Media əməkdaşlığı türk dünyasının güclənməsinə xidmət edir

post-img

Türkiyə və Azərbaycan arasında media sahəsindəki əməkdaşlıq təkcə informasiyanın mübadiləsi deyil, həm də milli və strateji dəyərlərin qorunması baxımından dərin və əhəmiyyətli bir tərəfdaşlığa çevrilməkdədir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də “Türkiyə-Azərbaycan Media Platforması” çərçivəsində keçirilən və dezinformasiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş müzakirələrdir və bu mövzuda növbəti mərasim Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin  Bakıdakı Mətbuat Müşavirliyi və Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə baş tutub.

Mərasimdə hər iki ölkənin media nümayəndələri iştirak edib, dezinformasiyanın yaratdığı təhlükələr, onunla mübarizə yolları və bu sahədə iki ölkənin ortaq strategiya formalaşdırmasının vacibliyi müzakirə olunub. Müzakirələrdə STM-in İdarə Heyətinin rəhbəri, Milli Məclisin üzvü Zahid Oruc, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, eləcə də müxtəlif media qurumlarının tanınmış təmsilçiləri çıxış ediblər. Onlar “Bir millət, iki dövlət” şüarının media sahəsində daha konkret təşəbbüslərlə reallaşmasının vacibliyini vurğulayıblar. 

Zahid Oruc çıxışında qeyd edib ki, informasiya müharibələri çağında yalan məlumatın silaha çevrildiyi bir dövrdə Azərbaycan və Türkiyə kimi dost və qardaş ölkələrin informasiya təhlükəsizliyi sahəsində birgə strategiyası prioritet məsələyə çevrilməlidir. O, media əməkdaşlığının yalnız xəbər mübadiləsi ilə məhdudlaşmamalı, eyni zamanda dəyərlərin, milli maraqların və strateji mövqelərin koordinasiyalı şəkildə müdafiəsini də əhatə etməli olduğunu vurğulayıb.

Sosial mediada yalan məlumatların sürətlə yayılması, süni intellektlə yaradılan saxta məzmunlar və informasiya manipulyasiyası kimi çağırışlar fonunda ortaq media monitorinq mərkəzlərinin yaradılması təklifi də gündəmə gətirilib. Cihangir İşbilir bildirib ki, iki ölkənin mediası arasında əlaqələrin daha da inkişaf etdirilib birgə fəaliyyətini təmin etmək üçün Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində 6 komitənin yaradılması nəzərdə tutulur.

Müzakirələrin yekununda vurğulanıb ki, bu kimi tədbirlər yalnız iki ölkə arasında deyil, bütövlükdə türk dünyasında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsinə və ortaq platformaların inkişafına xidmət edir. İştirakçılar bu formatda görüşlərin davamlı keçirilməsinin, ictimaiyyətin məlumatlandırılmasının və konkret layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd ediblər.

Namiq Qədimoğlu

XQ





Sosial həyat