Ağstafa rayonunun Qırılı kəndində dünyaya göz açan Elvin İmaməliyev Azərbaycan Dillər Universitetini bitirdikdən sonra doğulduğu Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində əvvəlcə müəllim, daha sonra direktor kimi fəaliyyət göstərib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon şöbəsi Gənclər Birliyinin sədri olub.
Vətən müharibəsinin ilk günlərindən könüllü torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə könüllü iştirak edib. “2020-ci il noyabrın 9-da isə Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub. Doğma Qırılı kənd qəbiristanlığında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Elvin Elsevər oğlu İmaməliyev “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub. 2 oğul övladı yadigar qalıb.
Elvin atası Elsevər İmaməliyevə noyabrın 8-dən 9-na keçən gecə zəng edərək “ata, mən yaxşıyam, narahat olmayın”, – deyib. Bu, bir cümlə Elsevər kişi ilə oğlu arasında son danışıq olub. Ata söyləyir ki, Elvin bəlkə də o vaxt yaralanıbmış, tezliklə şəhid olacağını hiss etdiyi üçün bütün ağrılarına güc gələrək beləcə xudahafizləşib.
Vaxtilə şagirdi olmuş İsgəndər Yaqublu şəhid direktorları ilə bağlı xatirəsini bölüşür: – Elvin müəllim həmişə deyirdi ki, dərslərinizi yaxşı oxuyun, savadlı, bilikli olun. Döyüş təkcə səngərdə aparılmır. Biz müharibə şəraitində yaşayırıq. Sizin təhsilli, bilikli olmağınız da ölkəmizin gücünü artırır.
Torpaq uğrunda gözünü qırpmadan ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağa, xalqa bağlı tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.
M.MİRZƏ
XQ