AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda elmi-təşkilati məsələlər, qarşıda duran vəzifələr, habelə mühüm dövlət sənədlərindən irəli gələn tapşırıqlar geniş müzakirə olunub. Bu haqda “Xalq” qəzetinə Bölmənin mətbuat xidmətindən məlumat verilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının sədri, akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımova filologiya elmləri doktoru diplomunu təqdim edib və onu bu münasibətlə təbrik edib.
Akademik İsmayıl Hacıyev çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələrdə səsləndirdiyi fikirlərə toxunaraq, həmin müsahibələrdə dövlət başçısının 21 mühüm mövzu ətrafında mövqeyini ifadə etdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev dərin savada, geniş dünyagörüşünə və strateji düşüncəyə malik lider kimi ölkənin inkişaf istiqamətlərini hərtərəfli şəkildə şərh edib.
İsmayıl Hacıyev Prezidentin iqtisadiyyatla bağlı fikirlərinə xüsusi diqqət çəkib, xarici siyasət sahəsində 2025-ci ildə Azərbaycan üçün uğur gətirən hadisələr barədə ünvanlanan suala İlham Əliyevin Çinlə strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasını nümunə göstərdiyini vurğulayıb. Türk dövlətləri arasında hərbi əməkdaşlıq məsələlərinin də Prezident tərəfindən önəmli istiqamət kimi qeyd edildiyini bildirib. Eyni zamanda, Prezidentin Çinlə əməkdaşlıq, ölkənin qızıl ehtiyatları, sosial siyasət, ABŞ-la münasibətlər, 8 avqust görüşü və 907-ci düzəlişlə bağlı səsləndirdiyi mövqelər iclas iştirakçılarının diqqətinə çatdırıb.
Akademik İsmayıl Hacıyev, həmçinin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident Sərəncamının icrası istiqamətində AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən bəhs edib.
İclasda Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında”, “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” və “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” sərəncamları və bu sənədlərdən irəli gələn elmi-tədqiqat istiqamətləri müzakirə olunub.
Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsi Aparatının Elektron xidmətlər şöbəsinin adının dəyişdirilərək Rəqəmsallaşma və süni intellekt şöbəsi kimi təsdiq edilməsi və əsas şöbəyə çevrilməsi məsələsinə də toxunub.
İclasda filologiya üzrə fəlsəfə doktoru AMEA Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının 2026-cı il üçün İş planlarının təsdiqi barədə məlumat verib. İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri Filurə Sadıqova AMEA Naxçıvan Bölməsində çalışan bir sıra əməkdaşların Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrinin artırılması məsələsini diqqətə çatdırıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov isə AMEA Naxçıvan Bölməsinin doktorant və dissertantlarının attestasiyası ilə bağlı məlumat verib.
İclasda gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



