Nizamlanmayan yolayrıcı qaydalarına əməl etməmək qəzaya səbəb olur.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerasının qeydə aldığı bu yol-nəqliyyat hadisəsi svetofor olmayan, yəni nizamlanmayan yolayrıcında qanunvericiliyin tələblərinə riayət olunmaması səbəbindən baş verib.
Ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində baş yolla hərəkət edən motosiklet sürücüsü gəldiyi sürətlə yolayrıcına daxil olur və bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücüsü yol verməli olduğu halda onu vurur.
“Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdıraraq bildiririk ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir.
Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir.
P.ƏMİRCANOV
XQ