“Ürəyin qanı ilə” yazılan tarix

post-img

Faşizm qurbanı olmuş Belarus yazarları

Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı və Belarus Ədəbiyyat Tarixi Dövlət Muzeyinin əməkdaşlığı çərçivəsində “Ürəyin qanı ilə” adlı ədəbi-sənədli sərginin açılışı olub. Ekspozisiya 1941–1945-ci illər Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Belarus yazıçılarının xatirəsinə həsr olunub.

Açılış mərasimində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycan ilə Belarus arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O, faşizm üzərində qələbənin 80-ci ildönümü və Ədəbiyyat Muzeyinin 80 illiyi ərəfəsində təşkil olunan sərginin əhəmiyyətini qeyd edib, layihənin mədəniyyət sahəsində çalışanlar üçün böyük bayram olduğunu deyib.

Akademik bugünkü sərginin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən təşkil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan–Belarus mədəni əlaqələrinin gələcək illərdə daha da inkişaf edəcəyinə, yeni layihələrin gerçəkləşəcəyinə inamını ifadə edib.

Mərasimdə iştirak edən Belarusun ölkəmizdəki səfirinin müavini Vladimir Çuşev, Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru Sergey Usik, həmin muzeyin direktor müavini Olesya Kuznetsova və “Turpressklub” şirkətlər qrupunun sədri Anatoliy Kovalyov iki ölkə arasında mədəni əlaqələrə töhfə olan layihənin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, müxtəlif sahələrdə çalışan Belarus ədiblərinə həsr edilmiş sərgidə həmin dövrün şahidi olmuş yazıçıların müharibədə iştirakını əks etdirən əsərlər, onların mətbuat səhifələrində dərc olunmuş məqalə və yazıları təqdim olunur. Sərgilənən bütün materialların orijinal nüsxələri Belarus Ədəbiyyat Tarixi Dövlət Muzeyinin fondlarında mühafizə olunur. Sərginin açılışında elm və mədəniyyət xadimləri, Belarusun Azərbaycandakı səfirliyinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat