“Euronews” telekanalı bu il sentyabrın 19–21-də Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-prisi haqqında süjet hazırlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə builki yarışın Avropa, Amerika, Asiya və Yaxın Şərqdən təxminən 13 min tamaşaçı cəlb etdiyi qeyd olunub. Bildirilib ki, Formula 1-in ən sürətli düz yolları və ən dar döngələrinin birləşməsi ilə məşhur olan şəhər trası bir daha gözlənilməz nəticələr ortaya çıxarıb.
“Bu, möhtəşəm şəhər, heyrətamiz bir yarış trasıdır. Ona görə də sizin Formula 1-ə azarkeşlik etməyinizdən və ya bu idmanla yeni tanış olmağınızdan asılı olmayaraq, Bakı “döyüş” üçün ən yaxşı məkandır… Dünyanın hər yerindən insanlar Qran-priyə baxmaq üçün Azərbaycana gəlirlər”, - deyə Formula 1 Azərbaycan Qran-prisi üzrə məsul şəxs Urfan Ağazadə söyləyib.
Süjetdə vurğulanır ki, regionun bu böyük idman hadisəsi təbii olaraq dünyanın hər tərəfindən qonaqlar cəlb edir. Bu səbəbdən təşkilatçılar tribunaların sayını artıraraq, ənənəvi “Champions və Marine” tribunalarına yenilərini əlavə ediblər. Nəticədə Bakıda keçirilən Qran-pridə tamaşaçı yerlərinin sayı 20 mindən çox olub və bu da şəhərin Formula 1 təqvimində əsas məkanlardan biri kimi mövqeyini möhkəmləndirib.
“Bakı trası geniş küçələrlə dar döngələrin unikal birləşməsidir, bu səbəbdən yarışın nəticəsi hər dəfə əvvəlcədən müəyyən edilə bilmir. Xüsusən də 16-cı döngədən birinci döngəyə qədər olan hissə ən geniş küçələrlə seçilir və burada bolidlər saatda 368 kilometr, hətta 378 kilometr sürət yığa bilir. Urfan Tağızadə xatırladır ki, bu sürət göstəricisinə 2016-cı ildə Bottas çatıb. O həmçinin trasın ən dar döngələrindən biri olan, eni cəmi 7,6 metr olan 8-ci döngəyə də diqqət çəkir: Bakı trası tamaşaçılara marşrutun bir hissəsinin nə qədər geniş, digərinin isə nə qədər dar olduğunu hiss etmək imkanı yaradır. Bu səbəbdən yarış təşkilatçıları üçün təhlükəsizlik hər zaman birinci yerdə dayanır”.
“Bizim inteqrasiya olunmuş HCS komandamız var, o, şəhər yol polisi, Fövqəladə Hallar Nazirliyi və tibbi xidmətlərlə əməkdaşlıq edir ki, bütün proseslər şəxsi heyət, tamaşaçılar və tərəfdaşlar üçün təhlükəsizlik qaydalarına uyğun həyata keçirilsin. Şəhər trasının quraşdırıldığı və söküldüyü bu səkkiz ildə biz misilsiz təcrübə qazanmışıq. Əsas addım baryer sisteminin modernləşdirilməsi oldu ki, bu da quraşdırma müddətini yeddi həftədən beş həftəyə endirdi”, - deyə Formula-1 Qran-prisində obyektlərin çatdırılması şöbəsinin müdiri Dmitri Jivayev bildirib.
Bu yenilik, yarışların və mükafatlandırma mərasiminin bitməsindən sonra cəmi 12 saat ərzində trasın sökülərək şəhərdə nəqliyyatın hərəkətinin bərpasını təmin edib. Beləliklə, təşkilatçılar rekord dərəcədə sürətli yenidənqurma nümayiş etdiriblər.
Təşkilatçıların sözlərinə görə, hər növbəti il yeni çətinliklər gətirir, yeni sürprizlər hazırlayır və insanları həm yarışa, həm də şəhəri kəşf etməyə dəvət edir. Bakı mədəniyyəti, mətbəxi və qonaqpərvərliyi isə mütləq hər kəsi valeh edəcək.