Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Süni intellekt alətləri (Aİ) insanın real nitqindən istifadə etməklə, eyni səslə “saxta firiklər” yarada bilir. “Audio deepfake” adlandırılan saxta mətn sosial şəbəkə platformaları üzərindən yayılaraq, hədəfdə olanları çaşdırmaq üçün istifadə edilir.
Azərbaycanda süni intellekt texnologiyası üzrə geniş məlumatlandırma prosesinə start verilib. III Şuşa Qlobal Media Forumunun işi bu kontekstdə əlamətdardır. Forum “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr edilib. Burada keçirilən müzakirələr təkcə Azərbaycan auditoriyasına deyil, bütün dünyaya mövzu üzrə örnəklər verir. Bu barədə az sonra yazacağıq.
Qeyd edək ki, Aİ texnologiyası təkcə səsi deyil, foto və videoları da saxtalaşdırmaq imkanına malikdir. Bu baxımdan dipfeyk (Deepfake) cinayətkar çevrələrin yararlanması üçün geniş fürsətlər yaradır. Daha konkret ifadə eləsək, süni intellekt mütərəqqi elementlərlə yanaşı, həm də neqativ təsirlərə malikdir. Cəmiyyət üçün həm geniş imkanlar, həm də ciddi təhdidlər yaradır. Onun hədəfləri genişdir. Siyasi arenadan başlamış iqtisadiyata, biznes çevrələrinə qədər ən müxtəlif istiqamətləri əhatə edir.
Aİ texnologiyasının təsir göstərdiyi sahələr sırasında media ilk yerlərdə dayanır. Əslində, məlumatlandırma işi, informasiya istehsalı tarixən texnoloji tərəqqi ilə birbaşa bağlı olub. Elə indi də elədir. Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. Rəqəmsal texnologiya interaktiv mühit yaradır, zaman və məkan fərqini aradan qaldırır. Xəbəri istənilən məkanda və sutkanın istənilən vaxtı əlçatan edir.
Yeni texnologiya həm də xəbər alıcısını xəbər istehsalçısına çevirir. İnformasiyanın kəmiyyəti artır. Analitik mərkəzlər qeyd edirlər ki, indi hər gün dünyada təsəvvür edilməz səviyyədə çox, təqribən 2,5 kvintilyon bayt həcmində, yəni, milyardlarla məlumat yaradılır və yayılır. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiya ilə qarşılaşır, oxuyur, görür və dinləyirlər.
“Süni intellekt” (Sİ / Aİ) təkcə həvəskar xəbər istehsalçıları üçün deyil, peşəkar media təmsilçiləri, jurnalistlər üçün də şərtləri dəyişir. O, faktları axtarmaq, məlumat toplamaq, reportaj hazırlamaq, ideyaların yayılmasını təmin etmək işində istifadə olunur. Onun mətn qurmaq, dizayn etmək prosesində də öz rolu var. Bir sözlə, “Süni intellekt” qlobal informasiya landşaftında inqilabi dəyişikliklərə yol açır.
Bütün bu üstünlüklərlə yanaşı, “Süni intellekt” obyektiv və mötəbər informasiya əldə etmək hüququ baxımından müəyyən problemlər yaradır. Rəqəmsal texnologiyalar dövründə gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. Bu gün “yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində gündəlik çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərdən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir: “Saxta xəbər”, “dezinformasiya” dünya üçün fəlakətə çevrilir. “Süni intellekt”in etmadlı xəbər istehsalı sahəsində yaratdığı problemlərin sayı çoxdur. Beynəlxalq sənədlərdə bu problemlər 10 bənd üzrə qruplaşdırılır. Birinci bənd özündə “Süni intellekt”in dezinformasiya yaradıcılığı və yayılmasında rolunu ehtiva edir. Qeyd olunur ki, xəbər istehsalçısı faktların araşdırılması, məlumatın toplanılması üçün “Süni intellekt” proqramlarından yararlanarkən nəzərə almalıdır ki, bu proqramlar təkcə mötəbər mənbələri, doğru məlumatları deyil, həm də saxta xəbərləri, dezinformasiya mahiyyətli qondarma faktları tapır, toplayır, təqdim edir. Jurnalist “süni intellekt” proqramına qeyd-şərtsiz etimad göstərirsə, saxta xəbərin təsirinə düşür. Yəni yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatların paylanılmasında iştirak edir.
Nəticə budur ki, süni intellekt həm pozitiv, həm də neqativ təsirləri ilə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Biz onun mütərəqqi tətbiqlərdindən yararlanmağı, neqativ təsirləri ilə isə mübarizə aparmağı bacarmalıyıq. Aİ-nin neqativ təsirlərinə qarşı mübarizə necə aparılmalıdır? Mütərəqqi yönümləri necə inkişaf etdirilməlidir? Təqdirəlayiq haldır ki, Azərbaycan bu sahədə də dünyaya örnəklər verir.
Prezident İlham Əliyev 2025-ci il martın 19-da “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq edən Sərəncam imzalayıb. Bu Sərəncamda Azərbaycan Respublikası ərazisində süni intellekt texnologiyalarının mütərəqqi tətbiqlərinin sürətləndirilməsi nəzərdə tutulur. Bu sahədə tədqiqatların aparılmasını, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, habelə ixtisaslı kadr potensialının gücləndirilməsini təşviq edir.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzərində öhdəlik yaranır ki, o, dövlət qurumlarında süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini aparsın və süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.