Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı dövlətçilik tariximizin iki mühüm mərhələsini əhatə edən bu dövr artıq arxada qalır. Bu məntiqi və ideoloji ardıcıllığın davamı kimi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verdiyi yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. Çünki memarlıq xalqın keçdiyi tarixi yolu, formalaşmış dünyagörüşünü və estetik düşüncəsini nəsildən-nəslə ötürən mənəvi irsdir. Şübhəsiz ki, bu tarixi qərar xalqımızın rifahına, şəhər mühitinin daha da gözəlləşməsinə və milli kimliyimizin qorunmasına xidmət edəcək.
Sərəncamda qeyd olunduğu kimi Azərbaycanın şəhərsalma və memarlıq irsi uzun tarixi inkişaf yolu keçərək formalaşmış və hər dövrdə yüksək bədii-estetik səviyyəsi ilə seçilmişdir. Tarixi şəhərlərimiz müxtəlif mərhələlərdə genişlənib yeni funksiyalar qazansa da onların planlaşdırma quruluşunda və memarlıq simasında yerli mədəniyyətə məxsus cəhətlər qorunub saxlanılmışdır. Bu xüsusiyyətlər şəhər mühitinin milli kimliyi yaşadan mühüm amilə çevrilməsinə şərait yaratmışdır.
Respublika ərazisində dövlət mühafizəsində olan qalalar, karvansaralar, dini ibadət məkanları və memorial tikililər Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrini bu günədək yaşadan nadir nümunələrdir. Bu abidələr yalnız tarixi baxımdan deyil, eyni zamanda bədii həllinin kamilliyi ilə də seçilərək memarlıq irsimizin əsas simvollarına çevrilmişdir. Beynəlxalq səviyyədə tanınan və dünya mədəni irsi statusu almış nümunələr isə Azərbaycan şəhərsalma sənətinin ümumbəşəri dəyərini nümayiş etdirir.
XIX əsrin ortalarından etibarən şəhərlərin planlaşdırılmasında və memarlıq üslubunda müşahidə olunan dəyişikliklər xüsusilə Bakının inkişafında aydın görünməyə başlamışdır. Sənayeləşmə prosesləri fonunda paytaxt şəhəri Şərq və Qərb memarlıq elementlərinin vəhdətində özünəməxsus sima qazanmış, tarixi irs ilə müasirliyin harmoniyası formalaşmışdır.
Azərbaycanın şəhərsalma inkişafında Ulu Öndər Heydər Əliyevin rolu xüsusilə əhəmiyyətlidir. Onun təşəbbüsü ilə milli memarlıq ənənələri qorunmaqla yanaşı, müasir layihələrdə yaradıcı şəkildə tətbiq edilmişdir. Bu dövrdə şəhərlərin yenidən qurulması və bölgələrin planlı inkişafı həyata keçirilmiş, görkəmli memarların fəaliyyəti nəticəsində milli ruhu əks etdirən və eyni zamanda müasir dövrün tələblərinə cavab verən yeni memarlıq nümunələri formalaşmışdır. Beləliklə, müasir Azərbaycan şəhərlərinin unikal görünüşü və funksional strukturu məhz həmin strategiyanın məhsuludur.
Bununla yanaşı işğaldan azad olunmuş ərazilərimizin düşmən tərəfindən sistemli şəkildə dağıdılması və azadlıqdan sonra həmin ərazilərdə yeni şəhər və qəsəbələrin salınması, müasir memarlıq və şəhərsalma prinsiplərinin tətbiqi 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini zəruri edən əsas amillərdən biridir. Bu qərar yalnız şəhərsalma və memarlıq sahəsindəki inkişafı stimullaşdırmaqla kifayətlənmir, eyni zamanda xalqımızın milli həmrəyliyini və dövlətçilik ideallarını gücləndirir, azad olunmuş torpaqlarda müasir və funksional yaşayış mühitinin yaradılmasına, tarixi irsin qorunmasına və regionların sosial-iqtisadi inkişafına yönəlmiş strateji prioritetləri əks etdirir. Beləliklə, “Şəhərsalma və Memarlıq İli” təşəbbüsü həm müasir inkişafın, həm də milli-mədəni dəyərlərin qorunmasının birgə təmin olunması baxımından ölkəmiz üçün mühüm tarixi əhəmiyyət daşıyır. Dövlətimiz və xalqımız üçün bu qərarın uzunmüddətli uğurlar gətirəcəyinə inanırıq.
Emin Bağırov,
siyasi şərhçi

