Gəncə MDB-nin İdman Paytaxtı sertifikatını aldı

post-img

Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ümumşəhər tədbiri təşkil olunub.

Gəncə şəhər Heydər Əliyev Park-Kompleksində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə, şəhər rəsmiləri, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzindən “Zəfər Tağı”nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların çıxışları izlənilib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı tədbirin 15 İyun – Milli Qurtuluş Günündə keçirilməsinin xüsusi rəmzi məna daşıdığı qeyd olunub. Böyük inkişaf yolunu qətiyyətlə addımlayan azad, müstəqil Azərbaycanda mötəbər idman tədbirlərinin təşkil edilməsinin sevindirici olduğu vurğulanıb. III MDB Oyunlarının ölkəmizdə, Nizami yurdu Gəncədə keçirilməsinin önəmindən bəhs edilib.

Daha sonra Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Paytaxtı seçilməsi ilə bağlı sertifikat MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olunub.

Tədbirin davamında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası solistlərinin, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Bakıdan dəvət olunmuş müğənnilər Rilaya Hüseynzadə və Mərdan Kazımovun ifasında konsert proqramı baş tutub.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Sosial həyat