Əməkdaşlıqdan tərəfdaşlığa keçidin siyasi anatomiyası

post-img

ABŞ – Azərbaycan münasibətləri qarşılıqlı maraqlara söykənən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Prezident İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanatlar siyasi analitik prizma ilə baxıldıqda ABŞ–Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin siyasi kodlarını ehtiva edir. “Biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək” ifadəsi dəyişən qlobal konfiqurasiyada ABŞ-ın Cənubi Qafqazla bağlı yenilənən baxışının verbal ifadəsidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Vens tərəfdaşlığı konkret funksional nəticələr üzərindən əsaslandırır: sülh, bazarlara çıxış, toqquşmaların qarşısının alınması və əməkdaşlıq mühiti.

İndiki məqamda məntiqi olaraq fundamental bir siyasi-analitik sual meydana çıxır: ABŞ üçün Azərbaycan bu mərhələdə ortaq dəyərləri bölüşən tərəfdaşdır, yoxsa konkret strateji funksiyaları yerinə yetirən aktor? Məhz bu sual Vaşinqton–Bakı xəttində baş verən transformasiyanın mahiyyətini anlamaq üçün açar rolunu oynayır. Təqdim olunan rəsmi diskurs və istifadə edilən anlayışlar göstərir ki, mövcud yanaşma birinci variantdan çox ikinciyə – yəni strateji funksional tərəfdaşlıq modelinə uyğundur. ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin “Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir” ifadəsi münasibətlərin şəxsi simpatiyalar və ya situativ diplomatik jestlər üzərində deyil, institusional qərarvermə və uzunmüddətli strateji planlama çərçivəsində qurulduğunu açıq şəkildə ortaya qoyur. Burada Azərbaycanın təqdimatı xüsusilə diqqət çəkir. Azərbaycan nə yalnız enerji ixracatçısı, nə də tranzit-logistika ölkəsi kimi xarakterizə olunur. Rəsmi Bakı regional sabitliyin istehsalçısı və təhlükəsizlik mühitinin formalaşmasında aktiv rol oynayan aktor kimi çıxış edir. Sülh sazişi gündəliyinin irəli sürülməsi, qarşıdurmadan əməkdaşlığa keçidi təşviq edən platformaların yaradılması və regional iqtisadi inteqrasiyanı ön plana çıxaran təşəbbüslər Bakının təhlükəsizlik anlayışını geniş mənada şərh etdiyini göstərir. Azərbaycan regional sabitliyin qorunmasında daha geniş geosiyasi balansı nəzərə alan aktor kimi dəyərləndirilir. ABŞ üçün bu kateqoriya strateji baxımdan son dərəcə əhəmiyyətlidir, çünki qlobal miqyasda Vaşinqton artıq birbaşa müdaxilə modelindən daha çox, regional məsuliyyət paylaşımı modelinə üstünlük verir. Azərbaycan bu modeldə aktiv tərəfdaş hesab edilir.

Prezident İlham Əliyevin “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur” bəyanatı isə bu prosesin qarşılıqlı şəkildə dərk edilən və şüurlu şəkildə qəbul olunan siyasi xətt olduğunu göstərir. Burada “yeni mərhələ” anlayışı münasibətlərin strukturunda baş verən dəyişikliklərin konseptual ifadəsidir. Əvvəlki illərdə müşahidə olunan dalğalı, bəzən ziddiyyətli və fraqmentar xarakter daşıyan münasibətlər getdikcə çoxşaxəli, sistemli və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunur. Həmin dövrdə münasibətlərin qeyri-sabitliyi əsasən strateji baxışların üst-üstə düşməməsi, qarşılıqlı gözləntilərin aydın institusional çərçivəyə salınmaması və regiona dair yanaşmaların fərqli prioritetlər üzərində qurulması ilə bağlı idi.

Əvvəlki mərhələdə ABŞ regiona daha çox normativ və ideoloji prizma ilə yanaşır, Cənubi Qafqazı demokratik transformasiya və konfliktlərin idarə edilməsi kontekstində qiymətləndirirdi. Azərbaycan isə öz təhlükəsizlik gündəliyini, ərazi bütövlüyü məsələsini və enerji strategiyasını prioritet hesab edərək, daha praqmatik və suverenlik mərkəzli siyasət yürüdürdü. Xüsusilə təhlükəsizlik, antiterror fəaliyyəti və enerji təhlükəsizliyi kimi sahələrin hazırda ön plana çəkilməsi bu münasibətlərin klassik ikitərəfli diplomatiya çərçivəsini aşdığını göstərir. Mövcud istiqamətlər qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz elementləri kimi çıxış edir. Azərbaycanın bu arxitekturaya inteqrasiyası onun qlobal miqyasda funksional tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Bu mərhələdə analitik məntiq bizi daha mürəkkəb və çoxqatlı ikinci suala gətirib çıxarır: formalaşmaqda olan ABŞ–Azərbaycan yaxınlaşması regionda həqiqi və dayanıqlı sülhün əsasını qoya biləcəkmi, yoxsa bu proses yeni geosiyasi balansların qurulmasında funksional alət rolunu oynayacaq? Əslində, sualın cavabı sadə ikili seçimdən ibarət deyil, çünki müasir beynəlxalq münasibətlər sistemində sülh anlayışı artıq klassik mənada münaqişənin tam yoxluğu demək deyil, sülh hazırda idarə olunan sabitlik kimi başa düşülür. Dövlətlər və beynəlxalq aktorlar üçün sülh strateji hesablamaların nəticəsidir. Bu da onu göstərir ki, sülh mühitinin qorunması üçün güc balansının düzgün qurulması, təhlükəsizlik arxitekturasının funksional olması və regional aktorların məsuliyyət paylaşımı vacib şərtə çevrilir.

