Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Cənubi Qafqazda yeni inteqrasiya və nəqliyyat dəhlizləri mərhələsi başlayıb. ABŞ-ın regionda artan fəallığı qlobal proseslərin tərkib hissəsi kimi qiymətləndirilir və bu maraq mövcud mərhələdə regional əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verən amillərdəndir. ABŞ-ın regiona yanaşması beynəlxalq ticarət yollarının təhlükəsizliyi, enerji marşrutlarının şaxələndirilməsi və qlobal bağlantıların gücləndirilməsi ilə bağlıdır.
Ankara Siyasi Araşdırmalar Mərkəzinin eksperti Cenk Tamer medaiya açıqlamasında bunu bildirib.
Ekspert qeyd edib ki, ABŞ-ın xarici siyasətində praqmatik yanaşma üstünlük təşkil edir və bu yanaşma qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modellərinin formalaşmasına yönəlib. Bu kontekstdə Cənubi Qafqazda həyata keçirilən layihələr regional sabitliyin möhkəmləndirilməsi və iqtisadi imkanların genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Ekspert vurğulayıb ki, region ölkələri üçün paralel olaraq regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir: “Türkiyənin də dəstəklədiyi 3+3 platforması region dövlətləri arasında dialoq, qarşılıqlı etimad və əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm formatlardan biridir. Bu platforma regional aktorların öz aralarında koordinasiyanı artırmasına və ortaq maraqlar əsasında fəaliyyət göstərməsinə imkan yaradır”.
Cenk Tamerin sözlərinə görə, yeni geosiyasi şəraitdə Bakının həyata keçirdiyi balanslı və çoxtərəfli diplomatiya xüsusilə diqqət çəkir. Azərbaycan tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayıb və hazırda bu funksiyanı daha da gücləndirir. Bu amil Azərbaycanın regional və qlobal səviyyədə artan rolunu şərtləndirən əsas faktorlardandır.
“Azərbaycanın mövqeyi həm böyük güclər, həm də regional aktorlar üçün strateji əhəmiyyət daşıyır. Bu prosesdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və “bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlər regional sabitliyin qorunması baxımından mühüm rol oynayır. Məhz bu əməkdaşlıq modeli Cənubi Qafqazda qarşılıqlı anlaşmanın, iqtisadi inteqrasiyanın və uzunmüddətli sülh mühitinin formalaşmasına töhfə verir”, – deyə ekspert diqqətə çatdırıb.


