Nə qaçın, nə də gizlənin...

post-img

Amma diqqətli olun, müxbir gəlir

Sərlövhəyə çıxardığımız cümlə 22 il əvvəl başqa cür səslənirdi. “Xalq qəzeti”ində dərc olunan o vaxtkı yazımızın adı “Qaçın, müxbir gəlir!” idi və məqalə o illərdə qeyri-peşəkar jurnalistikanın tüğyan etdiyi bir vaxtda oxucu auditoriyası tərəfindən ciddi müzakirələrə səbəb olmuşdu. İndi isə həmin cümləyə ironiya, bir qədər də xəbərdarlıq çaları əlavə etmişik.

...Bəs niyə bu gün bu mövzuya qayıdırıq? Axı görünən odur ki, həmin illərdə barmaqla sayılan “reket jurnalistlər”, yəni qələm vəsiqəsini ciblərində silah kimi gəzdirənlər, indi sanki “tanınmışlıq dövrünü” yaşayıb ifşa olunmuşlar. Deyirlər, maskaları düşüb. Düşübsə, niyə hələ də bir nəfər durub Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi sosial media səhifəsində “mən gəlirəm, çəkiliş aparacağam, sizi ifşa edəcəyəm, sayt rəhbəriyəm!” – deyə bəyanatlar verir?

“Sayt rəhbəriyəm!” – sözün devalvasiyası

Bugün kim istəsə, özünü “sayt rəhbəri” elan edir. Gərək nə jurnalistika ixtisası olsun, nə redaktə bilsin, nə də sadə orfoqrafiya. Tovuzun timsalında qeyd etdiyim sayt rəhbərinin, 10 cümləlik xəbərdarlığında yüz orfoqrafik səhv var. Nə cümlənin əvvəli görünür, nə sonu, nə vergül, nə nöqtə. Sanki yazının özü də qorxudan qaçıb gizlənib.

Belələri indi rayondan-rayona “çıxarışa” gedir – yanında da iki “operator”, bir telefon və bir qovluq. Müəssisənin qarşısında maşını saxlayıb yazır: “Rəhbərlik hazırlaşsın, mən gəlirəm!” Kimi təhdid edir? Həmin o rəhbər ki, bu gün rayonda məktəb təmir etdirir, kəndin yolunu çəkdirir, şəhid ailələrinə baş çəkir, səyyar qəbul keçirir. Amma o “jurnalist” üçün bütün bu işlər yalnız bir sualın cavabıdır: “Məni niyə qəbul etmədilər?”

Tanındılar, ifşa olundular, amma...

İndi artıq hər kəs onları tanıyır. Müəssisə rəhbərləri onlara qapı açmır, telefon zənglərinə cavab vermir, “əlində vəsiqə olan” bu adamların sözü ilə yoxlama başladılmır. Amma bu, onları dayandırmır. Əksinə, indi daha sərt üsluba keçir, şantaja, böhtana əl atırlar. Çünki başqa yolları yoxdur. Saytlarının gündəlik oxucu sayı 20 nəfərdir, o da dost-tanış. Amma hər gün bir icra başçısına “ultimatum” yazırlar.

Belələrinin xəbər dilindən çox, hədə dilinə üstünlük verdiyi məqalələrdə “fakt” deyilənlər telefon zənglərinə, ya da çayxana söhbətlərinə söykənir. Müxbirlik isə elə bil “özfəaliyyət qrupu” səviyyəsində bir fəaliyyətə çevrilib.

Bəs günah kimdədir?

Əvvəllər bəziləri bu adamları “ver get, qurtul” prinsipi ilə yola salırdı. Amma indi o “qurtulmaq” çətinləşib. Çünki bir “ver”, iki “yaz”, üç “şantaj” və nəticədə həmin rəhbər barəsində sosial şəbəkədə status, yalandan “araşdırma” və “araşdırmanı satmaq” cəhdləri başlayır.

