Bakı və Rabat arasında davamlı inteqrasiya
Azərbaycan Respublikası ilə “Məğrib” coğrafiyasının aparıcı ölkəsi Mərakeş Krallığı arasında intensiv yaxınlaşma prosesi hər iki dövlətin milli maraqlarının uzlaşmasından qaynaqlanır. Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən siyasi məsləhətləşmələrin dördüncü raundu Avrasiya ilə Afrika qitəsi arasında dayanıqlı və strateji xarakterli geosiyasi körpünün inşasının mühüm mərhələsidir. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadirinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasındakı müzakirələrin məzmunu, miqyası və hədəfləri ikitərəfli münasibətlərin dərin strateji tərəfdaşlıq müstəvisinə keçid etdiyini nümayiş etdirir.
Bakı və Rabat arasındakı siyasi dialoqun arxitekturası hər iki dövlətin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı məsələlərində nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqeyə əsaslanır. Tarixi xronologiya və siyasi təcrübə sübut edir ki, beynəlxalq hüququn mühüm norma və prinsiplərinə sadiqlik Azərbaycan–Mərakeş əlaqələrinin sarsılmaz təməl daşıdır. Mərakeş Krallığı Azərbaycan torpaqlarının işğal altında olduğu otuz illik dövrdə, həmçinin 44 günlük Vətən müharibəsi və ondan sonrakı antiterror tədbirləri zamanı rəsmi Bakının haqq işini birmənalı şəkildə dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, eləcə də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olduğu dönəmlərdə dövlətimizin mövqeyini müdafiə edən dost ölkələrdən biri olub. Buna adekvat olaraq, Azərbaycan dövləti Mərakeşin “Səhra” məsələsində suverenlik hüquqlarını tanımaqla yanaşı, Rabatın irəli sürdüyü sülh təşəbbüslərini və ərazi bütövlüyünün bərpası istiqamətindəki səylərini hər zaman dəstəkləyib.
Siyasi məsləhətləşmələr zamanı diqqət çəkən məqam, şübhəsiz ki, iqtisadi-ticari əlaqələrin intensivləşdirilməsi, mövcud potensialın reallaşdırılması və ticarət dövriyyəsinin həcminin artırılması zərurətidir. Etiraf edilməlidir ki, iki ölkə arasında mövcud ticarət dövriyyəsinin statistik göstəriciləri, tərəflərin malik olduğu real iqtisadi gücü və imkanları tam əks etdirmir. 2024-cü ilin avqust ayının 28-də ümumvətəndaş pasportu sahibləri üçün vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi barədə Sazişin qüvvəyə minməsi iqtisadi dinamikanın sürətlənməsinə, insan kapitalının hərəkətinə və işgüzar dairələr arasında birbaşa təmasların qurulmasına təkan verib.
Nəqliyyat və logistika sahəsi Azərbaycan–Mərakeş əlaqələrinin gələcək arxitekturasında xüsusi, həlledici çəkiyə malikdir. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşağına, xüsusilə Orta Dəhlizin kilid nöqtəsinə çevrilməsi Mərakeşin Şimali Afrikadakı logistik hab rolunu, Cəbəllütariq boğazındakı strateji mövqeyini mükəmməl şəkildə tamamlayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Mərakeşin dünya miqyaslı Tanjer-Med limanı arasında əməkdaşlığın qurulması, təcrübə mübadiləsi və yükdaşımaların koordinasiyası Avropa, Afrika və Asiya bazarlarına çıxış üçün alternativ imkanlar aça bilər.
Humanitar sahə, xüsusilə təhsil, elm, mədəniyyət və idman, xalqlararası ünsiyyətin dərinləşməsi cəmiyyətlərin yaxınlaşması baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan ali təhsil müəssisələrində təhsil alan mərakeşli tələbələrin sayının artırılması, diplomların qarşılıqlı tanınması, elmi-tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi və tələbə-müəllim mübadiləsi proqramlarının aktivləşdirilməsi perspektivdə “yumşaq güc” diplomatiyasının ayrılmaz tərkib hissəsidir. Xatırladaq ki, Mərakeş milli futbol komandasının son Dünya Çempionatındakı tarixi uğuru və Azərbaycanın beynəlxalq idman tədbirlərinə (Formula 1, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları) ev sahibliyi etmək sahəsindəki təcrübəsi idman diplomatiyası sahəsində də səmərəli əməkdaşlıq üçün geniş üfüqlər açır.
