Tramp və müttəfiqləri qlobal sabitliyin yeni formulunu yazır
Vaşinqtonda keçirilən və dünya siyasətində “Pax Americana”nın yenilənmiş forması kimi dəyərləndirilən Sülh Şurası görüşü müasir beynəlxalq münasibətlər sistemində əsaslı dönüş nöqtəsidir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən, Şərq və Qərb yarımkürələrinin ən nüfuzlu liderlərini bir araya gətirən məzkur zirvə görüşü ənənəvi beynəlxalq təsisatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının funksionallığını itirdiyi dövrdə alternativ qlobal idarəetmə mexanizmi təklif edir. Ağ Evin ev sahibliyi etdiyi toplantıda səslənən bəyanatlar, iştirakçıların tərkibi və müzakirə edilən sənədlər onu deməyə əsas verir ki, dünya nizamı artıq praqmatik maraqlar, konkret nəticələr və güclü liderlərin şəxsi razılaşmaları əsasında formalaşır.
Prezident Trampın “Sülh Şurası istənilən ölkəyə açıqdır“ bəyanatı və ardınca səsləndirdiyi “Biz, həqiqətən yaxşı iş görürük, səkkiz münaqişəyə son qoyulub” fikri mövcud administrasiyanın konfliktlərin həllinə yanaşma metodologiyasını nümayiş etdirir. Doqquzuncu münaqişənin həlli ilə bağlı səslənən “daha çətin oldu” etirafı isə diqqətləri dərhal Cənubi Qafqaz regionuna və Yaxın Şərqə yönəldir. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda nümayiş etdirdiyi strateji mövqe və Sülh Şurası sammitində iştirakı rəsmi Bakının qlobal statusunu təsdiqləyən bariz göstəricidir.
Donald Trampın “səkkiz münaqişəyə son qoyduq” bəyanatının arxasında duran ən uğurlu nümunələrdən biri Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllidir. İlham Əliyev fenomenal diplomatik gedişləri və qətiyyətli hərbi-siyasi addımları sayəsində regionda onilliklər boyu davam edən işğala son qoyaraq Cənubi Qafqazda yeni reallıq yaratmağa nail olub. Trampın vurğuladığı sülh prosesi, sadəcə, atəşkəs sənədi imzalamaqla məhdudlaşmır, eyni zamanda, regionun qlobal nəqliyyat və logistika mərkəzinə çevrilməsini nəzərdə tutur. Azərbaycan liderinin siyasi iradəsi nəticəsində reallaşan layihələr Şərq və Qərb arasında etibarlı körpü rolunu oynayır. Bu amil Vaşinqtonun Bakıya olan strateji marağını artırır. Prezident Trampın İlham Əliyevi “əla lider” adlandırması və onunla şəxsi dostluq münasibətlərinə işarə etməsi Azərbaycanın suverenliyinə və müstəqil siyasətinə verilən ən yüksək qiymətdir. Həmin kontekstdə diqqət yetirilməli olan digər mühüm məsələ Qəzza sektorundakı vəziyyətin tənzimlənməsidir. Trampın qeyd etdiyi səkkiz münaqişə siyahısında Yaxın Şərq düyününün açılması xüsusi yer tutur. Qəzza sektoru Fələstin ərazisinin dar hissəsidir və burada uzun illər ərzində əsasən HƏMAS hərəkatı hakim mövqedə olub. Geosiyasi baxımdan Aralıq dənizi sahilində yerləşən ərazi İsrail ilə sərhədlərə malikdir və Təl-Əviv təhlükəsizlik mülahizələri səbəbindən bölgəni ciddi şəkildə nəzarətdə saxlayırdı. Lakin son dövrlər baş verən proseslər və Sülh Şurasının təşəbbüsləri nəticəsində Qəzzada hərbi qarşıdurma fazası yerini siyasi və humanitar bərpa mərhələsinə verib. Qəzza sektorunda baş verən siyasi, humanitar və təhlükəsizlik problemləri İsrail və Fələstin arasında uzun illər davam edən münaqişənin tərkib hissəsi olsa da, Tramp administrasiyasının yeni yanaşması ənənəvi həll metodlarından köklü şəkildə fərqlənir.
