“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi uğurla davam edir. Birliyin Zəngilan və Laçın rayonlarından sonra növbəti tədbiri Abşeron rayonunda keçirilib.
Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə rayonda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, gənclər, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu qeyd edib ki, layihənin məqsədi Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova bildirib ki, Abşeron rayonunda 800 mindən artıq insan məskunlaşıb. Onların 40 mindən çoxu Qərbi Azərbaycan torpaqlarından qovulanlardır. Rayonumuz Birinci Qarabağ müharibəsində 229, 44 günlük Vətən müharibəsində isə 200-ə yaxın şəhid verib. Aprel döyüşlərində, antiterror tədbirləri zamanı da şəhidlərimiz olub. 500-dən çox qazimiz var. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edilib. Qaçqınlarımızın, məcburi köçkünlərimizin bir qərinəlik yurd həsrətinə son qoyulub. Yurddaşlarımız mərhələ-mərhələ yurda qayıdırlar. Əminəm ki, bir gün Qərbi azərbaycanlı soydaşlarımız da 37 ildir həsrət qaldıqları ata yurdlarına qayıdacaqlar.
Vaxtilə Azərbaycan Radiosunda Qərbi Azərbaycan kəndləri barədə silsilə verilişlər hazırlayan jurnalist Bəxtiyar Bəxtiyarov deyib ki, Qərbi azərbaycanlı repressiya, deportasiya və soyqırımı qurbanları ən az tədqiq olunan sahələrdəndir. Mən Qərbi Azərbaycanın 530 kəndi haqqında məlumat toplayıb, radioverilişlər hazırlamışam. 1918-1920-ci illərdə Qərbi Azərbaycanda 575 min türk yaşayıb. O qanlı hadisələrdən sonra - 1920-ci ildə cəmi 20 min Azərbaycan türkü siyahıya alınıb. Qalan 555 min nəfərin qaçanı qaçıb canın qutarıb, qaça bilməyənləri daşnaklar qırıblar. O illərdə 499 kənd yerlə–yeksan edilib. Gənclərimiz bir şeyi unutmasınlar ki, ermənilərin türk düşmənçiliyi və millətçilik xəstəliyi sağalan deyil.
Layihənin eksperti, tarixçi Bəxşeyiş Ələmşahov Abşeron rayon rəhbərliyinə “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” kimi layihələrin keçirilməsinə şərait yaratdığına, təşkilati dəstəyə görə minnətdarlığını bildirib.
Bəxşeyiş Ələmşahova milli-mənəvi dəyərlərimizə sahib çıxdığına, Zəngəzur mahalının zəngin tarixini əks etdirən çoxsaylı eksponatlardan yaratdığı Tarix -diyarşünaslıq muzeyini 1988-ci ilin qanlı qırğınlarında həyatını təhlükəyə ataraq, Azərbaycana köçürməklə göstərdiyi fədakarlığa görə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin fəxri diplomu təqdim edilib.
Tədbirin rəsmi hissəsindən sonra iştirakçılara son 200 ildə xalqımıza vurulan maddi–mənəvi zərərlərin əks olunduğu bukletlər paylanılıb. Tamxil Ziyəddinoğlu Abşeron Rayon İcra Hakimiyyətinin kitabxanasına bağışladığı “Güllə səsinə açılan qapı” kitabını icra başçısının müavini Gülnar Rəhimovaya təqdim edib. Görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib. Beləcə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara düşən inam işığında hər kəs öz yoluna çıxıb.
XQ