Tədqiqatçı və ictimai xadim Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Əməkdar həkim Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə” kitabı ingilisdilli oxuculara təqdim olunub.
Müəllif arxiv sənədlərinə əsaslanaraq, Əziz Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda işlədiyi illəri ictimai dövriyyəyə yenicə buraxılmış arxiv sənədlərinə istinad edərək işıqlandırır, o dövrün hadisələrinə yeni baxış bucağından nəzər salır.
Xüsusilə, kitabda qeyd olunur ki, müharibənin qızğın vaxtında, Moskvadakı müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qoymağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü.
Belə bir “perspektiv”in qarşısının alınmasında Dağıstan Vilayət Partiya Komitəsinin I katibi Əziz Əliyevin qətiyyəti böyük rol oynayıb. Müharibə illərində və müharibədən sonra bu respublikada sürgünə səbəb olacaq heç bir neqativ fakt meydana çıxmayıb. Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmayıb.
Bu tədqiqat əsərində tariximizin bir çox gizli səhifələrinə də işıq salınıb.
XQ