Müdafiə sənayesində strateji sinerji

post-img

Azərbaycan–Türkiyə hərbi ittifaqının qlobal təsirləri

Cari il martın 4-də Ankarada Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində reallaşıb. Memorandumu Azərbaycan tərəfindən müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, Türkiyə tərəfindən isə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataş imzalayıb.

Cənubi Qafqazda yaranmış reallıqlar diktə edir ki, hərbi qüdrət, sadəcə, xaricdən silah almaqla məhdudlaşa bilməz, mütləq şəkildə daxili istehsal formalaşdırılmalı, eyni zamanda, müttəfiq dövlətlərlə dərin inteqrasiya edilmiş hərbi tədarük zənciri qurulmalıdır. Ankara ilə Bakı arasındakı strateji bağların xarakteri məhz bu amilə əsaslanır. İmzalanan memorandum yalnız hüquqi baza deyil, faktiki olaraq, iki dövlətin hərbi istehsal infrastrukturunun sinxronlaşdırılması, inteqrasiyası, ortaq texnoloji ekosistemin qurulması məqsədini daşıyır. Türkiyənin müdafiə sənayesi son onilliklərdə dəyişikliklərə məruz qalaraq idxaldan asılı vəziyyətdən texnologiya ixracatçısı statusuna qədər yüksəlib. Pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, elektron mübarizə vasitələri, uzaqmənzilli raket kompleksləri sahəsində əldə olunan nailiyyətlər qardaş ölkəni dünya hərbi sənaye iyerarxiyasında elit sıralara daşıyıb. Azərbaycanın müvafiq texnoloji inkişafdan birbaşa bəhrələnməsi, qarşılıqlı olaraq Bakının sənaye potensialının, istehsal resurslarının Ankaranın layihələri ilə inteqrasiya edilməsi müttəfiqliyin əsas fəlsəfəsini təşkil edir.

NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatında xarici asılılığın minimuma endirilməsi milli təhlükəsizliyin əsas şərtidir. Yeni dövrün müharibələri asimmetrik xarakter daşıyır. Yüksək dəqiqliyə malik silah sistemlərinə, süni intellekt alqoritmlərinə, kiberhücum müdafiə mexanizmlərinə sahib olmağın mütləq üstünlüyü görünür. Memorandum ortaq laboratoriyaların qurulmasına, innovativ prototiplərin eskizlərinin cızılmasına, hərbi texnikanın sınaq meydançalarında müştərək sınaqdan keçirilməsinə zəmin hazırlayır. Ankaranın spesifik inkişaf yolu sübut edir ki, kənar dövlətlərin sanksiya və embarqolarından qorunmağın yeganə yolu daxili istehsala arxalanmaqdır. Bakının coğrafi mövqeyi, maddi imkanları, zəngin karbohidrogen resurslarından daxil olan maliyyə vəsaitləri sözügedən sənaye sahəsini maliyyələşdirməyə geniş imkanlar açır. Hər iki tərəfin maddi, intellektual, infrastruktur resurslarının vəhdəti sayəsində yaranacaq yüksək texnologiyalı hərbi məhsullar daxili tələbatı qarşılamaqla bərabər, beynəlxalq silah bazarında rəqabətədavamlı ixraca çevriləcək.

Regional geopolitik rəqabətin intensivləşməsi fonunda Cənubi Qafqazda güc balansının qorunması mütləq şərtdir. Qarabağda tarixi Zəfərdən sonra bölgədə yaranmış yeni status-kvo davamlı təzyiqlərlə üzləşir. Fərqli qütblərdə yerləşən bəzi güc mərkəzləri bölgənin hərbiləşdirilməsi siyasətini dəstəkləyir, fəal surətdə silahlandırma prosesini həyata keçirirlər. Azərbaycan həmin asimmetrik təhdidlərə, xaricdən ixrac olunan revanşist ideologiyalara yalnız davamlı şəkildə artan daxili hərbi sənaye, modernləşdirilmiş ordu potensialı, müttəfiq dövlətlərlə qurduğu strateji koalisiyalar vasitəsilə cavab verə bilər. Cənubi Qafqaz, Yaxın Şərq, Qara dəniz hövzəsi kimi mürəkkəb konfliktogen zonalarda yerləşən iki dövlətin vahid təhlükəsizlik çətiri altında cəmləşməsi bölgədəki destruktiv ssenarilərin qarşısını alan əsas sipərdir.

Əməkdaşlığın gələcək konturları müasir savaş doktrinasına tam cavab verən yalnız havada uçan vasitələrin yox, həm də dənizüstü, sualtı, quru avtonom platformalarının yaradılmasını ehtiva edir. Qabaqcıl döyüş taktikası göstərir ki, zirehli texnika hücumları ucuz, lakin effektiv antitank dronları, kamikadze aparatları vasitəsilə asanlıqla dəf edilir. Azərbaycan ordusu bu təcrübəni real döyüş meydanında uğurla sınaqdan çıxararaq, hərb elminə innovativ yeniliklər gətirib. Səlahiyyətli mütəxəssislər dəfələrlə vurğulayıblar ki, Azərbaycanın döyüş taktikası yeni nəsil silahların layihələndirilməsində konseptual bələdçi rolunu oynayır.

Bakı və Ankaranın formalaşdırdığı təhlükəsizlik halqası Mərkəzi Asiya coğrafiyasına, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə genişlənmə potensialına malikdir. Müdafiə sənayesi sahəsində atılan təməllər gələcəkdə ümumtürk hərbi sənaye kompleksinin nüvəsini təşkil edəcək. Ankarada atılan imzalar, sadəcə, Azərbaycan–Türkiyə münasibətlərini irəliyə aparmır, geniş planda Türk dünyasının təhlükəsizlik şurasının texniki altqurumunu yaradır. Səlahiyyətli nümayəndələr arasındakı müqavilə qardaşlıq ənənələrini real sənaye gücünə çevirən katalizator kimidir. Diplomatik ənənələrdə tez-tez vurğulanan “strateji ortaq” ifadəsi əksər hallarda nəzəri mahiyyət kəsb edir. Amma Azərbaycan–Türkiyə xəttində tamamilə fərqli, əməli praktika nümayiş olunur.

Cəbhədə fərq yaradan amil metalın yox, mikroprosessorun sürətidir. Dünyada süni intellekt yarışının kəskinləşdiyi dövrdə Bakı və Ankaranın kənarda qalması yolverilməzdir. İnvestisiyaların bilavasitə mütərəqqi texnologiyalara yönəldilməsi qlobal gələcəyin fəth edilməsidir. Dünyanın aparıcı beyin mərkəzləri müasir silah ehtiyatlarının və orduların tətbiq qabiliyyətinin yeni qiymətləndirmə meyarlarını hazırlayır. Həmin meyarlarda klassik silah ehtiyatları arxa plana keçir, idarəolunan döyüş alqoritmləri irəli çəkilir. İmzalanmış razılaşma həm də tərəflərin rəqəmsal transformasiyaya keçid sürətini sinxronlaşdırmağı nəzərdə tutur. Hərbi logistikanın, təminat zəncirinin bloka alınması təhlükəsinə qarşı iki ölkə arasında alternativ rabitə vasitələrinin, quru və hava kommunikasiyasının inkişafı təsbit edilib.

Türkiyə və Azərbaycanın mühəndislik dühası tam sinxron şəkildə fəaliyyətini sürdürəcək, ölkələrimizin məğlubedilməz statusunu qoruyacaq. Məhz mövcud proses bilavasitə sarsılmaz qüdrətin yaranmasını əməli fəaliyyət müstəvisinə çıxarıb. Sözügedən sənaye rəqabəti müasir dünyada mühüm vasitədir. Texnoloji təchizatın davamlı inkişafı suverenliyimizin ali dərəcəsini sübuta yetirir. Cənubi Qafqazdakı sabitlik, Yaxın Şərqdəki tarazlıq, Avrasiya materikindəki qüdrətimiz tam şəkildə məlum intellektual inteqrasiyadan qidalanacaq. Ordu, elm, sənaye məhfumları qırılmaz vəhdətə qovuşaraq gələcəyin yenilməz qüdrətini ortaya qoyur. Qeyd edilən hərbi, iqtisadi, texnoloji inteqrasiya xətlərinin məntiqi davamı kimi fəxarətlə vurğulanmalıdır ki, Türk Dövlətləri Təşkilatının cari ildə növbəti Zirvə Görüşü Türkiyədə təşkil ediləcək. Tarixi əhəmiyyətli sammit müttəfiqliyin bütün türk dünyası üzrə genişlənməsini təsdiqləyən ali siyasi mərkəz funksiyasını daşıyacaq. Müdafiə sənayesində atılan mühüm addımlar gələcəkdə bütöv Türk coğrafiyasının təhlükəsizlik çətirini formalaşdırır. Ankaranın ev sahibliyi edəcəyi məlum Zirvə görüşü bilavasitə yaranan qüdrətli hərbi-iqtisadi platformanın bütün qardaş xalqların ixtiyarına verilməsini rəsmiləşdirəcək böyük strateji hadisəyə çevriləcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət