“Milli Fikir və İnkişaf” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və ideoloji mücadilə” adlı layihə çərçivəsində tədbir keçirmişdir. Tədbir Bakı şəhəri Yasamal rayonu 176 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. Tədbirin məqsədi şagirdlərdə rəqəmsal savadlılığı artırmaq, onları internet mühitində düzgün informasiya seçimi, şəxsi məlumatların qorunması və ideoloji təsirlərə qarşı mübarizə metodları barədə məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə açan 176-saylı tam orta ümumumtəhsil məktəbinin direktoru, tarix üzrə fəlsəfə doktoru Ceyhun Bayramlı ictimai birliyin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, internetin düzgün istifadəsi təkcə texnoloji bilik deyil, həm də mədəniyyət, milli dəyərlər məsələsidir.
O qeyd edib ki, məktəb olaraq şagirdlərə təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq, valideynlərlə mütəmadi maarifləndirmə işi aparmaq əsas prioritetlərdəndir. Direktor bu kimi tədbirlərin davamlı keçirilməli olduğunu və yeniyetmə və gənclərin bol informasiya mühitində saxta və doğru xəbərləri ayırmağın vacibliyindən söhət açıb.
Sonra təhsil eksperti, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin idarə heyətinin üzvü Rizvan Fikrətoğlu interaktiv metodlarla çıxış edərək sosial şəbəkələrin müasir dövrdə yeniyetmələrin həyatında mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, informasiya müharibəsi artıq hər bir istifadəçiyə təsir edə biləcək səviyyəyə çatıb və şagirdlərin bu proseslərə qarşı hazırlıqlı olması prioritet məsələdir.
R.Fikrətoğlu sosial şəbəkələrdə yayılan dezinformasiya, feyk xəbərlər, manipulyasiya alqoritmləri və psixoloji təsir üsulları barədə danışaraq, gənclərin tənqidi düşüncə, məlumatların mənbələrini sorğulmaq bacarığının gücləndirilməsinin zəruriliyini qeyd edib.
Daha sonra informasiya təhlüksizliyi layihələri üzrə ekspert Murad Ələkbərzadə çıxış edərək rəqəmsal təhdidlərin təkcə fərdlərə deyil, ümumi təhsil mühitinə təsirindən danışıb.
O, şagirdlərin internetdə iz qoymadan istifadə qaydaları, şəxsi məlumatların qorunması, kibertəhlükəsizliki və sosial platformaların istifadə şərtləri barədə praktik tövsiyələr verib.
Tədbirin sonunda şagirdlərlə interaktiv sual-cavab sessiyası təşkil olunub. Onlar sosial şəbəkələrdə təhlükəsiz davranış, kibertəhlükəsizlik qaydaları, internetdə etibarlı mənbələrin seçilməsi və kənar təsirlərə qarşı öz mövqelərini qoruma yolları barədə suallar veriblər. Mütəxəssislər bütün sualları ətraflı şəkildə cavablandırıb.



