Gürcüstanda xeyriyyə aksiyası keçirilib

post-img

Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”nin və Azərbaycanın Gürcüstandakı Səfirliyinin birgə təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə xeyriyyə aksiyası keçirilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən aksiya çərçivəsində aztəminatlı ailələrə, ahıl şəxslərə və xəstələrə ərzaq yardımı edilib.

Sosial yardımın çatdırılmasında Gürcüstan Müsəlmanları İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəliyi, “Xarı Bülbül” xeyriyyə təşkilatı, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və digər dini icma rəhbərləri də iştirak ediblər.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov sosial cəhətdən həssas ailələrə yardım göstərilməsinin xüsusi əhəmiyyət daşıdığını, bu kimi xeyriyyə aksiyalarının cəmiyyət daxilində birlik və həmrəylik ruhunun möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov səfir Faiq Quliyevin bayram təbriklərini çatdırıb. Bu təşəbbüsün əsas məqsədinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sosial həmrəyliyi gücləndirmək, ehtiyac sahiblərinə həm mənəvi, həm də maddi dəstək göstərmək olduğunu deyib.

Yardımın paylanılmasında iştirak edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycanın Gürcüstandakı Səfirliyinə, “Azərbaycan Evi”nə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürlərini bildiriblər. Bu cür xeyriyyə təşəbbüslərinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

XQ







Sosial həyat