* * *

ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin “Əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq” fikri normativ baxımdan optimist səslənsə də, siyasi analitik baxış bu ifadənin alt qatında daha dərin məzmunun dayandığını göstərir. Burada söhbət regional güc balansının yenidən konfiqurasiyasından gedir. Əmin-amanlıq bu kontekstdə ideallaşdırılmış sülh modeli deyil, böyük güclərin maraqları ilə regional aktorların imkanları arasında tarazlıq yaradan sabitlik formasıdır. İdarə olunan sabitlik o zaman mümkün olur ki, regionda əsas aktorlar arasında qarşılıqlı maraqlar balanslaşdırılsın, təhlükəsizlik boşluqları formalaşmasın və təsadüfi eskalasiya riskləri minimuma endirilsin. ABŞ bu sabitliyin formalaşdırılmasında Azərbaycanın rolunu ön plana çəkməklə, regionda nəzarətsiz eskalasiya risklərini azaltmağa çalışır. Bu yanaşma Vaşinqtonun birbaşa müdaxilə yükünü minimuma endirmək və regional məsuliyyəti yerli, lakin etibarlı tərəfdaşlarla bölüşmək strategiyasına uyğun gəlir. Azərbaycan bu konfiqurasiyada sabitliyin istehsalçısı və daşıyıcısı kimi mövqeləndirilir.

Prezident Donald Tramp və Prezident İlham Əliyevin liderliyi ilə “daha güclü və daha yaxşı münasibətlər” perspektivinin xüsusi vurğulanması onu göstərir ki, tərəflər mövcud vəziyyəti strateji gələcəyinin birgə dizaynına cəhd edirlər. Təbii ki, yeni mərhələnin mərkəzində enerji təhlükəsizliyi dayanır, çünki enerji eyni zamanda geosiyasi təsir alətidir. Bununla yanaşı, terrora qarşı mübarizə və regional kommunikasiya xətlərinin təhlükəsizliyi də bu strategiyanın ayrılmaz komponentləridir. Həmin komponentlər bir yerdə Azərbaycanın regionda geosiyasi qovşaq rolunu daha da möhkəmləndirir. Qeyri-dövlət aktorları, transsərhəd terror şəbəkələri və hibrid təhdidlər regionda sabitliyi ən azı açıq hərbi qarşıdurmalar qədər sarsıda bilən amillərə çevrilib. Bu təhdidlərin mövcudluğu sülhün təhlükəsizlik risklərinin sistemli şəkildə idarə olunması ilə mümkün olduğunu göstərir. Terrora qarşı mübarizə həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyır. Terror şəbəkələri üçün zəif idarə olunan ərazilər və nəzarətsiz kommunikasiya xətləri logistika, maliyyə və insan resurslarının ötürülməsi baxımından əlverişli mühit yaradır. Regional kommunikasiya xətlərinin təhlükəsizliyi isə geosiyasi sabitliyin əsas dayaqlarından biridir. Enerji kəmərləri, nəqliyyat dəhlizləri və logistika marşrutları regionlar arasında qarşılıqlı asılılıq yaradır və bu asılılıq münaqişə risklərini azaldan mühüm mexanizmə çevrilir

Təqdim olunan bəyanatlar diplomatik nəzakət çərçivəsini aşaraq, postmünaqişə mərhələsində Azərbaycanın beynəlxalq sistemdə tutduğu yerin yenidən tərif edilməsi prosesinin siyasi manifestinə çevrilir. ABŞ–Azərbaycan münasibətləri bu mərhələdə maraqların koordinasiyası və strateji funksiyaların paylaşılması üzərində qurulan yeni siyasi modelə doğru irəliləyir.

Sonda qeyd edək ki, ikitərəfli ABŞ–Azərbaycan modeli region üçün həm yeni imkanlar açır, həm də yeni geosiyasi reallıqlar formalaşdırır. Bu reallıqlar artıq Cənubi Qafqazı idarə olunan sabitliyin və strateji əməkdaşlığın platforması kimi təqdim edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət