Tacikistanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

post-img

Azərbaycanın Tacikistandakı səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. 

Tədbirdə Tacikistan Baş nazirinin müavini, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri Usmonali Usmonzoda, həmçinin Tacikistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri,digər diplomatlar, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək 107 il əvvəl müsəlman Şərqində qurulmuş ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti və həmin dövrdə görülmüş müstəsna əhəmiyyətli işlər barədə məlumat verib.

Səfir Azərbaycannın müstəqilliyini bərpa etdikdən sonra qazanılan uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət  nəticəsində Azərbaycanın daha da güclənməsi, siyasi, iqtisadi, hərbi cəhətdən nüfuz qazanması, sabitliyə nail olunması barədə məlumat verib.  

Diplomat çıxışında  Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, "Yeni enerji strategiyası"na uyğun olaraq enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, bərpa olunan enerji istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr haqqında söhbət açıb.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınan sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyi, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb və Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslər, ölkəmizin üzləşdiyi mina təhlükəsi barədə məlumat verilib.

Ə.Əsgərov Tacikistan Prezidentinin ötən il Azərbaycana həyata keçirdiyi dövlət səfəri zamanı xalqlarımızın iradəsini əks etdirən və qarşılıqlı fəaliyyətin demək olar ki, bütün sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasının münasibətlərimizin xarakterini, ruhunu, həmçinin Azərbaycanla Tacikistan arasında möhkəm dostluq münasibətlərinin yüksək səviyyəsini əks etdirdiyini vurğulayıb.

Səfir mayın 19-dan 22-dək Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini, Azərbaycanın mədəniyyət nazirinin rəhbərliyi ilə ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçilərinin Tacikistana səfər etdiyini qeyd edib. 

Ziyafətdə Azərbaycan musiqiləri səslənib, ölkəmizlə bağlı videoçarxlar nümayiş olunub, qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib.

 

Qulu Kəngərrli

Düşənbə

 





Sosial həyat