunur.
Media nümayəndələrinin iştirakı ilə dünən səhər saatlarında 4 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Orxan Qasımov bildirdi ki, Prezident İlham Əliyevin bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsidir. Sayca 13-cü olan amnistiya aktı 20 mindən çox şəxsə şamil ediləcək. O vurğuladı ki, humanizm prinsiplərinə sadiqliyin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırıb. Möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd etdi ki, amnistiya əsasən az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilir. Bundan əlavə, qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar, əlillər və sosial cəhətdən həssas qruplar amnistiya aktlarında xüsusi diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, amnistiyanın cəmiyyət üçün müsbət təsirləri çoxdur: bu hüquqi mexanizm penitensiar müəssisələrdə məhkum sayının azalmasına, dövlət xərclərinin optimallaşdırılmasına, məhkumların ailə və cəmiyyətlə əlaqələrinin bərpasına töhfə verir. Eyni zamanda, amnistiya insanlara səhvlərini düzəltmək və yeni həyata başlamaq üçün real fürsət yaradır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə çıxışında Azərbaycan dövlətinin və onun başçısının daim humanizm prinsiplərinə sadiqliyini vurğulayaraq, ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsünün həyata keçirildiyini xatırlatdı. O qeyd etdi ki, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı isə 17 mindən artıq şəxsə tətbiq edilib. Ümummilli lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, bu dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə, 71 əfv fərmanı və sərəncamla 10 162 məhkum əfv olunub, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7 060 nəfərə şamil edilib. O da vurğulandı ki, Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu amnistiya aktı da Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsdür.
Daha sonra amnistiya aktına uyğun olaraq azadlığa qovuşan şəxslərə buraxılış vərəqələri təqdim edildi. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni Dəniz Əsədova Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürünü bildirərək qeyd etdi ki, bu humanist addım sayəsində ailəsinə qovuşub. O vurğuladı ki, Prezident onun cəzasının çəkilməmiş 22 gününü bağışlayıb və digər məhbus qadınların da tezliklə azadlığa qovuşmasını arzuladı.
Üç il müddətinə azadlıqdan məhrum edilərək dəmir barmaqlıqlar arxasında cəza çəkən Əfsanə Cəfərova da cəzasının çəkilməmiş 10 ayından azad edilib. Onun sevincinin həddi-hüdudu yox idi. Əfsanə bu hadisəni özü üçün ikiqat bayram adlandıraraq sevinc göz yaşları ilə hisslərini ifadə etdi. Bildirdi ki, bağışlanmaq gələcəkdə eyni səhvləri təkrarlamamağa ciddi motivasiya yaradır. O, dövlət başçısına, onun xanımına və ailəsinə dərin minnətdarlığını ifadə etdi. Xüsusilə qadın, ana və bacı üçün məhbus həyatının çox ağır olduğunu vurğulayan Əfsanə Cəfərova qeyd etdi ki, bu cür hallar Azərbaycan qadınına yaraşmır. İnsanların çalışmalı olduqlarını, sonradan peşman olacaqları səhvlərə yol verməmələrini tövsiyə etdi. Təəssüf hissi ilə bildirdi ki, Azərbaycan qadınına məhbəs ömrü yaraşmır və valideynlər övladlarını bu yoldan qorumağa xüsusi diqqət yetirməlidirlər.
Növbəti icra prosesi Bakı İstintaq Təcridxanasında həyata keçirilib. Təcridxanada cəza çəkən 12 məhkum, yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə isə 3 məhkum azadlığa buraxılıb.
7 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin qarşısında isə əsl izdiham yaşanırdı. Bu müəssisədən 20 nəfər azadlığa çıxıb. Azadlığına qovuşan Habil Tağıyev sevincini belə ifadə etdi: “Cənab Prezident bizə ən şirin neməti bəxş etdi, ailəmizi sevindirdi. Yeni il bayramını ailəm və qohumlarımla birlikdə keçirmək imkanı yaratdı. Çalışacağıq ki, bundan sonra heç bir səhvə yol verməyək. Burada cəza çəkənlərin hamısı peşman olduqlarını bildirirlər. Allah bu taleyi heç kimə yaşatmasın”. O, cəza çəkdiyi bir il ərzində çoxlu dost və qardaş qazandığını, buradakı məhbus yoldaşlarının ona olan münasibətini heç vaxt unutmayacağını kövrələrək dilə gətirdi və bir daha bu mühitə qayıtmaq istəmədiyini qeyd etdi.
İcrası davam edəcək amnistiya aktı minlərlə ailəyə sevinc, səadət və xoşbəxtlik bəxş edəcək. Şübhəsiz ki, bundan böyük hədiyyə, insan ömrünə verilə biləcək daha dəyərli sovqat ola bilməz.
Müşfiq MİRZƏ
XQ





