II MƏQALƏ
Bundan sonrakı təhlilimizi qəzet formatının imkan verdiyi çərçivədə iki istiqamətdə aparacağıq.
Birinci istiqamət – “Azərbaycançılıq-Azərbaycançılıq məfkurəsi-Azərbaycanşünaslıq” semantik və məntiqi sahəsində Azərbaycan elmi humanitarlığının universal antropoloji konseptuallaşma imkanlarının axtarışları.
İkinci istiqamət – vurğulanan koqnitiv keçidin uğurlu olması üçün Azərbaycan elmi humanitar təfəkkürünün fəlsəfi epistemologiyasının hazırlanması perspektivlərinin müəyyən edilməsi.
“Azərbaycançılıq – Azərbaycançılıq məfkurəsi – Azərbaycanşünaslıq” semantik və məntiqi sahəsi
Maraqlı və əhəmiyyətlidir ki, “Azərbaycançılıq-Azərbaycançılıq məfkurəsi-Azərbaycanşünaslıq” semantik və məntiqi sahəsinin elmi-filoloji obrazı artıq ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyasında yaradılmışdır. Bu, uzunmüddətli tədqiqatların, böyük yaradıcılıq axtarışlarının məntiqi nəticəsidir. Həmin prosesdə müxtəlif tarixi mərhələlərdə çoxlu sayda Azərbaycan tədqiqatçıları iştirak etmişlər. Onların isimləri və verdikləri töhfələr müfəssəl şəkildə akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” (2019) adlı əsərində təqdim edilmişdir. Biz burada həmin süjetin sadəcə 3 epizoduna baxaq.
Səməd Vurğun hələ keçən əsrin ortalarında yazmışdır: “...tarixçilərimiz və ədəbiyyatşünaslarımız var qüvvələri ilə…əl-ələ verərək…Azərbaycanın ümumi tarixini, eləcə də Azərbaycan ədəbiyyatı tarixini yaratmalıdırlar”. Bu ümumi yanaşma çərçivəsində böyük şairin aşağıdakı fikirləri tədqiqi və metodoloji “koqnitiv kompas” rolu oynayır. Bunu akademik İsa Həbibbəyli çox gözəl təqdim etmişdir. S.Vurğun yazmışdır: “Ədəbiyyat tarixinin dövrləşdirilməsi öyrənilən dövrün yaradıcılıq prosesinin daxili qanunauyğunluqlarının, ədəbiyyatın başlıca ideya-bədii mərhələlərinin ümumiləşdirilməsinə, onun keyfiyyət təkamülünün…əsas ideya-bədii nailiyyətlərinin tam şəkildə açılması ideyasına xidmət etməlidir”.
Bu düşüncələrin işığında Yaşar Qarayevin aşağıdakı fikirləri də tam yerindədir: “...ədəbiyyat tariximizin bu vaxta qədərki bütün dərslərini, təcrübəsini, ənənələrini rəhbər tutsaq, onun tam və dolğun elmi tarixini yarada bilərik, millətlərin, xalqların bugünkü mənəvi-əxlaqi, bədii dəyərlər müsabiqəsində və yarışında milli mədəniyyətimizin özünü təsdiq edə bilməsinə kömək etmiş olarıq”.
Bu cür nəzəri-konseptual bazanın bir sistem kimi mövcudluğunu sübut edən digər nümunələr kifayət qədərdir. Biz bu məqamda da dərin nəzəri qatlara baş vurmadan, ümumiyyətlə, Azərbaycançılığın elmi-filoloji obrazına diqqət edək. Həmin obrazı aşağıdakı fikirlərdə aydın görürük:
“Azərbaycançılıq – milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının – maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq – milli ədəbiyyatın axarını ölkə maraqlarına doğru istiqamətləndirən mühüm ədəbi-ictimai təlimdir. Azərbaycançılıq – ədəbiyyatda əsas hədəf kimi milli-mənəvi özünüdərk və vətənpərvərlik ideyalarının parlaq bədii təcəssümüdür, xalqın hərtərəfli inkişafına xidmət edən ümummilli məfkurədir. Nəhayət, Azərbaycançılıq – ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik ideallarının təcəssümü olan əbədiyaşar təlimdir!” (İsa Həbibbəyli).
