(VIII yazı)
Səfəvi Şahzadəsi Həmidə Banu Bəyimin və Moğol (Baburi) hökmdarı Humayunun oğlu Cəlaləddin Məhəmməd Əkbər (Taxta çıxdıqdan sonra Böyük Əkbər) hakimiyyətə gəldiyi gündən özünü sidq ürəkdən elm, incəsənət və memarlığın hamisi kimi göstərib.
Əkbər şah memarlar, alimlər, şairlər, yazarlar və rəssamlarla xüsusi münasibət qurub, onlara hörmətlə yanaşıb. Əkbər şahın dövründə rəssamlıq məktəbinin bünövrəsi qoyulub, saraylarının divarları freskalarla bəzədilib. Böyük Əkbərin qayğısı sayəsində təxminən 24 min cilddən ibarət zəngin bir kitabxana yaradılıb. 1569-cu ildə Aqra yaxınlığında "Qələbə şəhəri" olan yeni paytaxt Fatehpur Sikri şəhərinin tikintisinə başlanıb. Əkbər şahın dövründə türk memarlığının ən gözəl nümunələri yaranıb, bu abidələr indi də durur və insanları valeh edir.
Əkbər şah müsəlman ölkələr arasında çadranı qadağan edən ilk hökmdar olub. Babürilərin ən parlaq dövrü Əkbər şahın imperator olduğu dövr sayılır.
Əkbərin ən yaxın ətrafı bacarıqlı və savadlı vəzirlərdən ibarət idi, onlar bir çox dildə danışırdılar. Böyük Əkbərin hakimiyyəti haqqında Əbülfəzl (1551-1602) “Əkbərnamə” əsərini yazmışdı. “Əkbərnamə” kitabında Böyük Əkbərin hakimiyyəti, qələbələri, insan kimi xarakteri haqqında ətraflı məlumat verilir, Əkbər şah sərkərdə və hökmdar kimi təqdim olunur. Orada deyilir ki, Əkbər şahın boyu qısa olsa da güclü bədən quruluşuna malik idi, döyüşdə şücaət göstərən çevik sərkərdə olmaqla yanaşı nadir hallarda qəddarlıq göstərib, əsir götürdüyü düşmənləri ilə humanist davranıb, vəhşi heyvanları ovlamağı sevib.
İndus Brahmin Birbal (1528-1586) Böyük Əkbərin hakimiyyəti dövrünə aid hikmətli sözlər, hind folklorunun ayrılmaz hissəsinə çevrilmiş lətifələr kitablarını çap edib.
Əkbər özü bir neçə əsəri fars dilindən sanskritə, sanskritdən fars dilinə tərcümə etmişdi.
Böyük Əkbərin dövründə məscidlərin, böyük və gözəl abidələrin tikintisinə diqqət yetirilib, Şimali və Mərkəzi Hindistanda indus məbədlərinin, həmçinin Qoadakı xristian kilsələrinin tikintisi üçün vəsait və torpaq sahələri ayrıılıb. Bu abidələrin və məscidlərin bir hissəsi indi də durur.
Hökmdarlığının ilk illərində Böyük Əkbər induizm, islam, zərdüştilik, xristianlıq və digər dinlərə münasibətdə eyni mövqe nümayiş etdirib, bütün dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsinə icazə verib. Böyük Əkbər 1582-ci ildən etibarən ölkədə Əbülfəzllə birlikdə inkişaf etdirdiyi və induizm, zərdüştilik, islam və qismən də xristianlıq elementlərinin birləşməsini təmsil edən “ilahi inanc” adlandırdığı yeni bir mistik təlimi bərqərar etməyə çalışıb. Böyük Əkbər deyib: “Yalnız əqli təsdiq edən iman haqqdır”. O, Hindistanda və onun hüdudlarından kənarda Moğol İmperiyasının nüfuzunu möhkəmləndirib, hərbi və diplomatik üstünlüyünü təmin edib. O həmçinin bir sıra sosial islahatlar, o cümlədən dul qadınların yenidən evlənməsinin qanuniləşdirilməsi və nikah yaşının artırılması kimi tədbirlər həyata keçirib.
Şahzadə Cəlaləddin Məhəmməd Əkbər 1542-ci il oktyabrın 14-də Umarkot şəhərinin Racput qalasında Səfəvi Şahzadəsi Həmidə Banu Bəyimin və Baburi hökmdarı Sultan Humayunun ailəsində anadan olub. Böyük Əkbər Böyük Moğol (Baburilər) İmperiyasının üçüncü hökmdarı, İmperiyanın yaradıcısı Zəhirəddin Məhəmməd Baburun nəvəsi idi.
Cəlaləddin Məhəmməd Əkbər I Böyük Əkbər adı ilə taxta çıxır
Böyük Əkbər 12-13 yaşından atasının icazəsi ilə yürüşlərə gedir, bu səfərlərdə böyük döyüş məharəti nümayiş etdirirdi. Dehlinin alınmasından bir neçə ay sonra Sultan Humayun bədbəxt hadisə nəticəsində 48 yaşında vəfat edir. Humayun şahın ölümü bir müddət Şahzadə Əkbərdən gizlədilir, bu vaxt döyüşdə olan Şahzadə Əkbər 20 gün sonra Dehliyə qayıdır və1556-cı il fevralın 15-də 14 yaşında Şahzadə Əkbər hökmdar elan olunur. Atasının vəziri Bayram xan Əkbərin qəyyumu təyin edilir. Əkbər yetkinlik yaşına çatana qədər ölkəni Bayram Xan idarə edir.
1556-cı ilin noyabrında Əkbər İkinci Panipat döyüşündə imperator Hemu məğlub edir. Böyük Əkbər 1560-cı ildə,18 yaşında hakimiyyətdə bütün səlahiyyətləri ələ alır və dörd il onun yanında olan, hakimiyyət sirlərini ona öyrədən, Səfəvilərdən bu torpaqlara gələn Azərbaycan türkü Bayram xanı qovur.
Öz hakimiyyətini möhkəmləndirmək və Şimali və Mərkəzi Hindistanın (Qucarat, Benqal və Kəşmir) üsyankar hökmdarlarını tabe etmək üçün Böyük Əkbər hazırlıqlar aparır. O, Racputlara illik xərac ödəmək və ordu üçün lazımi sayda adam vermək şərti ilə muxtariyyət verir. Əkbər vergi və rüsumların yığılmasını nizama salır və babası Babur şah kimi ticarətin inkişafına yardım edir.
1574-cü ildə dövlətin ərazi quruluşunu əsaslı şəkildə başa çatdıran Əkbər şah daxili islahatlar aparmağa başlayır. Əkbər Moğol sülaləsinin qüdrətini gücləndirir və işğallar yolu ilə dövlətin sərhədlərini xeyli genişləndirir, üsyanların və parçalanmaların qarşısını alır. 1578-ci ildə Benqal, 1581-ci ildə Kabil, 1587-ci ildə Kəşmir, 1592-ci ildə Sind və 1594-cü ildə Qəndəharı tam olaraq öz torpaqlarına qatır.
Əkbər şahın hakimiyyətinin sonuna, yəni 1605-ci ilə qədər Moğol İmperiyası şimal və mərkəzi Hindistanın çox hissəsini əhatə edib. O, bir sıra böyük dövlət, hərbi və dini islahatlar həyata keçirib. Böyük Əkbərin dövründə Hindistan mədəniyyəti və incəsənəti öz inkişafının zirvəsinə çatıb.
İmperiyada keçirilən islahatların məqsədi burada yaşayan bütün xalqlara ədalətli və bərabər münasibətə əsaslanan mərkəzləşdirilmiş dövlət yaratmaq idi. O, ilk növbədə rütbələr sistemi tətbiq etməklə orduya nəzarəti gücləndirir, dövlətin yeni inzibati bölgüsünü həyata keçirir, pul şəklində ödənilən vahid vergi sistemini tətbiq edirdi. Vergi islahatı ən ciddi uçota əsaslanıb ki, bu da məmurlara rüsumların əhəmiyyətli hissəsini gizlətməyə və oğurlamağa imkan verməyib. Eyni zamanda qıtlıq zamanı vergilərin alınmaması, nağd pul və taxıl şəklində kreditlərin verilməsi nəzərdə tutulub. Əkbər şah qeyri-müsəlmanlar üçün vergiləri (cizyə) və induslar üçün alçaldıcı anket vergisini ləğv edib. İmperatorluqda vahid ölçü və çəkilər sistemi, eləcə də Uluqbəyin cədvəllərindən alınan məlumatlar əsasında vahid günəş təqvimi tətbiq edilib. Əkbər şah hətta avropalılarla ticarətin inkişafına böyük əhəmiyyət verib. Hindistanda Moğol İmperiyasının hökmranlığını genişləndirmək və indus cəmiyyətini qazanmaq üçün Əkbər şah indus racalarını fəal şəkildə dövlət və orduda mühüm vəzifələrə cəlb edib.
Əkbər şah Makedoniyalı İsgəndərlə müqayisə edilib
Əkbər şah çox bacarıqlı bir sərkərdə idi və buna görə Makedoniyalı İsgəndərlə müqayisə edilirdi. Döyüş meydanında məğlubedilməzliyinə görə ona “Böyük” epiteti verilmişdi. Əkbərin tətbiq etdiyi rütbələr (mənsəblər) sistemi ordu üzərində nəzarəti gücləndirimişdi. Moğol ordusu toplar və döyüş filləri ilə təmin olunmuşdu. Odlu silah və artilleriya əldə etmək üçün Osmanlı sultanlarından və avropalılardan, xüsusən də portuqal və italyanlardan kömək istəyir. Əkbərin ordusu odlu silahlarına görə qonşu dövlətlərin ordularından üstün idi, bu baxımdan alimlər və tarixçilər tərəfindən Moğol İmperiyası ilə bağlı tez-tez istifadə edilən "odlu silahlar imperiyası" termini yaranıb.
Əkbər şah mərkəzi hökumət sistemində Dehli Türk Dövlətində mövcud olan sistemə uyğun islahatlar aparıb. Maliyyə məsələlərinə torpaqların idarə edilməsinə cavabdeh olan vəzir rəhbərlik edib. Mir Bəxşi ali hərbi sərkərdə kimi hərbi məsələlərə məsul olub, əmirləri yaxın adamları arasından seçib.
Mir Səman imperator sarayına, o cümlədən hərəmxanalara məsul şəxs idi, həmçinin saray və şah mühafizəçilərinin işinə nəzarət edirdi.
Ədliyyə sahəsi ayrı bir təşkilat olub, bu sistemə baş qazi rəhbərlik edib, o həm də dini inanc və adət-ənənələrə cavabdeh idi.
Əkbər şah Hindistan numizmatika sahəsində də islahatlar aparıb, yeni sikkələr zərb etdirib. Yeni sikkələrdə dekorativ nəbati və nöqtəli haşiyələr, dördbucaqlı motivlər var idi. Tarixçilər Əkbər şahın portreti olan qızıl sikkəni onun oğlu Şahzadə Səlimə (sonralar İmperator Cahangir) aid edirlər. Məlum olduğu kimi Şahzadə Səlim əvvəl atasına qarşı üsyan edib, sonra barışıq təklif etdikdən sonra Əkbərin portreti olan qızıl möhürlər zərb etdirib və atasına bağışlayıb.
Əkbər şahın hakimiyyətinin əvvəlində Moğol hökmranlıqlarına yalnız Aqra və Dehli ətrafı, Pəncabın şərq hissəsi və Əfqanıstanın Kabil bölgəsi daxil idi. 17-ci əsrin əvvəllərində onlar bütün Şimali Hindistanı və bəzi digər əraziləri də zəbt ediblər. İşğalların çoxu Əkbərin hakimiyyətinin birinci yarısında həyata keçirilib. Malva və Qucaratdakı sultanlıqlar, Benqal, Sind və Kəşmirdəki müsəlman dövlətləri, Racput knyazlıqları bu sırada idi. Qəndəhar Səfəvilərdən geri alınıb və beləliklə, bütün Şərqi Əfqanıstan Baburilərin hakimiyyəti altına keçib. Əkbər Əhmədnaqar sultanlığının ağalıqlarının şimal hissəsini Dekandan alıb və dəniz ticarəti ilə seçilən zəngin bir bölgə olan Benqaldakı Qucarat Sultanlığının ilhaq edib ki, bu əməliyyat xüsusi əhəmiyyət daşıyırdı.
Əkbərin hakimiyyətinin əvvəlində portuqallar Hindistan yarımadasının qərb sahillərində bir neçə qala və fabrik qurmuşdular. Bu bölgədə dəniz gəmiçiliyinə və ticarətinə nəzarət edirdilər. Nəticədə ticarət Portuqaliyadan asılı vəziyyətə düşür ki, bu da hökmdarların və tacirlərin narazılığına səbəb olur.
1572-ci ildə Moğol İmperiyası dənizə çıxışı diplomatik yolla həll etməyə qərar verir və uğur qazanır. Razılığıa görə Əkbər şah portuqalların Hind okeanındakı nüfuzunu tanıyır və gəmi ilə ticarət, o cümlədən Məkkəyə həcc ziyarətinə getmək üçün limanı tərk etməzdən əvvəl onlardan icazə almağa məcbur olur.
Əkbər şahın dövründə Osmanlı İmperiyası ilə münasibətlər
1555-ci ildə Əkbər hələ uşaq ikən Osmanlı admiralı Seydi Əli Rəis Moğol İmperiyasına səfər edir. Daha sonra 1569-cu ildə başqa bir Osmanlı admiralı Kurtoğlu Xızır Rəis Moğol İmperiyasının sahillərinə gəlir. Bu admirallar Hind okeanında Portuqaliya imperiyasının hegemonluğuna son qoymağa çalışırdılar. Əkbər öz dövründə Qanuni Sultan Süleymana altı məktub göndərmişdi.
1576-cı ilin oktyabrında Əkbər şah ailə üzvlərinin də daxil olduğu Yəhya Salehin başçılığı ilə böyük bir zəvvar dəstəsini 600 min qızıl və gümüş sikkə, 12 min kaftan və böyük partiya düyü ilə Məkkəyə göndərir. Surətdən zəvvarları aparan iki gəmi 1577-ci ildə Ciddə limanına çatır. 1577-1580-ci illər arasında Məkkə və Mədinə hakimiyyətləri üçün nəfis hədiyyələrlə daha dörd karvan göndərilir.
Moğollar dörd ilə yaxın Hicazda qalırlar və dörd dəfə Həcc ziyarətində iştirak edirlər. Bundan əlavə, Əkbər şah Qədiri sufi təriqətinin kasıb müsəlman dərvişlərinin Həcc ziyarətinə getməsini də maliyyələşdirir. Ciddədəki Osmanlı paşası Moğolların Surətə qayıtmasına kömək edir. Əkbər şahın Hicazda Moğol varlığını tanımaq cəhdləri nəticəsində yerli şəriflər Moğal İmperiyasından maliyyə dəstəyi alacaqdı.
Səfəvi dövləti ilə əlaqələr
Səfəvilər və Moğollar arasında uzun müddət diplomatik əlaqələr olub. Hümayun Şer şahın təzyiqi ilə Hindistandan qaçmağa məcbur olanda Səfəvi hökmdarı I Təhmasibə sığınıb. 16-17-ci əsrlərdə Səfəvilər və Osmanlılar Asiyada hakimiyyət uğrunda mübarizə aparıblar. Səfəvilər Moğol və Osmanlılardan onunla fərqlənirdilər ki, Səfəvilər şiə, Moğollar və Osmanlılar sünni idi. Səfəvilər və Moğollar Hindiquşda Qəndəhar şəhərinə nəzarət etmək üçün mübarizə aparırdılar. Nədən ki, Hindiquş iki imperiya arasında sərhəddə yerləşirdi və mühüm strateji rola malik idi. Əkbərin hakimiyyətinin ilk iki onilliyində Moğollarla Səfəvilər arasında münasibətlər isti idi, lakin 1576-cı ildə Təhmasbın ölümündən sonra Səfəvilər imperiyasında vətəndaş müharibəsi başlayır və iki imperiya arasında diplomatik əlaqələr kəsilir. Münasibətlər on il sonra Şah Abbas taxta çıxdıqdan sonra bərpa olunur. Bundan sonra Əkbər şah Kabilin alınmasını başa çatdırır və imperiyanın şimal-qərb sərhədlərini möhkəmləndirmək üçün Qəndəhara qoşun göndərir. 1595-ci il aprelin 18-də Qəndəhar müqavimət göstərmədən təslim olur və hökmdar Müzəffər Hüseyn öz ailəsi və qohumları ilə Əkbərin sarayına köçür. Qəndəhar 1646-cı ildə Şah Cahan tərəfindən ələ keçirilənə qədər bir neçə onilliklər ərzində Moğolların hakimiyyəti altında qalır. Səfəvilərlə Moğollar arasında diplomatik əlaqələr Əkbərin hakimiyyətinin sonuna qədər davam edir.
Böyük Əkbərin ailəsi və evliliyi
Cəlaləddin Məhəmməd Əkbərin ilk evliliyi 1551-ci ilin noyabrında öz əmisi Məhəmməd Xindal Mirzənin yeganə qızı Rukiyyə Sultan Bəyim Sahibə ilə olub. Onda Əkbərin 9 yaşı vardı və Rukiyyə Sultan Bəyim onun birinci və əsas arvadı idi. Rajputlar arasında mövqeyini möhkəmləndirmək üçün Böyük Əkbərin Rajput şahzadəsi Məryəm üz-Zaman Bəyim Sahibə (Jodha) ilə diplomatik evliliyi də vardı. Adətən hökmdar birinci evləndiyi qadına əsas arvad statusu verir, Əkbər şah isə iki xanımına-əmisi qızı Rukiyyə Sultan Bəyim Sahibəyə və Məryəm üz-Zaman Bəyim Sahibəyə birinci xanım statusu vermişdi.
Mənbələrin məlumatına görə Əkbər şahın 30 arvadı, (bəzi mənbələrdə 36 arvadı) altı oğlu, altı qızı olub. Övladlarının təxminən yarısı uşaqkən ölüb. Böyük Əkbərin oğlanlarından sağ qalanlar bunlardır: Sultan Cahangir, Sultan Murad Mirzə və Sultan Danial Mirzə...
1605-ci il oktyabrın 3-də Əkbər şah dizenteriya xəstəliyinə tutulur, saray həkimlərinin səylərinə baxmayaraq vəziyyəti getdikcə pisləşir. Belə olanda Böyük Əkbər oğlu Cahangir Mirzəni çağıraraq qılıncını öz əliylə onun belinə taxır və hökmdar sarığını başına qoyur. Böyük Əkbər ölümündən əvvəl Aqrada özü üçün türbənin tikintisinə başlamağı əmr etmişdi. Türbə oğlu Cahangir tərəfindən tamamlanır və Əkbər şah 1605-ci il oktyabrın 26-da (bəzi mənbələrdə oktyabrın 16-da) 63 yaşında vəfat edir və bu türbədə dəfn olunur.
Böyük Əkbərin ölümündən 70 il sonra, 1691-ci ildə Moğollara qarşı üsyan qaldıran catlar türbəni qarət edərək üzərində tikilmiş məqbərəni dağıdr, Əkbərin qalıqlarını isə yandırırlar.
“Time” jurnalı Böyük Əkbərin adını "Dünyanın ən yaxşı 25 lideri" siyahısına daxil edib.
Böyük Əkbərin həyatı və hökmdar kimi fəaliyyəti bədii yaradıcılıqda:
• Smoll B. “Vəhşi Jasmin”, roman, ingilis dilindən rus dilinə tərcümə A. Sokolov, S. Sokolova, Moskva, AST, 525 s. (1998)
• Salman Rüşdi “Florensiyanın sehrbazı”, (2008)
• Aleks Rutford "Dünyanın hökmdarı" (2011)
• Gerber Denis "Günəşdə duran mələk"
• Şri Çinmoy “Moğol İmperatorları” (2000)
Kinematoqrafiyada:
• Böyük Moğol (1960)
• Jodha və Əkbər (2008)
• Jodha və Əkbər, “Böyük sevgi hekayəsi”, serial, (2013)
Hökmdarlığı müddətində istedadlı sərkərdə kimi ad qazanan, döyüş meydanında məğlubedilməz olduğuna görə “Böyük” epiteti verilən, Makedoniyalı İsgəndərlə müqayisə edilən Əkbər şah həm Moğol İmperiyası, həm də bütövlükdə Hindistan yarımadası üçün zəngin bir irs qoyub. O, dini dözümlülük prinsipinə əsaslanaraq müxtəlif dinlərə mənsub ən yaxşı alimləri, şairləri, musiqiçiləri, sənət adamlarını taxt-tacının ətrafına toplayıb. Məhz Əkbər şahın böyüklüyünüün bir qolu da buradan qaynaqlanır.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd