“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezident Sərəncamının Azərbaycan dövlətinin media siyasətində növbəti qədirbilənlik aktı, milli jurnalistikamızın keçdiyi tarixi yola verilən yüksək dəyər olduğunu vurğulayan Mətbuat Şurasının sədri Rəşad Məcid XQ-yə açıqlamasında bildirdi:
– Azərbaycan dövləti milli mediamızın xidmətlərini həmişə yüksək dəyərləndirib. Prezident İlham Əliyevin imzaladığı 25 aprel 2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı mətbuatımızın ictimai fikir və dövlətçilik tariximizdə oynadığı rola verilən önəmin növbəti nümunəsidir. Bu sərəncam, eyni zamanda, əsası müstəqillik illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli mətbuatımızın yubileylərinin ümummilli bayram kimi keçirilməsi ənənəsinin davamlı olduğunun göstəricisidir. Belə yüksək dəyərə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm.
Prezident sərəncamında mediamızın 44 günlük müharibə zamanı, müqəddəs Zəfərimizin əldə edilməsində xüsusi rolunun vurğulanması da sənədin mühüm xüsusiyyətlərindən biridir. Əlbəttə, sənəddə mətbuatın müstəqil dövlət quruculuğu xəttində, o cümlədən, ölkədə söz azadlığı və plüralizmin dərinləşməsindəki missiyasına dəyər verilməsi də son dərəcə önəmlidir.
Onu da deyim ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı, həmçinin, yol xəritəsi mahiyyəti daşıyır. Sənəddə ölkəmizin qlobal informasiya məkanında təmsilçiliyi kimi mühüm vəzifədən, habelə dezinformasiya və sair bu sayaq mənfi meyillərlə mübarizənin vacibliyindən bəhs edilir. Düşünürəm ki, bütün bunlar jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağımızı optimallaşdırmağa imkan verir.
Azərbaycan Mətbuat Şurası sədri açıqlamasının sonunda dedi: “Əminəm ki, mediamız və jurnalistikamız üçün əlamətdar tarixlə bağlı imzalanmış mühüm dövlət sənədi bu böyük tarixə yüksək dəyərin ifadəsi baxımından yaddaqalan tədbirlərin keçirilməsi ilə yaddaşlarda qalacaq. Sərəncamda Mətbuat Şurasının da məsuliyyəti müəyyən edilib və Şura üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”.
XQ