“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı

post-img

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib.

Dövlət və hökumət qurumlarının rəsmilərinin, idman ictimaiyyətinin və media mənsublarının iştirakı ilə baş tutan mərasimi açan AŞF-nin prezidenti Mahir Məmmədov filmin müəllifi Azad Abbasovun gözəl iş ərsəyə gətirdiyini bildirib. O, Faiq Həsənovun ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın çətin günlərində şahmat hərəkatının mövcud olması üçün mübarizə apardığını bildirib. Federasiya rəhbəri 85 yaşlı hakimin ölkədə 59-dan çox şahmat məktəbinin indiyədək mövcud olmasında böyük səylərinin və misilsiz rolunun olduğunu deyib.

Sonra film nümayiş olunub. Filmdə Faiq Həsənovun uşaqlıq illəri, şahmatda atdığı ilk addımları, hakimlik fəaliyyətinə başlaması, beynəlxalq turnirlərdə iştirakı və Azərbaycan şahmatının inkişafındakı əvəzsiz rolu əks olunub.

Filmin nümayişindən sonra dünyanın ulduz şahmatçılarının Faiq Həsənovun 85 illik yubileyi münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx təqdim olunub.

Sonda çıxış edən “Şərəf” və “Şöhrət” ordenli, Beynəlxalq dərəcəli hakim Faiq Həsənov qeyd etdi ki, Azərbaycan şahmatı dünyada güclü məktəbə və zəngin ənənələrə malik ölkə kimi tanınır. O, cari ilin ölkə şahmatı üçün məhsuldar alındığını bildirib. F.Həsənov qadın və kişilərdən ibarət komandaların bu il böyük nailiyyətlərə imza atdıqlarını söyləyib. O, həm Avropa, həm dünya çempionu olmuş qadın şahmatçı Ülviyyə Fətəliyevanın çıxışını yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb. Çıxışının sonunda yubilyar filmin ərsəyə gəlməsində əziyyəti olanlara, eləcə də təqdimatın təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirdi. 

Qabil ƏLİYEV
XQ









İdman