Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Qəbələ rayonunda yerləşən “The Snack Company” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Nazirlikdən XQ-yə bildirilib ki, məşqdə FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları, “The Snack Company” MMC-nin mülki müdafiə qərərgahının, fövqəladə hallar komissiyasının üzvləri və mülki müdafiə dəstələri iştirak ediblər.
Məşqin keçirilməsində əsas məqsəd MMC-nin mülki müdafiə planının reallığının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması, müəssisə personalının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, “fövqəladə hadisə” ilə mübarizə tədbirləri reallaşdırılıb.
Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.