Çoxtərəfli platformalarda, beynəlxalq təşkilatlarda əməkdaşlıq hər iki ölkənin xarici siyasətindəki sinxronlaşmanı, mövqelərin üst-üstə düşməsini nümayiş etdirir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən qarşılıqlı dəstək siyasi məsləhətləşmələrin dördüncü raundunda xüsusilə qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə irəli sürdüyü qlobal təşəbbüslərin, xüsusilə peyvənd millətçiliyinə qarşı mübarizə və neokolonializm meyillərinin ifşası istiqamətindəki addımların Mərakeş tərəfindən dəstəklənməsi siyasi həmrəyliyin nümunəsidir. Mərakeşin Afrika İttifaqı daxilindəki nüfuzu və çəkisi, Azərbaycanın "Afrika açılımı" siyasəti üçün əvəzsiz vasitədir.
Budəfəki siyasi məsləhətləşmələr zamanı Azərbaycan tərəfinin postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırması, informasiya müharibəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Mina təhdidləri, urbisid və ekosid cinayətləri, həmçinin Ermənistanın destruktiv siyasəti barədə detallı fakt və sübutların Mərakeş rəsmisinə təqdim edilməsi, Rabatın beynəlxalq tribunalarda və diplomatik arenalarda Azərbaycanın mövqeyini daha arqumentli və qətiyyətlə müdafiə etməsinə şərait yaradacaq.
Yaxın gələcəkdə Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında İkitərəfli Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi və komissiyanın işinin aktivləşdirilməsi gözlənilir. Komissiyanın fəaliyyətinin intensivləşməsi imzalanması nəzərdə tutulan yeni sənədlərin, sazişlərin və memorandumların hüquqi bazanı daha da möhkəmləndirməsinə xidmət edəcək. Ehtimal olunan ssenarilərdən biri də, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin dərinləşməsidir. Hərbi təhsil, təhlükəsizlik orqanları arasında informasiya mübadiləsi, kibertəhlükəsizlik və terrorizmlə mübarizədə birgə fəaliyyət, gələcək gündəliyin əsas maddələri ola bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, çoxvektorlu xarici siyasət strategiyası Azərbaycanın ənənəvi tərəfdaşları ilə yanaşı, İslam dünyasının, Ərəb Liqasının və Afrika qitəsinin nüfuzlu dövlətləri ilə də əlaqələri maksimum səviyyəyə çatdırmağı, yeni dostlar və müttəfiqlər qazanmağı hədəfləyir. Mərakeş Krallığı məhz belə etibarlı, nüfuzlu və strateji əhəmiyyətli tərəfdaşlardan biridir. Qarşıdakı dövrdə şahidi olacağımız yüksək səviyyəli qarşılıqlı səfərlər, parlament sədrlərinin təmasları və reallaşacaq irimiqyaslı iqtisadi layihələr bu proqnozun doğruluğunu əyani şəkildə nümayiş etdirəcək.
Mərakeş nümayəndə heyətinin səfər çərçivəsində keçirdiyi digər görüşlər "ASAN xidmət" mərkəzləri ilə tanışlıq və Azərbaycan brendi olan dövlət xidmətləri modelinin Mərakeşdə tətbiqi perspektivləri də xüsusi qeyd edilməlidir. İdarəetmə sahəsində innovasiyaların transferi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq iki ölkəni texnoloji cəhətdən də yaxınlaşdırır. Mərakeş tərəfinin "ASAN xidmət" təcrübəsinə olan yüksək marağı yaxın gələcəkdə müvafiq anlaşma memorandumunun imzalanması ilə nəticələnə bilər ki, sözügedən sənəd institusional əməkdaşlığın yeni səhifəsi olacaq. Dini tolerantlıq, multikulturalizm ənənələrinin qorunması, radikalizmlə ideoloji mübarizə sahəsində din xadimlərinin, ilahiyyatçıların əməkdaşlığı, təcrübə mübadiləsi, cəmiyyətlərin sağlam inkişafı üçün vacibdir. Qafqaz Müsəlmanları İdarəsi və Mərakeşin müvafiq dini qurumları arasında əlaqələrin intensivləşməsi İslam dünyasında həmrəyliyin güclənməsinə töhfə verəcək.
Mərakeşlə qurulan körpülər Azərbaycanın qlobal nüfuzunun, artan gücünün və beynəlxalq aləmdəki etibarlı tərəfdaş imicinin göstəricisidir.
Yusif ŞƏRİFZADƏ
XQ

