Xarici jurnalistlər Diaspor Komitəsində olub

post-img

İtaliyanın “İtalpress” xəbər agentliyinin ABŞ müxbiri Stefano Vakkara, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti, İordaniya əsilli jurnalist Jordan Dakamseh və “Report İnformasiya Agentliyi”nin ABŞ bürosunun əməkdaşı Vüsalə Abbasova Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində olub və sədr müavini Elşad Əliyevlə görüşüb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti haqqında danışan sədr müavini xaricdəki soydaşlarımızın yayılma arealı, müasir dövrdə miqrasiya prosesləri, komitənin həyata keçirdiyi uzunmüddətli layihələr, həmçinin azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası barədə geniş məlumat verib. Qeyd edib ki, hazırda 70 ölkədəki soydaşlarımızla geniş əlaqələr mövcuddur və diasporun mərkəzləşdirilmiş formada işləməsi üçün Koordinasiya Şuraları yaradılıb, dünyanın 20 ölkəsində 30 Azərbaycan Evi açılıb. Həmçinin ölkəmizlə bağlı beynəlxalq mediada obyektiv məlumatların yayılmasından, dezinformasiyaların qarşısının alınmasından bəhs edib, bu sahədə xarici jurnalistlərin peşəkar fəaliyyətini yüksək qiymətləndirib. 

Qonaqlar səmimi qəbula, səfərin yüksək səviyyədə təşkilinə görə komitə rəhbərliyinə minnətdarlıq ifadə edib, onların Azərbaycanla və ümumilikdə regionla bağlı məlumatlılıq səviyyələrinin artmasına bu səfərin ciddi təsir göstərdiyini bildiriblər. Qənaət və müşahidələrini bölüşən jurnalistlər Azərbaycan dövlətinin diasporun inkişafı ilə bağlı ciddi səylər göstərdiyini, öz təcrübələrində bu cür hallara demək olar ki, rast gəlmədiklərini və müsbət mənada təəccübləndiklərini dilə gətiriblər. Xarici jurnalistlər təmsil etdikləri ölkələrlə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına diqqət çəkib, ölkəmizlə bağlı obyektiv məlumatların yayılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini söyləyiblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular, o cümlədən komitənin və diasporun xarici media ilə əlaqələri, Azərbaycan diasporunun müharibə və postmüharibə dövründə informasiya savaşının güclü tərəfinə çevrilməsi, beynəlxalq medianın obyektiv fəaliyyəti kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, ABŞ-də fəaliyyət göstərən jurnalistlərin ölkəmizə səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Ümumilikdə isə son illər 1000-dən çox xarici tarixçi, politoloq, jurnalist və hüquqşünas komitənin xətti ilə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Ermənistanın işğalı nəticəsində həmin ərazilərə dəyən ziyan, eləcə də Qarabağda aparılan yenidənqurma işləri ilə tanış olublar. Həmin səfərlərlə bağlı yüzlərlə məqalə xarici mediada yayılıb.







Sosial həyat