Azərbaycanda ali memarlıq təhsilinin 105 yaşı tamam olur. 1920-ci ildən Bakı Politexnik, 1930-cu ildən İnşaat və Memarlıq, 1934-cü ildən Azərbaycan Sənaye, 1951-ci ildən Azərbaycan Politexnik institutlarında, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 2000-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris edilən bu ixtisas 1968-ci ildən ayrıca fakültəyə çevrilib.
Bir əsrdən artıq müddətdə bu ali ixtisas məktəbi yalnız memarlar yetişdirməklə kifayətlənməyib, həm də şəhərsalmanın, abidələrin qorunması və bərpasının, memarlıq düşüncəsinin formalaşmasının mühüm akademik məkanı olub. Bu barədə qəzetimizə müsahibəsində son 10 ildə fakültəyə rəhbərlik edən Əməkdar memar, professor Zahidə Məmmədova bildirdi:
– Tarixi xidmətləri və zəngin ənənələri ilə seçilən ali memarlıq təhsilimiz təkcə Azərbaycanda deyil, regionda və dünyada nüfuzlu arxitektura mərkəzi kimi tanınır. Bu üstünlüyün təməlində professor-müəllim heyətimizin yüksək elmi və peşəkar potensialı dayanır.
Hazırda fakültədə memarlıq üzrə 8 elmlər doktoru, 9 professor, 25 fəlsəfə doktoru və dosent fəaliyyət göstərir. Onlar memarlıq layihələndirilməsi, şəhərsalma, abidələrin bərpası sahələrində ölkəmizin tanınmış alimləri və praktik mütəxəssisləridir. Fakültəmizdə “Şöhrət” ordenli pedaqoqlar, Əməkdar memarlar və Dövlət mükafatı laureatları tədris prosesində bilik və təcrübələrini gənc memarlarla bölüşürlər.
Biz bu tarixi irsə arxalanaraq, onu müasir çağırışlarla sintez edir və beynəlxalq təhsil standartlarına uyğun təhsil modeli qururuq. Bu baxımdan Bolonya sisteminə inteqrasiya, elektron universitet modelinin tətbiqi və fakültəmizin nüfuzunun artması – bütün bunlar son illər ərzində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Bu gün memarlıq fakültəsi nəinki Azərbaycanın, həm də beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir. Britaniya Memarlarının Kral İnstitutu – RIBA tərəfindən 2 dəfə qeydiyyatdan keçməsi bu fakültənin dünya səviyyəsində tanındığının və yüksək tədris keyfiyyətinin sübutudur.
Fakültənin son illərdə həyata keçirdiyi diqqətçəkən layihələrdən biri də SABAH qrupları ilə işlənən “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı elmi-tədqiqat və konseptual tədqiqatdır. Bu layihə hələ 2017-ci ildə – Qarabağın işğaldan azad olunmasından 3 il əvvəl hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdu. Bu, o deməkdir ki, memarlıq fakültəsinin professor-müəllim heyəti həmin torpaqların azad ediləcəyinə qəti inanır, bu istiqamətdə elmi baxışlarını öncədən formalaşdırırdı. Bu gün isə həmin ərazilərin bərpasında, dirçəldilməsində fəal iştirak edirik.
2021-ci ildə fakültənin professor-müəllim heyəti ən yaxşı tələbələri ilə birgə “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələri”ni təqdim etdi. Bu layihə yenicə azadlığa qovuşan Şuşa üçün bir nəfəs oldu, Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” bəyanatına layiqli cavab və dəstək oldu.
– Bu ixtisas təhsilinin təməlini qoymuş görkəmli memarlar Azərbaycanda memarlığın və sənaye inşaatının da qurucuları olublar. Paytaxtın və böyük şəhərlərimizin çağdaş siması onların layihələri ilə formalaşıb.
– Memarlıq fakültəsinin bu gün əldə etdiyi nüfuz və elmi-pedaqoji nailiyyətlər, şübhəsiz ki, onun təməlini qoymuş və inkişafında mühüm rol oynamış görkəmli alim və memarların fədakar əməyinin nəticəsidir. Bu təhsilin ilk təşkilatçısı olmuş dosent Boris Revazovun adı həmişə hörmətlə xatırlanır. Əməkdar memar Həsənağa Məcidov, dosent Elcarun Kanukov, professorlar Ramiz Əbdülrəhimov və Tofiq Abdullayev kimi tanınmış simaların rəhbərliyi ilə bu ixtisas təhsili mükəmməlləşib, həm tədris, həm də elmi istiqamət inkişaf edib.
Bu gün də həmin ənənələr yaşadılır və yeni mərhələdə davam etdirilir. Hazırda fakültəmizdə ölkəmizin memarlıq elminin aparıcı nümayəndələri tədris prosesində yaxından iştirak edirlər. Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, Memarlar İttifaqının idarə heyətinin sədri professor Elbəy Qasımzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, professorlar Aybəniz Həsənova, Rayihə Əmənzadə, Nizami Nağıyev, Ramiz Əbdülrəhimov, Şəhla Qəhrəmanova, Elkin Ələsgərov, dosentlər Nərmin Yusifli və Nazim Vəliyev kimi nüfuzlu alim və memarlar var.
Ötən 1 əsrdən artıq müddətdə çoxsaylı məzunlarımız Azərbaycanın memarlıq tarixində və bu təhsilin yüksək səviyyəyə qalxmasında silinməz izlər qoyublar. Mikayıl Useynov, Sadıq Dadaşov, Ənvər Qasımzadə, Əbdülvahab Salamzadə, Kamal Məmmədbəyov, Qəzənfər Əlizadə, Davud Axundov kimi isimlər bu məktəbin yetirmələri və fəxri olublar. Onların və sonrakı nəsil memarlardan Cəfər Qiyasi, Ramiz Əbdülrəhimov, Aybəniz Həsənova, Elbəy Qasımzadə, Rafael Həsənov, Fəxrəddin Miralayev və digərlərinin müəllifi olduqları layihələr bu gün şəhər mühitimizin simasını müəyyən edir.
Eyni zamanda, fakültə əməkdaşları tərəfindən tərtib olunmuş 100-dən çox monoqrafiya, dərslik və metodik vəsait memarlıq sahəsində tədrisin elmi əsaslarla aparılmasına xidmət edir. Bu nəşrlər – “Qafqaz Albaniyasının memarlığı”, “Azərbaycan memarlıq tarixi”, “Memarlıq abidələrinin bərpasının əsasları”, “Ümumdünya memarlıq tarixi”, “Şəhərsalmanın layihələndirilməsi”, “Memarlığın tipologiyası” kimi fundamental əsərlər – gənc memarların formalaşmasında bu gün də əsas qaynaq kimi istifadə olunur.
Bütün bunları ümumiləşdirsək, əminliklə deyə bilərik ki, bu gün memarlıq fakültəsi yalnız tarixi irsə söykənmir, həm də onu inkişaf etdirən və gələcək nəsillərə ötürən mərkəz kimi fəaliyyət göstərir.
– Bəs, əvvəldə qeyd etdiyiniz, “RIBA qeydiyyatını necə qazanmısınız? Bu uğur fakültəyə hansı imkanlar qazandırır?
– RIBA qeydiyyatı Britaniya Memarlarının Kral İnstitutunun təsdiqidir, bu gün memarlıq sahəsində beynəlxalq tanınmanın və etimadın ən yüksək göstəricilərindən biridir. Bu nüfuzlu qurumun tələbləri olduqca sərtdir. Bu səddi aşmaq və qeydiyyat almaq üçün tədrisin keyfiyyətindən tutmuş, maddi-texniki baza, müəllim heyəti, dərslik və proqramlar, layihə tapşırıqları, ən başlıcası tələbələrin təqdim etdiyi portfoliolar və təhsil mühiti yüksək standartlara cavab verməlidir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq biz bu uğuru ilk dəfə 2019-cu ildə qazandıq. Bu, bizim üçün tarixi bir nailiyyət idi. Təsəvvür edin, həmin il bütün dünyada cəmi 11 ali memarlıq məktəbi bu hüququ qazandı və onların arasında bizim fakültə də yer aldı. Bu, bizi MDB məkanında RIBA akkreditasiyasına sahib olan yeganə ali məktəbə çevirdi.
Bu uğur təsadüfi deyildi. 2015-ci ildən fakültəmizdə əsaslı islahatlar həyata keçirilmişdi. Tədris planlarımız, kurs layihələrinin məzmunu, dərslik və proqramlarımız RIBA-nın tövsiyələrinə əsasən yenidən hazırlanmışdı. Maddi-texniki baza gücləndirilmişdi, yeni və müasir tədris binamız istifadəyə verilmişdi. Smart texnologiyalar, kompüter laboratoriyaları, 3D printerlər, lazer skanerlər və digər avadanlıqlarla təchiz olunmuşduq. Tələbələrin yaradıcılığını inkişaf etdirən studiyalar və layihə dərslərinə xüsusi önəm verilmişdi.
2024-cü ildə isə biz bu qeydiyyatı növbəti dəfə uğurla yenilədik. RIBA-nın ekspert heyəti AzMİU-ya səfər edərək həm fakültədəki tədris keyfiyyətini, həm də layihə sərgilərimizi, müəllim-tələbə əlaqələrini və beynəlxalq əməkdaşlıqlarımızı yüksək qiymətləndirdi. Bu, o deməkdir ki, bizim memarlıq təhsilimiz artıq yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanınır və rəqabətə davamlıdır.
Bu keyfiyyət göstəricisi həm tələbələrimiz, həm də müəllim heyəti üçün çoxsaylı imkanlar açır. Məzunlarımız diplomlarına əlavə olunan RIBA qeydiyyatı sənədi ilə Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada tanınan memarlar kimi fəaliyyət göstərə bilirlər. Bu isə onlara genişmiqyaslı karyera perspektivləri və sərhədsiz iş imkanları qazandırır. Müəllimlərimiz üçün isə bu, beynəlxalq şəbəkəyə qoşulmaq, müasir tədris metodlarını tətbiq etmək və qlobal memarlıq cərəyanlarını daha yaxından izləmək imkanı deməkdir.
Biz bu uğuru yalnız bir sertifikat kimi yox, həm də ölkəmizin memarlıq təhsilinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndiririk. Bu, Azərbaycanın çoxəsrlik memarlıq irsinin davam etdirilməsində, müasir və davamlı şəhərsalmanın formalaşmasında müasir memarlıq təhsilimizə ciddi töhfə verən bir addımdır.
– Tədris prosesi memarlığın çağdaş tələblərini necə cavablandırır?
– Bu gün memarlıq təhsili yalnız nəzəri biliklərlə kifayətlənməməlidir. Tələbənin memar kimi formalaşması üçün o, mütləq şəkildə real layihə mühitində işləməli, multidissiplinar düşünməyi öyrənməli, fərqli məktəblərin yanaşmaları ilə tanış olmalı və praktik bacarıqlara yiyələnməlidir. Məhz bu məqsədlə biz memarlıq fakültəsində tədrisin əsasını layihə studiyaları üzərində qurmuşuq.
Layihə studiyalarında aparılan işlər tələbənin yaradıcı potensialını üzə çıxarır, düşüncəsini sərbəstləşdirir və ona fərqli funksional, estetik və texniki problemləri kompleks şəkildə həll etməyi öyrədir. Tələbə burada yalnız kağız üzərində deyil, real kontekstə uyğun şəkildə dizayn etməyi öyrənir. Üstəlik, bu dərslərdə kollektiv müzakirələr, müəllim və tələbə arasında interaktiv dialoqlar tələbənin qərarvermə qabiliyyətini və öz layihəsini əsaslandırmaq bacarığını formalaşdırır.
Ustad dərsləri isə tələbələrimiz üçün əsl ilham mənbəyidir. Bizim fakültəyə müxtəlif ölkələrdən – İtaliya, Fransa, Türkiyə, ABŞ, Almaniya, İspaniya və digər ölkələrdən tanınmış memarlar dəvət olunur. Onlar tələbələrlə birbaşa işləyir, real layihə təcrübələrini bölüşür, yanaşma fərqlərini izah edirlər. Bu, tələbələrin dünyagörüşünü genişləndirir və onlara beynəlxalq memarlıq diskursuna inteqrasiya olunmaq imkanı yaradır.
Bütün bunlar tələbələrin yalnız bilik deyil, həm də bacarıq, düşüncə tərzi və yaradıcılıq baxımından tam formalaşmış memar kimi yetişməsinə xidmət edir. Bu yanaşma nəticəsində məzunlarımız təkcə yerli deyil, qlobal əmək bazarında da rəqabətə davamlı və tələb olunan mütəxəssislərə çevrilirlər.
– Bu gün azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma layihələrində necə iştirak edirsiniz?
– Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin rolu aydın hiss olunur. Azərbaycanda fəaliyyət göstərən memarların 90 faizi məhz bizim fakültənin məzunlarıdır.
Torpaqlarımız azad olunandan sonra biz kurs işləri, magistr disertasiyalarının mövzularında radikal dəyişiklik etdik. İndi bütün mövzular azad olunmuş ərazilərin memarlığı, bərpası, şəhərsalması ilə bağlıdır. Biz təkcə kadr yetişdirməklə kifayətlənmirik, həm də önəmli layihələr hazırlayırıq. 2021-ci ildə Beynəlxalq Abidələr Gününə həsr olunmuş “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələri”nin təqdimat mərasimini keçirdik. Bu layihədə Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s. kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilib, internet resursları vasitəsi ilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənib.
Tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidinin, Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Həsən bəy Vəzirovun və başqalarının ev muzeyləri, hamam, karvansaray və bulaqların bərpa eskiz layihələrini hazırladılar. Onlar yeni nəfəs verdikləri o abidələri, tikililəri öz gözləri ilə gördülər, əlləri ilə toxundular, nə qədər şərəfli bir işlə məşğul olduqlarını bir daha hiss etdilər.
Bilirsiniz, azad olunmuş ərazilərdə bu gün gerçəkləşən şəhərsalma layihələri artıq təkcə fiziki bərpa deyil, həm də milli kimliyin, tarixi yaddaşın və müasir memarlığın harmoniyasını əks etdirən unikal nümunələrdir. Ağalı “ağıllı kənd” konsepti, Füzuli və Laçın şəhərlərinin baş planları, Şuşada tarixi irsin qorunması ilə yanaşı, müasir tələblərə cavab verən məkanların yaradılması – bunların hər birində memar məzunlarımızın imzası var.
Bizim üçün xüsusilə qürurverici məqamlardan biri də budur ki, bu layihələrdə çalışan memarlar yalnız texniki icraçı deyil, həm də məkanın ruhunu anlayan, onun tarixi-mədəni kontekstinə həssas yanaşan yaradıcı peşə sahibləridir. Bu isə yalnız yüksək keyfiyyətli təhsil və elmi əsaslarla formalaşan bir məktəbin nəticəsi ola bilər. Azad olunmuş ərazilərdə baş verən memarlıq inkişafı təkcə tikinti və layihələndirmə deyil, bu, bizim fakültənin illərlə formalaşdırdığı peşəkarlığın, milli məsuliyyətin və qabaqcıl memarlıq dünyagörüşünün təcəssümüdür.
– Fakültənin UNESCO, İtaliya, Fransa, ABŞ və digər ölkələrlə əməkdaşlıq etdiyi layihələr də genişdir.
– Biz daim beynəlxalq inteqrasiyaya xüsusi önəm vermişik. UNESCO, İtaliya, Fransa, ABŞ və digər ölkələrin aparıcı memarlıq məktəbləri ilə əməkdaşlığımız artıq uzun illərə söykənir. Son illər Türkiyə ilə də sağlam və faydalı əlaqələr qururuq. Bu əməkdaşlıqların həm tələbələrimiz, həm də müəllim heyətimiz üçün çoxşaxəli faydaları olub.
İlk növbədə, bu əlaqələr vasitəsilə biz tədris prosesini qlobal miqyasda qəbul edilən meyarlarla uyğunlaşdırmışıq. Müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq layihələr, yay məktəbləri və ustad dərslərində iştirak müəllim və tələbələrimizin dünyagörüşünü genişləndirir, yeni yanaşmalarla tanış olmağa şərait yaradır. Bu cür təcrübə mübadiləsi təkcə nəzəri biliklərin deyil, həm də praktiki bacarıqların inkişafı üçün mühüm platformadır.
Tələbələrimiz üçün bu əməkdaşlıqlar beynəlxalq layihələrdə iştirak və portfoliolarının zənginləşdirilməsi deməkdir. Bu gün artıq bizim tələbələrimiz Parisdə, Romada, Florensiyada, Kopenhagendə keçirilən beynəlxalq tədbirlərdə AzMİU-nu təmsil edirlər. Müəllim heyətimiz üçün isə bu əlaqələr elmi tədqiqatların genişləndirilməsi, birgə nəşrlər, konfrans çıxışları və yeni tədris metodlarının tətbiqi baxımından böyük imkanlar açır.
Eyni zamanda, bu əməkdaşlıqlar sayəsində biz fakültədə beynəlxalq ekspertləri, xarici memarlıq məktəblərinin tanınmış nümayəndələrini tez-tez qonaq edirik və özümüz də beynəlxalq ekspert kimi dəvətlər alırıq. Bu isə təhsilin keyfiyyətinə, tələbələrin motivasiyasına və ümumilikdə fakültənin akademik mühitinə çox müsbət təsir göstərir. Məqsədimiz daim açıq, qlobal və gələcəyə yönəlmiş bir memarlıq məktəbi olmaqdır.
Dünya memarlığı sürətlə dəyişir. Təkrar olaraq qeyd edirəm. Süni intellektdən tutmuş biomimetikaya qədər bir çox yeni yanaşmalar gündəmdədir. Gənc memar hər zaman açıq fikirli olmalı, yeniliklərə adaptasiya bacarığını inkişaf etdirməlidir. Memarlıq yalnız peşə deyil, həyat tərzidir.
– Maraqlı söhbət üçün təşəkkür edirik.
Müsahibəni çapa hazırladı:
Tahir AYDINOĞLU
XQ