Mövcud yanaşmanın əsasını iqtisadi rifahın təhlükəsizlik üçün zəmin yaratması ideyası təşkil edir. Sülh Şurasının təklif etdiyi plan çərçivəsində Qəzza sektorunun tamamilə yenidən qurulması, beynəlxalq investisiyaların cəlb edilməsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Humanitar fəlakətin qarşısını almaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi körfəz ölkələrinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr bölgəni terror yuvasından turizm və ticarət mərkəzinə çevirmək məqsədi daşıyır. Təhlükəsizlik məsələlərində isə İsrail ordusunun birbaşa iştirakı əvəzinə, region ölkələrinin və beynəlxalq müşahidəçilərin cəlb olunduğu yeni mexanizm tətbiq edilir. Trampın “biz həqiqətən yaxşı iş görürük” ifadəsi, məhz Qəzzada əldə edilən həssas, lakin ümidverici sabitliyə işarədir. Məqsəd Fələstin xalqına layiqli həyat şəraiti təmin etməklə yanaşı, İsrailin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaqdır. Burada əsas məqam odur ki, radikalizmin kökünü kəsmək üçün hərbi güc tətbiqi ilə yanaşı, təhsil, səhiyyə və infrastruktur layihələrinin paralel şəkildə həyata keçirilməsi zəruridir. Trampın doqquzuncu münaqişə barədə söylədiyi fikirlər isə analitik dairələrdə Ukrayna müharibəsi kimi təfsir olunur. ABŞ Prezidentinin “düşünürdük o, ən asanı olacaq, amma daha çətin oldu” etirafı müasir müharibələrin proqnozlaşdırılmasının nə qədər mürəkkəb olduğunu göstərir. “Müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən” tezisi, realpolitik məktəbin klassik nümunəsidir. Doqquzuncu münaqişənin həlli Sülh Şurasının ən böyük sınağı hesab olunur. Lakin toplantıda iştirak edən liderlərin həm Rusiya, həm də Ukrayna tərəfi ilə olan əlaqələri, vasitəçilik missiyasının uğurla nəticələnəcəyinə dair ümidləri artırır.
Donald Trampın yaratdığı Sülh Şurası İkinci Dünya müharibəsindən sonra formalaşmış və hazırda iflic vəziyyətinə düşmüş beynəlxalq təşkilatlara alternativ güc mərkəzi kimi çıxış edir. Beynəlxalq hüququn ikili standartlarla tətbiq edildiyi dövrdə, Trampın liderlik etdiyi koalisiya konkret nəticələrə hesablanmış addımlar atır. Sülh Şurasının fəlsəfəsi bürokratik əngəlləri aşaraq, liderlərin şəxsi iradəsi və qarşılıqlı etimadı üzərində qurulub.
Doqquzuncu münaqişənin həlli daha çox zaman və səy tələb edəcək, lakin Sülh Şurasının əzmi və iştirakçı liderlərin siyasi iradəsi bu çətinliyin də öhdəsindən gəlməyə imkan verəcək. Trampın bəyanatı onu göstərir ki, dünya artıq vahid mərkəzdən idarə olunan sistemdən çoxqütblü əməkdaşlıq sisteminə keçid edir. Həmin sistemdə əsas söz sahibi xalqının dəstəyini qazanmış güclü liderlərdir. Məhz buna görə Tramp burada olanları “əla insanlar” və “əla liderlər” adlandırır. Onların hər biri tarixin gedişatını dəyişmək gücünə malik şəxsiyyətlərdir.
Donald Trampın rəhbərliyi ilə formalaşan Sülh Şurası və onun Azərbaycan kimi etibarlı tərəfdaşları dünyanı daha təhlükəsiz və firavan gələcəyə aparan yolda həlledici rol oynayacaq. Səkkiz münaqişənin sona çatması sadəcə başlanğıcdır və qarşıda bəşəriyyəti daha böyük uğurlar gözləyir. Trampın bəyanatındakı nikbinlik və liderlərə olan inam, qlobal çağırışların həllində kollektiv səylərin vacibliyini bir daha təsdiqləyir. Sülh Şurasının qapılarının hamı üçün açıq olması sülh naminə əməkdaşlığın alternativsiz olduğunu göstərir. Bu prosesdən sonra baş verə biləcək hadisələr zəncirində iqtisadi inteqrasiyanın dərinləşməsi, sərhədlərin ticarət, turizm üçün daha şəffaf olması və mədəniyyətlərarası dialoqun güclənməsi gözlənilir. Sülhün dividendindən faydalanan xalqlar keçmiş düşmənçilikləri unudaraq gələcəyə baxmaq imkanı əldə edəcəklər. Dünya birliyi artıq quru bəyanatlardan yorulub və konkret nəticələr tələb edir ki, bunu da məhz Sülh Şurası təmin edir. Donald Trampın praqmatizmi, İlham Əliyevin strateji zəkası və digər liderlərin təcrübəsi birləşərək qlobal sabitliyin yeni formulunu yaradır.
Yusif ŞƏRİFZADƏ
XQ

