Qəfil ölümlərə necə sipər çəkək?

post-img

Hər dəfə qəfil ölüm səbəbindən həyatını dəyişən olanda ürəyimizlə bağlı problemə, hətta onun hər vurğusunun yerdəyişməsinə belə diqqət etməli olduğumuz yadımıza düşür. Amma nədənsə vaxt azlığını, məişət qayğıları və iş-gücdən macal olmadığını bəhanə edib həkimə getməyi, müayinə olunmağı və dərdimizə çarə etməyi arxa plana atırıq. Onda ayılırıq ki, artıq gecdir, qarşıda iki yol var: ya əməliyyat, ya da həyata vida!

Bu yaxınlarda hamıya gülüş bəxş edən, ölümü ilə “gülüş ömrü uzadır” fikrini alt-üst edən əməkdar artist Cabir İmanovun həyatla vidalaşması bir daha qəfil ölümlərin səbəbləri ilə bağlı mütəxəssis fikrini öyrənməyə ehtiyac yaratdı. Sorğumuza Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Musa Qəniyevdən və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimovadan cavablar aldıq.

Öncə professor Musa Qəniyevdən soruşduq:

– Doktor, idman, fiziki hərəkət və qəfil ölüm – bunların arasında hansı bağlılıq var?

– Əvvəlcə onu deyək ki, ani ölümlərin, xüsusilə 40–50 yaş arası, idman zallarında böyük güc tələb edən intensiv idman hərəkətləri zamanı baş verməsinin yeganə səbəbi, fiziki gərginliyin təhrik etdiyi məlum və ya gizlin ürək-damar sistemi xəstəliklərinin kəskinləşərək, kompensator mexanizmlərə tabe olmayan sonluğudur. Bu halda ölüm, əsasən, fiziki gərginliyin pik həddində baş verir.

– Son hadisə bu fikrin doğru olmadığını göstərdi.

– Doğrudur, diqqətçəkən və müəyyən qədər qaranlıq məqam odur ki, bəzən qəfləti ölüm fiziki gərginliyin yuxarı həddində deyil, bu hərəkətlərdən sonra, insan istirahət etmək üçün oturduqda və ya uzandıqda, yəni orqanizmin bərpaolunma fazasında baş verir. Bu halın incələnməsinin günümüzdə əhəmiyyətini nəzərə alaraq, bəzi məqamları sizinlə bölüşməyi lazım bilirəm.

İntensiv məşqlər zamanı ürək fəaliyyəti yüksək həddə olur. Məşqin sonu – istirahətin ilkin mərhələsində, periferik damar müqaviməti tam bərpa olunmadığından, arterial qan axını hələ də skelet əzələlərinə istiqamətlənir. Bu səbəbdən, ürək yığılmaları zəifləməyə başladıqda, miokardın oksigenə olan tələbat və təminatı arasında disbalans yaranır. Paradoksal olsa da, ürəkdə gizli problemlər varsa (məsələn, koronar arteriyanın anomaliyası), bu hal, kəskin oksigen aclığına və bunun nəticəsi kimi ölümlə nəticələnən miokard infarktına səbəb ola bilir. Eləcə də istirahət zamanı ürəyə qanın venoz dönüşünün kəskin azalması, ürəyin yüklənməs onu daşıyıcı sisteminin, xüsusən magistral damarlarında, periferik damar müqavimətinin bərpa mexanizmlərinin ləngiməsi səbəbindən, arterial təzyiqin kritik minimum həddini keçməsi də ani ölümün baş verməsi səbəblərindən biridir. Digər tərəfdən, baş verən ani ölüm, yüksək faiz nisbətində, ürəkdə elektrik sabitliyinin kritik səviyyədə pozulması ilə əlaqədardır. Çünki ürəyin sinir tənzimi nisbətində ani olaraq kəskin disbalans yaranır.

Simpatik sistemin dominant rolu, parasimpatik sistemin aktivləşməsilə əvəzlənir. Bu kəskin dönüş (ürəyin reperfuziyası), məlum patologiyası olan ürəkdə, əksər hallarda mədəciklərin səyriməsi kimi fetal aritmiyanın meydana çıxması və ani ölümün baş verməsinə səbəb olur.

Ağır və intensiv məşqlərdən sonra baş verən qətil ölümlərdə, əsas risk faktorunun sonuncu mexanizm oynadığı iddia olunur.

Şübhəsiz ki, səbəbindən asılı olmayaraq, xüsusən gənc yaşlarda baş verən qəfləti, ani ölümlərin hamısı faciədir. Bu hal tək bir ailənin deyil, həmin insanı tanıyan, sevən, o cümlədən insanlığı sevən hər kəs üçün faciədir.

Mətləbdən uzaq olsa da, xususən yaşı 25-ə qədər olan müasir gənclik bilməli və dərk etməlidir ki, bütün idman növləri, yalnız bir məqsədə, sağlamlığa xidmət etməlidir. Neyro-humoral sistemin xüsusi fəallığı ilə seçilən bu yaş dövründə gənclər sağlamlıq xatirinə deyil, əksərən özlərinə kumir saydığı idmançılara oxşamaq, nəyə və kiməsə xatir, “bədən yığmaq və ya formada olmaq üçün” idman zallarına üz tuturlar.

– Gənclər idman zallarına getməsinlər?

