Böyük bir şəhərin səs-küyü içində addımlayan, lakin içində tam fərqli bir səssizlik və aydınlıq daşıyan bir obraz düşünün. Onun addımları tələskən yox, düşünülmüş, məqsədli və öz ritmini özü müəyyən edən addımlardır.
Bu obrazın gözlərində qərarlı bir parıltı var. Bəli, o, insanları anlamaq, onları olduğu yerdən daha irəliyə aparmaq və ən əsası, hər bir gəncin içində gizlənmiş gücü oyatmaq əzmindədir. Belə insanlar bir müəllim kimi yox, bir yolgöstərən kimi çıxır insanların qarşısına, çünki onun üçün inkişaf yalnız bilikdə deyil, həm də insanın özünü tapması, daxili potensialına inanması və uzun müddət davam edən şüurlu motivasiya qazanmasıdır.
Bu missiyanın sahibi Aisa Aslanovadır. Onun Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aldığı təhsil, sanki sonradan quracağı böyük yolun təməli idi. Amma bu təməl tək başına kifayət etmədi, Aisa xanım bu bilikləri 7 il ərzində gənclər sektorunda çalışaraq təcrübə ilə möhkəmləndirdi. Dərs Evi və "Dadashsoy Business School" kimi yerlərdə çalışdığı dönəmlər onun üçün həm peşəkar məktəb, həm də insan xarakterlərini dərindən tanımaq üçün bir laboratoriya oldu. Bu illər ərzində o, hər bir gəncin ehtiyacını, hər bir müraciətin arxasındakı səbəbi və hər bir hədəfin hansı metodlarla mümkün ola biləcəyini daha aydın gördü.
Bu proseslərin davamında doğan ən böyük layihə isə "Pilgrim Education MMC" idi. Artıq 4 ildir ki, Aisa Aslanova bu mərkəzin təsisçisi və icraçı direktoru kimi yüzlərlə gəncin taleyində dönüş nöqtəsinə çevrilə bilir. "Pilgrim Education" təkcə bir təhsil şirkəti kimi yox, həm də inkişafa açılan qapıdır. Yəni burada hər bir tələbə təkcə məlumat almır, həm də öz yolunu kəşf edir. Aisanın rəhbərliyi ilə həyata keçirilən proqramlar, çoxlarının illərlə topladığı bilikləri qısa zamanda sistemləşdirməsinə və öz gücünü dərk etməsinə imkan yaradır.
Onun 5000-dən çox fərdi konsultasiya keçirməsi, bir insanın həyatına necə təsir edə biləcəyini göstərən ən güclü faktlardandır. Bu konsultasiyalar həm xaricdə təhsil, həm də şəxsi inkişaf istiqamətlərində olub və hər biri fərdi yanaşma tələb edib. Aisa xanım üçün hər bir görüş bir hekayə, bir dönüş və bir məsuliyyətdir. 2025-ci ilin iyulunda ICF qrupunun təlim və imtahanlarını uğurla tamamlayaraq beynəlxalq təlimçi statusu qazanması isə onun uzun illik fəaliyyətinin, intizamının və peşəkarlığının rəsmi təsdiqinə çevrilib. Bu status ona yalnız yeni qapılar açmayıb, həm də təlim prosesində sərgilədiyi metodların dünya standartlarına cavab verdiyini göstərib.
Onun fəaliyyəti media sahəsində də geniş əksini tapıb. 50-dən çox platformada, o cümlədən respublikanın nüfuzlu media resurslarında müsahibələri dərc olunub. Hər müsahibəsi həm maarifləndirici, həm də motivativ xarakter daşıyır. Onun keçirdiyi seminarların sayı isə artıq 50-ni keçərək geniş auditoriyalara təsir göstərib.
“VOICE-UP” proqramı isə Aisa Aslanovanın gənclər tərəfindən ən çox sevilən layihələrindən biridir. Dörd blokdan ibarət olan bu kurs, müsahibəyə hazırlığın həm nəzəri, həm praktiki, həm də psixoloji tərəflərini əhatə edir. Bu proqramdan keçən gənclər yalnız müsahibəyə hazır olmur, bir sözlə, öz güclərinə inanmağı da öyrənirlər. Onun ən unikal layihəsi isə “Impulse” proqramıdır. Bu sistem insanın uzunmüddətli motivasiyasına, şüurlu inkişafına və özünü tanıma mexanizmlərinə əsaslanır. Qafqaz və post-sovet məkanında analoqu olmayan bu layihə Aisa xanımın təlimçilik fəaliyyətinə yeni nəfəs gətirib. "Impulse" bir insanın daxili nizamını formalaşdıran, motivasiyanı davamlı edən və həyat planlamasını sistemləşdirən unikal bir modeldir. Bütün bu addımlar, layihələr və nailiyyətlər əlbəttə ki, bir məqsədə xidmət edir - gənc istedadların potensialını hərəkətə gətirmək. Aisa Aslanova göstərir ki, dəyişmək istəyən hər kəs üçün yol var. Yetər ki, o yolun başlanğıcında inanan bir insan dayansın. Və məhz bu inamı yaratmaq, gənclərə öz güclərini xatırlatmaq onun fəaliyyətinin ən böyük, ən mənalı yekunudur.

