Ulu öndərin irsi şagirdlərin gözü ilə

post-img

Zaqatalada “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda inşa müsabiqəsinin qalibləri təltif olunublar

Ulu öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən müsabiqəni Azərbaycan Yazıçılar Birliyinin Şimal–Qərb bölməsi artıq 3 ildir ki, keçirir. Müsabiqədə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında təhsil alan məktəblilər iştirak ediblər.

Heydər Əliyev Mərkəzində müsabiqəyə yekun vurulub. Mərkəzin rəhbəri Famil Rəhimov inşa yazı müsabiqəsinin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. AYB Şimal–Qərb bölməsinin sədri Əlmaniz Ələkbərli belə tədbirlərin keçirilməsinin şagirdlərin Heydər Əliyev irsinin dərindən öyrənilməsində rolu olduğunu deyib. İnşa yazı müsabiqəsinin təşkilində Şəki–Zaqatala Regional Təhsil İdarəsinin, sahə həmkarlar komitəsinin komitəsinin, YAP rayon təşkilatının dəstək göstərdiklərini vurğulayıb.

Sonra Qax şəhər 5 nömrəli məktəbin şagirdi Elcan Abbaslı Zaqatala şəhər 1 nömrəli tam orta məktəbin şagirdi İslam Qazi “Heydər Əliyev” haqqında yazdıqları şeirləri, Zaqatala şəhər 3 nömrəli məktəbin şagirdi Rasin Əkbərli “Yaşa Azərbaycan” mahnısını səsləndiriblər. Zona qalibləri – səhnəyə dəvət ediliblər.

Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Mələk Gülməmmədova 1-ci, Balakən Şəhər A. Novruzov adına humanitar və texniki fənnlər təmayüllü liseyin 10-cu sinif şagirdi Aylin Abduxaliqova 2-ci, Qax şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Aydan Məmmədova isə 3-cü yerə layiq görülüb. Zona qaliblərinə hədiyyələri şəhid ailələri təqdim ediblər.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat