Borçalı gəncləri Xankəndidə VI Yay Düşərgəsində

post-img

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə davam edir. Gürcüstanın “24News.ge” portalı xəbər verir ki, avqustun 3-9-da düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların çoxsaylı nümayəndələri iştirak edirlər. Onların arasında Gürcüstandan Borçalı əsilli 6 gənc – Şirvan Namazov, Elyana Məmmədova, Gülgün Məmmədxanova, Edda Qocayeva, Ülkər Hüseynova və Turan Məmmədov da yer alır.

Borçalıdan olan iştirakçılar Şirvan Namazov düşərgə təəssüratlarını bölüşərək bildirib ki, Bakıda yüksək səviyyədə qarşılandıqdan sonra Qarabağa yollanıblar: “Qarabağda ermənilər tərəfindən dağıdılmış milli, mədəni və dini abidələri görəndə kədərləndik. Lakin hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bizdə böyük ümid yaratdı. Düşərgə bizim üçün həm bilik, həm də milli kimlik baxımından çox faydalı oldu. Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımızla yeni əlaqələr qurduq. Bu təşəbbüsə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürümü bildirirəm”.

Digər iştirakçı Edda Qocayeva isə qeyd edib ki, bu onun Qarabağa ikinci səfəridir, lakin hər dəfə yeni emosiyalar yaşayır: “Xankəndidə olmaq qəlbimdə qürur duyğuları oyadır. Düşərgənin açılışından dərhal sonra yaradılan mühit bizi valeh etdi. Hüquqşünas olaraq burada xarici universitetlərdə təhsil alan həmkarlarla fikir mübadiləsi apardım. Hətta Avropada bir universitetdən təlim üçün dəvət aldım. Bu da düşərgənin yalnız bu gün deyil, gələcək üçün də dəyərli olduğunu göstərir”.

İştirakçı Ülkər Hüseynova da düşərgənin həm mənəvi, həm də elmi baxımdan zəngin keçdiyini vurğulayıb: “Bakıdakı Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Zəfər abidəsinin ziyarəti bizə tariximizi bir daha xatırlatdı. Xankəndidə keçirilən panellərdə Konstitusiya, suverenlik və diaspor fəaliyyəti mövzuslarında dəyərli məlumatlar əldə etdik. Təşkilatçılıq yüksək səviyyədədir və bizə gələcək fəaliyyətimiz üçün yaxşı təcrübə qazandırır”.

Qeyd edək ki, düşərgə çərçivəsində müxtəlif panel iclasları, görüşlər, təlimlər, ekskursiyalar və əyləncəli proqramlar təşkil olunub.

P.ƏMİRCANOV
XQ



Sosial həyat