Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi aprelin 23-24-də Şabran rayonunda davam etdirilib.
Əvvəlcə Şabran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sonra Şabran Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı onkologiya, kardiologiya, nevrologiya, psixiatriya, ginekologiya və endokrinologiya sahəsi üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb. İki gün ərzində ümumilikdə 700-dən artıq vətəndaşa 1100-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Qeyd edək ki, layihənin ölkəmizin digər dağ, dağətəyi və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.
XQ