Özbəkistanda səfərdə olan Azərbaycanın ali təhsil müəssisələrinin bir qrup rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.
Azərbaycan təhsil nazirinin müavini İdris İsayevin başçılıq etdiyi heyətə Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Mədəniyyət Mərkəzi 2010-cu ildə yaradılıb və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzi qardaş Özbəkistanda istər Ümummilli Liderin irsinin , istər Azərbaycan mədəniyyətinin təbliği, öyrənilməsi, eləcə də iki ölkə və xalq arasında mədəni, ədəbi, elm, təhsil əlaqələrinin yaradılması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bundan əlavə Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına və s. aid çox sayda nəşr layihələri həyata keçirilir, konsert proqramları, beynəlxalq konfranslar, simpoziumlar, ustad dərsləri, sərgilər təşkil edilir. Azərbaycan mədəniyyətinin, tarixinin daha effektiv təbliğini təşkil etmək məqsədilə Mədəniyyət Mərkəzində dörd muzey – Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi, Azərbaycan Xalçaları Muzeyi və kitabxana yaradılıb, rəqs, rəsm, Azərbaycan dili kursları, eləcə də gənclərdən ibarət teatr truppası təşkil edilib.
İdris İsayev ətraflı məlumat və səmimi qarşılanmaya görə Mədəniyyət Mərkəzinə təşəkkür edib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qulu Kəngərli
Daşkənd