– Getməsinlər demirəm. Amma hazırda əksər idman zallarında anabolik steroid, protein və sair kimi ölüm gətirən vasitələrə çıxış, möhtəkirlərin gəlir yeri olduğundan, demək olar ki, azaddır. Gənclərimiz bilməlidir ki, sağlamlıqları naminə belə maddələrdən mütləq şəkildə uzaq durmalıdırlar. Unutmaq olmaz ki, gənclərin bədən formasına pərəstiş etdiyi və oxşamağa çalışdıqları xarici idmançılar peşəkarlardır. Onları sağlamlıq yox, həyatları bahasına olsa belə, yaşamaq naminə, yalnız maddiyyat düşündürür. Bunun yeganə yolunu isə yalnız əzələli bədənlərinin nümayişində görürlər. Bu cür “məşhur”ların nə qədər yaşadığını isə, sadəcə olaraq, internet mənbələrində axtarış etməklə bilmək olar.

Ürəyin işemik xəstəliklərinin müalicəsi ilə məşğul olan kardioloq Mədinə Əzimovadan soruşduq:

– Hər ürək dayanması mütləq ölümlə nəticələnirmi? Buna nələr səbəb olur?

– Statistikaya görə, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Ürəyin dayanması o deməkdir ki, onun fəaliyyəti qəfil durur və klinik ölüm baş verir. Bu zaman xəstənin huşu itir, iri arteriyalarda nəbz vurmur, küylü nadir tənəffüs, dərinin göyərməsi, bəbəklərin genişlənməsi baş verir. Belə hal irsən kardioloji patologiyaları, ürək-damar problemi olan insanlarda hər an baş verə bilər. Diabet, təzyiq, böyrək çatışmazlığı olan xəstələr risk qrupuna aiddir. Qəfil ürək dayanması infarkt deyil. Ürəyi zəif insan qəfildən çox fiziki yüklənəndə, intensiv idmanla məşğul olan zaman ürəyi dayana bilər. Ürək ölümü dərman, spirtli içki, psixotrop maddə qəbulundan sonra da baş verə bilir.

– Statistika göstərir ki, ürək xəstəlikləri 20–30 il əvvələ nisbətən cavanlaşıb...

– Hazırda elm və texnikanın inkişafı ilə paralel ürək xəstəlikləri də artıb və gəncləşib. Bu xəstəlikdə ən önəmli risk amili yaşdır. Yaş artdıqca, ürək-damar xəstəliklərinə məruz qalma riski də çoxalır. Müasir dövrdə iş şəraiti, oturaq həyat tərzinə meyillilik, normadan çox qida qəbulu, piylənmə, stres, siqaret çəkmək, havanın çirklənməsi xəstəliklərin yaranma riskini artırır. Deyə bilərəm ki, yalnız Azərbaycanda yox, dünyada ürək xəstəlikləri cavanlaşıb.

Ürəyin işemik xəstəliyi olan insanlar 80 faiz hallarda ürək dayanmasından ölür. İşemik xəstəliyin nə vaxt başlayacağı isə yaşa baxmır. Bu, 30 yaşdan sonra da ola bilər, 40 yaş ötəndən sonra da. Ona görə də hər kəsin ildə 2 dəfə ürək–damar sistemi yoxlanmalıdır.

Qəfil ürək ölümü problemi həm tibbi-sosial əhəmiyyətinə, həm də dramatik xarakterinə görə, uzun illərdir ki, səhiyyənin aktual problemlərindən biri olaraq qalır. Belə ölüm kliniki simptomlar başlayandan bir saat ərzində, qan dövranının dayanmasının qəfil inkişaf etməsi başa düşülür. Bu nəticə həkimlər üçün də gözlənilməz olur. Çünki hücum ərəfəsində xəstənin vəziyyəti stabil olur. Bəzi insanlarda ani ürək ölümü, çox vaxt xəstəliyin ilk və son təzahürü olur. Səbəb odur ki, qəfil ölüm əksər hallarda aritmik ölümdür. Bu zaman ilk 5–6 dəqiqədə tibbi yardım göstərilməlidir. Təəssüf ki, çox vaxt belə ölüm tibb müəssisəsindən kənarda baş verir.

– Qəfil ölümlərin qarşısının alınması üçün nə lazımdır?

– Avropa Kardiologiya Cəmiyyətinin mədəcik aritmiyası olan xəstələrin idarə edilməsi və qəfil ürək ölümünün qarşısının alınması üçün təşkil etdiyi təlimlər yenilənib. Ürək dayanması olan xəstələrin sağ qalmalarına yardım məqsədilə məktəblərdə və əhali arasında ilk tibbi yardım və reanimasiya bacarıqlarının öyrədilməsi tövsiyə olunur.

Dünyada hər il 6 milyon insanda qəfil ürək dayanması baş verir. Bunlardan 10 faizdən az adam sağ qalır. Sənəddə vurğulanır ki, hər kəs, o cümlədən məktəblilər ürək–ağciyər reanimasiyası həyata keçirə bilməli və avtomatik xarici deflibrilatordan istifadə etməyi öyrənməlidir. Bu hərəkətlər ekspertlərin fikrincə, sağ qalmağa kömək edə bilər. Qəfil ürək ölümlərinin 75–80 faizinin səbəbi koronar ürək xəstəliyidir.

– Həkim tövsiyəsi qəfil ölümlərə sipər ola bilərmi?

– Qəfil ürək ölümü riskini azaltmaq üçün sağlam həyat tərzi keçirməyi, pəhriz saxlamağı, siqaretdən imtina, çəkiyə nəzarət və aktiv həyat tərzinə riayət etməyi, həmçinin stres səviyyəsini azaltmağı tövsiyə edirəm. Onu da qeyd edim ki, kəskin koronar sindromu olan xəstələrdə revaskulyarizasiya (şuntlama) ilə mədəcik aritmiyasının və ani ürək ölümü ehtimalı azaldıla bilər. Bu, miokardın qan tədarükünü normallaşdıraraq, ürək fəaliyyətini saxlamağa imkan verir.

Kişilər qadınlara nisbətən daha çox ürək dayanması riski daşıyır. Həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıram.

Sorğunu apardı:
Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat