Qırğızıstanda “Sülh, Əmək və Xalqların Dostluğu” mövzusunda dəyirmi masa keçirilib

post-img

Qırğızıstanın paytaxtı Bişkek şəhərinə Qırğız Respublikasının Əmək, Sosial Təhlükəsizlik və Miqrasiya Nazirliyinin təşkilatçılığı ilə “Sülh, Əmək və Xalqların Dostluğu” mövzusunda  dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tədbirdə iştirak edib. 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 2025-ci ildə Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi ilə bağlı Tədbirlər Planı çərçivəsində baş tutan və TDT-yə üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi dəyirmi masada diaspor, əmək və miqrasiya sahələri ilə bağlı mövzular, xüsusilə əməkdaşlığın gücləndirilməsi məsələləri geniş müzakirə olunub.

Qonaqları salamlayan Qırğız Respublikasının Əmək, Sosial Təhlükəsizlik və Miqrasiya naziri Ravşanbek Sabirov “Sülh, Əmək və Xalqların Dostluğu” mövzusunun türk xalqları arasında dərin mənəvi və tarixi bağları əks etdirdiyini bildirib. Nazir bu mövzunun təkcə ortaq mənşə və dil ilə məhdudlaşmadığını, eyni zamanda əsrlər boyu formalaşan, güclənən mənəvi dəyərləri, qardaşlıq ruhunu əhatə etdiyini vurğulayıb. 

Tədbirdə çıxış edən komitənin əməkdaşı Şəfəq Binnətova son illərdə Azərbaycan ilə TDT-yə üzv ölkələr arasında əlaqələrin sürətlə inkişaf etdiyini, bunun isə diaspor sahəsində daha sıx və sistemli əməkdaşlıq üçün geniş imkanlar yaratdığını söyləyib. TDT ilə əməkdaşlıq çərçivəsində komitənin həyata keçirdiyi layihələr barədə məlumat verib, bu kimi tədbirlərin tərəfdaş qurumlar arasında əməkdaşlığın inkişafı üçün müsbət addım olduğunu qeyd edib.

Tədbirdə TDT-nin birinci katibi Ali Çiviler, eləcə də Qazaxıstan, Özbəkistan, Türkiyə və Qırğızıstandan olan nümayəndələr çıxış edərək fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə danışıblar.

Dəyirmi masada diaspor qurumları arasındakı əlaqələrin dərinləşdirilməsi, koordinasiyalı fəaliyyətin təşviqi və əməkdaşlığın davamlı şəkildə genişləndirilməsi əsas hədəflər kimi müəyyən edilib.

Komitə əməkdaşları daha sonra Bişkekdəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində olublar. Orada keçirilən dərslər, mədəni tədbirlər və mərkəzin Azərbaycan dili və mədəniyyətinin yayılmasındakı rolu barədə məlumat alıblar. Onlar, həmçinin mərkəzin təhsil proqramları və yerli icma ilə əməkdaşlığı haqqında geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstan-Azərbaycan Dostluq Parkını da ziyarət edib. Azərbaycan və Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələrini simvolizə edən bu park 11 oktyabr 2022-ci ildə açılıb. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak edib.









Sosial həyat