TDT-nin Media və İnformasiya Forumu

post-img

2025-ci il  noyabrın 27-dən başlayaraq Bakıda Türk Dövlətləri Təşkilatının  media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci  toplantısı keçirilir. Toplantıda  TDT-yə  üzv dövlətlərin  qarşıdakı dövrlərdə  prioritet  fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Türkiyənin Azərbaycandakı  səfirliyinin mətbuat müşaviri  Alptekin  Cihangir İşbilir   “TDT Ölkələri arasında Rəqəmsal  Media Mühitində  Qarşılıqlı Əməkdaşlıq  İmkanları” adlı paneldə çıxış edərək çox mühüm məsələdən danışaraq demişdir ki, Türk dövlətlərinin vahid məlumat bazasının olmaması təəssüf  doğurur.  Bu baxımdan Türkiyənin TRT kanalı ilə Azərbaycan Televiziyasının  mübadilə proqramlarından nümunə götürmək yaxşı olardı.

Forumda  Türkiyə Respublikası Prezident  Administrasiyasının İctimaiyyətlə  Əlaqələr İdarəsinin  Sədr müavini, prof. dr. Ferhat Pirinççi çıxış edərək demişdir ki, bu tədbir Türk dünyasında informasiya və media sahəsində əməkdaşlığı gücləndirən strateji addımdır. O, çıxışına davam edərək bildirmişdir ki,  Türkiyə olaraq media sahəsində topladığımız  təcrübəni bölüşməyə və bu sahədə  əməkdaşlıqları gücləndirməyə hazırıq.  Prezident Administrasiyasının  İctimaiyyətlə Əlaqələr İdarəsi başda olmaqla Anadolu Agentliyi, TRT, Basın İlan Kurumu və RTÜK qardaş ölkələrdəki müvafiq qurumlarla əməkdaşlığı genişləndirməyə sadiqdir.

Ferhat Pirinççi  TDT  ölkələrinin 2025-ci il Fəaliyyət Planının icrasına önəm verərək demişdir: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatımız artıq regional  çərçivəni aşaraq  qlobal aktora çevrilmək  yolunda  irəliləyir və nümunəvi  əməkdaşlıq modeli kimi formalaşır.” 

Ferhat Pirinççi süni  intellektlə yaradılan saxta xəbərlərə və dezinformasiyaya qarşı ciddi mübarizə tədbirlərinin hazırlanmasına da fikrini bildirmişdir: “Süni intellektlə yaradılan saxta xəbərlər, deepfake texnologiyaları və sürətlə yayılan  dezinformasiya təkcə ölkələrimizin daxili  ictimai rəyinə deyil, xarici siyasətimizə, iqtisadi münasibətlərimizə və digər sahələrə də təsir edir.

... Regional  sülhü, təhlükəsizliyi və sabitliyi  hədəf alan  informasiya  manipulyasiyalarına yalnız birlikdə  qarşı dura bilərik.Texniki potensialın paylaşılması, ortaq rəqəmsal  platformaların  yaradılması, media əməkdaşlarımız üçün  qarşılıqlı təlim proqramlarının  təşkili və sürətli məlumat  axınını təmin edəcək koordinasiya mexanizmləri böyük əhəmiyyət daşıyır.”

Sonda Ferhat Pirinççi belə bir toplantının Türk dünyası üçün mühüm əhəmiyyətini qeyd etmiş, Azərbaycanın ev sahibliyi  etdiyi   görüşün təşkilatçılarına minnətdarlığını bildirmiş,  birliyimiz və bərabərliyimizin daimi olmasına öz xeyir-duasını  vermişdir.

Kəmalə Abdinova 

XQ

 

  

Sosial həyat