Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib

post-img

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib. 

Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin kollektivi iştirak ediblər. 

Aİİ rektoru, dosent Aqil Şirinov çıxış edərək, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyinə diqqət çəkib. A.Şirinov bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyinin yenidənbərpasında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dövlətimizin ən çətin mərhələlərdən uğurla çıxmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. 

Aİİ rəhbəri bildirib ki, Ulu Öndərin fəaliyyətinin bütün istiqamətlərdə – elmi, siyasi və ictimai – tədqiq edilməsi, araşdırılması böyük əhəmiyyət daşıyır. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti təkcə siyasi rəhbər kimi deyil, bütöv bir dövrü formalaşdıran, dövlətçilik ideologiyasını yaradan dahi şəxsiyyət kimi tarixə düşüb. 

İnstitut rektoru nəzərə çatdırıb ki, Heydər Əliyevin ideyaları, siyasi xətti, milli dövlətçilik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və hazırda Azərbaycan regionun ən güclü və sabit dövlətlərindən birinə çevrilib.

Bakı Dövlət Universiteti Tarix fakültəsi Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova çıxış edərək, Ulu Öndər haqqında xatirələrini bölüşüb, Ümummilli Lider Heydər Əliyev haqqında yazdığı ilk fundamental doktorluq dissertasiyası haqqında söhbət açıb. 

İ.Hüseynova qeyd edib ki, kitab Azərbaycanın müstəqil dövlətçiliyinin banisi, fenomenal lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini əhatə edən elmi bir monoqrafiyanın təsviridir. Əsərdə zəngin arxiv materialları əsasında Ulu Öndərin həyatı sistemli şəkildə təhlil edilib.

Tədqiqat zamanı arxiv materialları, tarixi sənədlər və çoxsaylı faktlardan istifadə etdiyini vurğulayan professor İradə Hüseynova bildirib ki, Heydər Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin inkişaf mərhələlərini köklü şəkildə dəyişdirən dönüş nöqtələri ilə zəngindir. O, respublikanı ağır siyasi və sosial sınaqlardan çıxarmağı, parçalanma təhlükəsi ilə üz-üzə qalmış dövləti birləşdirməyi, yeni strateji hədəflər müəyyənləşdirməyi bacaran tarixi, cahanşümul lider idi.

Professor İ.Hüseynova daha sonra vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin irsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu davamlılıq ölkəmizin siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.

XQ













Sosial həyat