Deməli, tam əminliklə elmi-filoloji aspektdə “Azərbaycançılıq-Azərbaycançılıq məfkurəsi-Azərbaycanşünaslıq” semantik və məntiqi sahəsinin mövcudluğundan danışa bilərik.
İndi bu yanaşmanın bütövlükdə Azərbaycan bədii təfəkkürünün transformasiya tarixinə və oradan da, ümumiyyətlə, Azərbaycan elmi humanitariyasının universal antropoloji obrazının yaradılmasına proyeksiyasının gerçək nəzəri, dünyagörüşü və metodoloji kriteriyalarının, epistemoloji xüsusiyyətlərinin müəyyən edilməsi aktualdır. Yeri gəlmişkən, bu prosesdə tarixi aspekti qətiyyən nə arxa plana atmaq, nə də kənara qoymaq olmaz. Tarixilik bütün hallarda fundamental olaraq Azərbaycan mənəvi-mədəni bütövlüyünün aparıcı komponentidir. Onun ayrıca tədqiqi zəruridir. Biz burada daha çox fəlsəfi səviyyədə nəzəri-konseptual, metodoloji və bütövlükdə epistemoloji tərəfə baxırıq. Həmin prizmada başqa bir əhəmiyyətli elmi problemə nəzər salaq.
Bütövlük məsələsi
Heç şübhəsiz, Azərbaycan elmi humanitariyasının universal antropoloji obrazının yaradılması fəlsəfi-elmi proses kimi mürəkkəb fenomendir. O cümlədən, yuxarıda vurğuladığımız çox mühüm nəzəri-konseptual və metodoloji-dünyagörüşü xüsusiyyətlərindən də ümumi olan universal yanaşmanın hazırlanması tələb olunur.
Burada ilk addım Azərbaycan bədii təfəkkürünün “vahid, ümumi, bütöv bir manifest və yaddaş” (Y.Qarayev) kimi qəbul edilməsi ilə bağlıdır. Buradan ikinci mərhələyə ideya və yanaşma keçidi vardır: “Mənəvi mədəniyyət...yalnız vahid, ümumi, bütöv bir manifest və yaddaş tanıyır” (Y.Qarayev). Nəhayət, bitkin konseptuallıq və onun sosial funksionallığının kəsilməz olaraq aktuallaşdırılmasının “toplumsal, tarixi və ideoloji çərçivəsi”: “Tarix boyu həmişə dövlət və elm (sənət, poeziya) milli şüurun və yaddaşın keşiyində qoşa dayanıb” (Y.Qarayev).
Buradan akademik İ.Həbibbəyli Y.Qarayevin fikirlərini sintez edərək, yanaşma bütövlüyünü konseptual səviyyədə təmin etməli olan metodoloji prinsiplərlə bağlı mühüm nəticələr çıxarır.
Birincisi, “bütövlük...köklə zirvə arasında vəhdətdən başlayır”, ikincisi, “bütövlük həmin vəhdətin sabitliyi ilə təmin olunur”, üçüncüsü, “kök Azərbaycanın zəngin ədəbi keçmişidir, Azərbaycanda (Şərqdə) iki min illik tərəqqinin milli-mənəvi tarixi irsi, bədii, fəlsəfi-estetik dəyər və sərvətidir”, dördüncüsü, “zirvə – çağdaş suveren milli təfəkkürdür, istiqlal şüurudur, müstəqillik mentaliteti və statusudur”.