Azərbaycan Mətbuat Şurası, ötən illərdə olduğu kimi, bu gün də öz funksiyasını lazımınca icra edir. Amma bu gün vəziyyət nisbətən fərqlidir. Çünki oxucu da ayılıb. Redaksiyalar da bu tip adamları əməkdaş kimi tanımır. Regionlardakı jurnalist kollektivləri də artıq susmur. Onlar bilirlər ki, peşəyə ləkə gətirənlərə qarşı mübarizə yalnız Mətbuat Şurasının deyil, cəmiyyətin, elə medianın özünün də borcudur.

Hədə-qorxu yaymaq, pul qoparmaq

Reket jurnalistikanın əsas “iş metodu” qorxutmaqdır. Qəzet və ya sayt adında “Qanun”, “Cəza”, “İfşa”, “Korrupsiya”, “Məhkəmə”, “Təhqiqat”... kimi ifadələr olan “nəşrlər”in əksəriyyəti sadəcə dırnaqarası brend effektidir, içi isə boşdur.

Gəncədə, Qazaxda, Tovuzda, Şəmkirdə, Goranboyda belə jurnalistlərə artıq “yol yoxdur” deyilir. Bu, yaxşı haldır. Amma daha bir problem var: Bu adamların arxasında bəzən vəzifə sahibləri durur. Onlara qələm verib istədikləri şəxsi cəmiyyət qarşısında gözdən salmaq üçün istifadə edirlər.

Mətbuatın nüfuzunu qoruyaq

İndi jurnalistika yenidən keyfiyyət mərhələsinə qədəm qoyur. Yeni nəsil media peşəkarlaşır, ixtisaslı, savadlı gənclər önə çıxır. Amma bu mübarizədə susmaq olmaz. Bilməliyik ki, bu qara qüvvələrə qarşı mübarizə təkcə Mətbuat Şurasının yox, bizim – bu sahədə on illərdir çalışan insanların da borcudur.

Bu yaxınlarda Qərb bölgəsində mətbuatımızın 150 illiyinə həsr olunmuş tədbirlərdə səslənən fikirlər də əsl jurnalistikanın qiymətinin verildiyini göstərdi. Gəncə, Goranboy, Naftalan, Şəmkir, Qazax, Tovuz, Samux və Ağstafada keçirilən həmin tədbirlərdə yerli icra strukturlarının rəhbərləri təşkil etdikləri görüşlər zamanı Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlərə olan inamlarını və ehtiramlarını ifadə etdilər. Tovuzun icra başçısı Məmməd Məmmədov çıxışında dedi: “Biz sizə inanırıq, yazın, tədbir görək. Təbii ki, biz hər çatışmazlığı dərhal görə bilmərik, böyük rayondur.” Qazaxda Rəcəb müəllim vurğuladı ki, “Sizinlə fəxr edirik! Oturuşunuz, duruşunuz da xoşdur, bir nümunədir” Ağstafanın rayon rəhbəri isə belə dedi: “Bax, bu çay süfrəsi arxasında sizinlə bir yerdə əyləşməyimiz belə, bizə ləzzət verir.”

Bu cür münasibətlər onu göstərir ki, əsl jurnalistika hələ də cəmiyyətin ən dəyərli dayaqlarından biridir. Etibarlı sözə, dürüst informasiyaya və peşəkar müxbirə ehtiyac var. Və bu ehtiyacı qarşılayan jurnalistlər cəmiyyətin, dövlətin, xalqın yanındadır.

Unutmayaq, müəllimimiz, unudulmaz Şirməmməd Hüseynovun bu məşhur sözlərini: “Cahil və nadanın əlinə odlu silah vermək ətraf üçün nə qədər qorxuludursa, siyasi mədəniyyəti, milli qeyrəti, şərəfi olmayan kəmsavadların və qələm dəllallarının əlinə söz silahı, mətbuat orqanı vermək cəmiyyət üçün ondan yüz qat qorxuludur.”

...Mətbuat dördüncü hakimiyyətdir. Amma o “hakimiyyət” əgər reket üsullarına, hədələrə, şantaja söykənirsə, onun adı mətbuat ola bilməz. Gəlin biz, əsl jurnalistlər, əsl oxucular, əsl məmurlar bu saxta obrazlara qarşı bir yerdə duraq. Axı sözümüzün çəkisi onların səsindən qat-qat artıqdır. Təki susmayaq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Əməkdar jurnalist



Sosial həyat