Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasından 12 il ötür.

post-img

Kompleksin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, 2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri görülərkən kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m2 olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılmışdır. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilmişdir. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.

30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Açılışda cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: xatirə abidəsi, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.

Qeyd edək ki, kompleks açıldığı gündən buranı 1 milyondan çox insan ziyarət etmişdir. Onlardan 200 mindən çoxu xarici ziyarətçilərdir. Gələn yerli və xarici ziyarətçilərə 4 dildə- Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı məlumatlar verilir.

XQ













Sosial həyat