Burada, təbii ki, “kök” və “zirvə” ideya obrazıdır. Əsas məsələ isə bütövlükdə Azərbaycan mənəvi-mədəni kimliyinə bütöv kimi baxmaqdan ibarətdir. Onun xüsusiyyətlərindən biri həmin bütövlüyün Azərbaycan elmi humanitariyasının universal antropoloji gerçəkliyə çevrilməsinin təməl şərti olması ilə bağlıdır. Həmin kontekstdə “zəngin ədəbi keçmişlə” “çağdaş suveren milli təfəkkür, istiqlal şüuru, müstəqillik mentaliteti və statusu”nun vəhdətinin təmini çox aktual nəzəri problem təsiri bağışlayır. Çünki əgər söhbət əsaslı elmi yanaşmadan gedirsə, onda müasir elmi kriteriyalarla “milli mənəvi-mədəni irs”lə çağdaş suveren milli təfəkkür, istiqlal şüuru, müstəqillik mentaliteti və statusu” arasında daxili məzmun və məntiqi əlaqənin Azərbaycanşünaslıq kontekstində elmi obrazını yaratmalıyıq. Bu obraz üzvi surətdə müasir Azərbaycan elmi humanitariyasının konseptual obrazının yaradılmasında aparıcı rol oynamalıdır. Belə alınır ki, iki miqyasda elmi problemləri həll etməliyik.
Birincisi, elmi-filoloji müstəvidə mövcud olan və Azərbaycanşünaslıq kontekstində aktuallaşan konseptioloji yanaşmanı ümumi elmi humanitar təfəkkür miqyasında tətbiq oluna biləcək müstəviyə proyeksiya etməliyik.
İkincisi, bu keçidi təmin edə bilən fəlsəfi mahiyyətli epistemnoloji təlimi yaratmalıyıq. Bu, faktiki olaraq Azərbaycanşünaslıq kontekstində yeni epistemoloji sistem yaratmaq anlamına gəlir!
Bədii təfəkkürün dövrləşdirilməsi və elmi humanitarlığın universallığı
Burada əslində ədəbiyyatın tarixi dövrləşdirilməsi konsepsiyasının (akademik İ.Həbibbəyli anlamında) antropoloji universal elmi humanitariyanın yaradılması üçün necə uğurlu proyeksiya olunmasının vacib idraki şərtlərinin müəyyən edilməsi nəzərdə tutulur. Bu “nəzəri-konseptual miqrasiya”nın təməl şərti yuxarıda vurğuladığımız “bütövlük meyarıdır”. Onun fonunda “Azərbaycançılıq–Azərbaycançılıq məfkurəsi–Azərbaycanşünaslıq” vəhdəti önəm kəsb edir. Bununla müasir Azərbaycan antropoloji universal elmi humanitariyasının semantik və funksional “nüfuz sahəsi” müəyyənləşir. Həmin sahə özlüyündə daha ümumi və istiqamətverici faktor – Azərbaycan üçün Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun ruhuna¸ mahiyyətinə, məzmununa və funksional hədəflərinə daxildir.
Məsələnin bu cür qoyuluşu bu mövzuda silsilə məqalələrin ana tezisini formalaşdırmağa imkan verir: yuxarıda ifadə edilən anlama konseptual keçidə nail olmaq üçün elmi-filoloji, bədii-tarixi yanaşma müstəvisini “aşaraq” (yəni transfənni keçid edərək) fəlsəfi epistemoloji yanaşma müstəvisinə “koqnitiv-metodoloji miqrasiya” edilməlidir. Qəzet formatının imkan verdiyi çərçivədə bunun izahı üzərində dayanaq.
Sinergetikada nəzəri olaraq sübut edilmişdir ki, hər hansı anlayışlar sistemi yarandığı “nəzəri ölçü” daxilində yeni mənalandırıla bilmir. Bunun üçün həmin anlayışlar sistemi daha çoxölçülü koqnitiv sahəyə proyeksiya olmalıdırlar. Bu halda yeni mənalar sistemi (və ya şəbəkəsi) yaranır ki, daha ümumi konsepsiya formalaşır.
Belə alınır ki, istənilən mövcud nəzəri konsepsiyada məna yükünə malik anlayışların daha geniş (bu anlamda nisbi universal) semantik sahədə “yeni məna” kimi özünütəsdiqi üçün mövcud olandan daha artıq “idraki ölçülərə” malik “sahəyə transfer edilməlidir” (bu ümumi tezisin fəlsəfi izahı burada imkansızdır, ona görə də onu fakt kimi qəbul edək). Lakin bizcə, ədəbiyyatın dövrləşdirilməsi konsepsiyasından bütövlükdə Azərbaycan elmi humanitariyasının antropoloji universal səviyyəyə keçidinin fəlsəfi yanaşma tələb etməsinin ümumi cizgiləri aydındır.
Digər məqam vurğulanan anlamda konseptual universallaşmanın idrak nəzəriyyəsi səviyyəsində yanaşma tələb etməsi ehtiyacı ilə bağlıdır. Bu da faktiki olaraq, Azərbaycan elmi humanitariyası üçün yeni epistemoloji sistemin hazırlanması anlamına gəlir. Aydındır ki, kifayət qədər mürəkkəb və çətin vəzifədir. Ancaq Azərbaycanşünaslıq çərçivəsində ciddi elmi yanaşmanı formalaşdırmaq istəyiriksə, başqa yol yoxdur. Azərbaycan elmi humanitariyasının universal antropoloji obrazı elə əsaslı olmalıdır ki, müasir dövrün elmilik tələblərinə tam cavab versin.
Azərbaycanşünaslığın “AMEA məktəbi”
Yuxarıda vurğulanan məqamlardan görünür ki, artıq Azərbaycanşünaslığın “AMEA məktəbi” formalaşmaqdadır (yəni proses dinamikadadır). Onun ümumi nəzəri-konseptual və metodoloji sərhədlərini AMEA prezidentinin müəyyən etdiyi yeniləşmənin I prioritet istiqamətinin semantik, funksional və məqsəd özəllikləri müəyyən edir. Bu anlamda Azərbaycanşünaslığın “AMEA məktəbi”nin əsasını akademik İsa Həbibbəylinin qoyduğunu deyə bilərik.
Eyni zamanda, bu məktəbin formalaşması prosesində AMEA-nın sosio-humanitar elmlərinin alimləri iştirak edirlər. Burada problemin tarix, fəlsəfə, sosiologiya, filologiya, folklor, şərqşünaslıq, etnologiya və etnoqrafiya, antropologiya, arxeologiya və digər aspektləri üzrə çalışan zəhmətkeş alimlərimizin qiymətli araşdırmaları yer almaqdadır. Bu mənada Azərbaycanşünaslıq Akademiyanın yeniləşmə kursu çərçivəsində sosio-humanitar elmlərarası tədqiqatın mühüm istiqamətlərindən biridir. Bizcə, faktiki olaraq bu əsasda AMEA-da fənlərarası yaradıcı tədqiqat komandasının formalaşması mərhələsinə qədəm qoyulmuşdur.
Birincisi, Azərbaycanşünaslığın ideya, metodologiya, dünyagörüşü, biliklərin alınması və ekspertizasının başlıca prinsipləri AMEA-da sistemli və davamlı olaraq işlənməkdədir.
İkincisi, vurğulanan istiqamətdə elmi tədqiqat fəaliyyətinin təşkilatın strateji inkişaf konsepsiyası və “Yol Xəritəsi” çərçivəsində ideyası, konsepti, konsepsiyası, elmi yanaşması, məntiqi əsası, praktiki tətbiqi imkanları, biliklərin ekspertizasının təşkili və bütövlükdə tədqiqat hədəflərinin AMEA-da başa çatdırılması nəzərdə tutulmuşdur.
Bu məqamların prizmasında Azərbaycan elmi humanitariyasının antropoloji universallaşmasının bir sıra ümumi fəlsəfi-epistemoloji özəlliklərinə baxmaq mümkündür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

