Masallı rayonun böyük yaşayış məntəqəsi olan Musaküçə kəndi özünün zəngin folklor və mədəni irsi ilə yaxşı tanınır. Həsirçilik isə musaküçəlilərə ululardan qalma ən dəyərli bir sənət növüdür. Kəndin həm məişətində, eləcə iqtisadi həyatında əhəmiyyətli rol oynayan həsirçilik illərdir ki, nəsildən-nəslə ötürülür.
Kənddə hazırda ev olmaz ki, bu sənətlə məşğul olmasın. Hətta bu sənət indi kəndin qadın-kişi demədən bir çox sakininin əmək bacarıqlarını birləşdirən bir səmərəli peşəyə dönüb. Toxunan həsirdən gələn gəlirlə ailə saxlamaq da olur. Həsir qamış və çətən kimi təbii materiallardan hazırlanır. Ustalar onları xüsusi üsullarla qurudur, əl işləri ilə hörərək müxtəlif ölçülü və naxışlı həsirlər düzəldir. Onlara naxışların salınmasında qadınların zövqü daha çox önəm daşıyır. Həsir evlərin döşənməsinə sərilir, ərzaqların saxlanması və hətta gündəlik məişətdə digər məqsədlərlə istifadə edilir.
Doğrudur, hazırkı dövrdə sənayeləşmə və müasir mebellərin geniş yayılması həsirçiliyə olan tələbatı bir qədər azaldıb. Buna baxmayaraq, kəndin mədəni irsinin bir parçası olmaqla yanaşı, həm də xalqın milli dəyərlərini özündə yaşadan sənət növü Musaküçə kəndində qorunub saxlanır və daimi davamı ilə əlaqədar gənclərə həvəslə öyrədilir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

