Amerika Birləşmiş Ştatlarının xarici siyasəti tarix boyu bir sıra dəyişikliklərə məruz qalıb, müxtəlif dövrlərdə fərqli prioritetlər əsasında formalaşıb. Bu siyasətlərin içində xüsusi yer tutan təcridçilik konsepsiyası ABŞ-ın beynəlxalq münaqişələrdən və siyasi ittifaqlardan uzaq qalmaq niyyəti ilə xarakterizə olunur. Xüsusilə, XVIII və XIX əsrlərdə formalaşan bu strategiya uzun müddət Amerika siyasətinin əsas sütunlarından biri olub. Təcridçilik, təkcə xarici siyasət deyil, həm də Amerikanın milli kimliyi və strateji təhlükəsizlik anlayışının bir parçası kimi meydana çıxıb.
Bəs təcridçiliyin ideoloji və siyasi əsasları nədən ibarətdir? Amerika təcridçiliyi ideoloji cəhətdən ölkə müstəqillik qazandıqdan sonra formalaşmağa başlayıb. 1796-cı ildə Prezident Corc Vaşinqtonun vida müraciəti bu siyasətin təməl daşı sayılır. C.Vaşinqton ABŞ-ın Avropa siyasətlərindən uzaq durmasını, daim sabit və neytral mövqe tutmasını tövsiyə edirdi: “Xarici dünyanın istənilən hissəsi ilə daimi ittifaqlardan çəkinmək bizim əsl siyasətimizdir”. Onun bu fikirləri yeni yaranmış dövlətin öz təhlükəsizliyini təmin etmək və daxili inkişafını sürətləndirmək istəyi ilə bağlı idi.
Bu yanaşma daha sonra 1823-cü ildə Prezident Ceyms Monro tərəfindən irəli sürülən Monro Doktrinası ilə siyasi mahiyyət qazandı. Monro Doktrinası Avropa dövlətlərinə ABŞ-ın qərb yarımkürəsindəki işlərinə qarışmamasını, əvəzində isə ABŞ-ın da Avropanın daxili işlərinə qarışmayacağını bəyan edirdi: “Amerika qitələri... bundan sonra heç bir Avropa dövləti tərəfindən gələcək müstəmləkəçilik subyektləri kimi qəbul edilməyəcək”. Bu doktrina Amerika təcridçiliyinin rəsmi ideoloji ifadəsi kimi qəbul olunur.
Ümumiyyətlə, XIX əsr boyunca ABŞ əsas diqqətini daxili genişlənmə və iqtisadi inkişaf məsələlərinə yönəldib. “Manifest Destiny” (Aşkar Tale) adlı ideoloji yanaşma ölkənin qərbə doğru genişlənməsini və yeni ərazilərin birləşdirilməsini qanuniləşdirirdi. Bu dövrdə ABŞ xarici siyasətdə fəallıq göstərməyərək əsasən ticarət əlaqələri və diplomatik balans siyasəti ilə kifayətlənib. ABŞ-ın hərbi-siyasi ittifaqlardan qaçması onun təcridçiliyə sadiqliyini göstərən əsas faktorlardan biri olub.
Ancaq 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi ABŞ üçün yeni bir sınaq dövrü oldu. Prezident Vudro Vilson ilk mərhələdə neytrallığı qorumağa çalışsa da, 1917-ci ildə ABŞ müharibəyə qoşuldu. Müharibədən sonra Vilson beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məqsədilə Millətlər Liqasını təşviq etsə də, ABŞ Senatı bu ideyanı qəbul etmədi və ölkə təşkilata üzv olmadı. Bu, təcridçiliyin hələ də ABŞ siyasətində güclü olduğunu göstərən mühüm göstərici idi.
1930-cu illərdə ABŞ-da təcridçilik siyasəti yenidən gücləndi. Konqres tərəfindən qəbul olunan Neytrallıq Aktları ABŞ-ın xarici münaqişələrə qarışmasının qarşısını almağı hədəfləyirdi. Lakin 1939-cu ildə İkinci Dünya müharibəsinin başlanması və xüsusilə 1941-ci ildə Yaponiyanın Pörl-Harbora hücumu ABŞ-ın bu siyasətə yenidən baxmasına gətirib çıxartdı. ABŞ müharibəyə qoşulduqdan sonra təcridçilik siyasəti faktiki olaraq sona çatdı. Bundan sonra ölkə beynəlxalq təhlükəsizlik və diplomatiyada aktiv rol almağa başladı.
Təcridçilik siyasəti rəsmi olaraq İkinci Dünya müharibəsindən sonra bitmiş olsa da, onun ideyaları müasir ABŞ siyasətində zaman-zaman yenidən aktuallaşır. Xüsusilə Donald Trampın prezidentliyi dövründə “America First” (Öncə Amerika) şüarı altında ABŞ-ın beynəlxalq təşkilatlardan çıxması və ikitərəfli razılaşmalara üstünlük verməsi təcridçiliyin yeni formasını gündəmə gətirib. Bu, ABŞ cəmiyyətində və siyasətində təcridçiliyin hələ də müəyyən təsir gücünə malik olduğunu sübut edir.
Amerika təcridçilik siyasəti uzun və mürəkkəb bir tarixi mərhələdir. Bu siyasət ABŞ-ın daxili inkişafına və təhlükəsizliyinə xidmət etsə də, qlobal dəyişikliklər və təhlükələr qarşısında zamanla yerini daha fəal və müdaxiləyə açıq xarici siyasətə verib. Təcridçilik ideyası bir dövr üçün zəruri və funksional olsa da, XXI əsrdə qloballaşan dünyada onun klassik forması ilə davam etməsi mümkün deyil. Buna baxmayaraq, ABŞ-ın beynəlxalq sistemdəki mövqeyi dəyişdikcə, təcridçilik ritorikası və yanaşması yenidən gündəmə gələ bilər. ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer bununla bağlı yazırdı: “Birləşmiş Ştatlar tarixi boyu təcridçilik və səlibçi müdaxiləçilik arasında tərəddüd edib”. Buna görə də gələcəkdə ABŞ-ın geosiyasi mövqeyi bu siyasətin yenidən aktuallaşması və ya tamamilə aradan qalxması ilə müəyyən ediləcək.
Səbuhi MƏMMƏDOV
XQ