Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyət hissi ilə təmin olunur. Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayanan və düzgün davranış nümayiş etdirən piyadalar belə bəzən başqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşə bilirlər.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.
Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yola kifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxt ağır nəticələrə gətirib çıxarır. Belə hallarda piyadanın təhlükədən yayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına imkan yaradır.
DİN sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları qaydalara uyğun hərəkət etməyə çağırır: “Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin düşünülmüş və doğru qərarlarından başlayır”.
XQ

