Sosial şəbəkələrdə saxta yardım kampaniyaları ictimai cibgirlikdir
Sosial media yayımlarında hər gün eyni mənzərə ilə qarşılaşırıq: ekrandan bizə baxan çarəsiz ata-analar, ağır xəstəliyin soldurduğu körpələr... Bu emosional təsvirlər bir andaca ən saf duyğumuzu – mərhəmət və yardımlaşma instinktimizi hərəkətə gətirir. Müasir texnologiya xeyriyyəçiliyə çağırışı bir toxunuş qədər asanlaşdırıb. Artıq kiməsə əl tutmaq üçün bank növbələrində durmağa və ya uzaq məsafələr qət etməyə ehtiyac yoxdur. Lakin rəqəmsal dünyanın bu sürəti, təəssüf ki, xeyriyyəçiliyi həm də mütəşəkkil bir “fırıldaqçılıq oyunu”na çevirib.
Bu gün qarşımıza çıxan hər yardım kampaniyası heç də həmişə kimisə xilas etmək məqsədi daşımır. Peşəkar dələduzlar insanların empatiya hisslərini hədəfə alırlar. Onlar saxta profillər arxasında gizlənərək başqa insanların real bədbəxtliklərini, fotoşəkillərini və hekayələrini oğurlayır, üzərində montaj olunmuş tibbi sənədlərlə yeni, saxta ümid kampaniyası yaradırlar. Nəticədə, bizim ən səmimi yardımlarımız ehtiyacı olanın müalicəsinə deyil, dələduzların lüks həyatına və ya növbəti saxtakarlıq planlarına xidmət edir.
Məsələnin ən ağrılı tərəfi isə təkcə maddi itki deyil. Şəxsi kart hesablarına köçürülən nəzarətsiz vəsaitlər və ifşa olunan saxta kampaniyalar cəmiyyətə mənəvi güvənsizlik aşılayır. Bir dəfə aldanan insan növbəti dəfə həqiqətən yardıma ehtiyacı olan, yaşamaq saniyələrlə yarışan real bir xəstəyə də şübhə ilə yanaşır. Bu güvən aşınması isə əslində köməyə möhtac olan insanların son ümidlərini də əllərindən alır. Yaxşılıq etmək istəyərkən saxtakarların tələsinə düşməmək üçün nələrə diqqət etməliyik?
DİN-in mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirdi ki, sosial şəbəkələrdə yardım kampaniyası adı altında yığılan məbləğin bəzən kənar şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı polisə şikayətlər daxil olur:
– Həmin müraciət əsasında insanların etibarından sui-istifadə edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Bir daha vətəndaşları saxta səhifələr vasitəsilə yardım adı altında aparılan kampaniyalara qarşı diqqətli olmağı çağırırıq. Tanımadığınız şəxslərə pul və fərdi məlumatlarınızı göndərməyin. Şübhəli linklərə keçid etməyin.
Şifrələrinizi heç kimlə bölüşməyin. Bank kartının son istifadə tarixi, mesaj vasitəsilə göndərilən birdəfəlik kodunuzu paylaşmamağı tövsiyə edirik.
Bəs qanunvericilikdə bu cür halların cəzası nədir və aldadılan vətəndaşın özünü hüquqi müstəvidə müdafiə etmək üçün hansı imkanları var? Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Elvin Əliyev mövzuya hüquqi baxımdan aydınlıq gətirdi:
– Son illərdə sosial şəbəkələr üzərindən təşkil olunan yardım kampaniyalarının sayı xeyli artıb. Bu kampaniyalar bəzən real ehtiyac sahiblərinə ciddi dəstək olsa da, bəzi hallarda saxta ianə toplama və dələduzluq faktları ilə müşayiət olunur. Bu isə həm hüquqi məsuliyyət, həm də vətəndaşların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Azərbaycan qanunvericiliyində sosial şəbəkələrdə yardım kampaniyalarını birbaşa tənzimləyən ayrıca qanun yoxdur. Lakin bu sahə aşağıdakı hüquqi aktlarla dolayı şəkildə tənzimlənir:
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi (ianə və əvəzsiz əqdlər);
– Cinayət Məcəlləsi (dələduzluq, mənimsəmə və s.);
– Qrant və xeyriyyə fəaliyyəti ilə bağlı qanunvericilik.
Mülki Məcəlləyə əsasən, ianə könüllü və əvəzsiz verilən vəsaitdir. Əgər ianə konkret məqsəd üçün verilibsə, həmin vəsait yalnız bu məqsəd üçün istifadə olunmalıdır.
Sosial şəbəkələrdə saxta ianə kampaniyası təşkil etmək bir neçə cinayət tərkibi yarada bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirmə başa düşülür. Saxta yardım kampaniyaları bu maddə üzrə qiymətləndirilir və əgər uydurma xəstəlik və ya qəza barədə məlumat yayılıbsa, başqasının sənədlərindən istifadə olunubsa, ianə pulu şəxsi məqsədlər üçün xərclənibsə bu hallar üzrə də müəyyən cəza tədbirləri tətbiq olunur.
Cinayət məcəlləsinin 178.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs 1000 manatdan 2 min manatadək cərimə və ya 360 saatadək ictimai işlər və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzalarından birinə məhkum olunur. Məcəllənin 178.2-ci maddəsinə əsasən isə əməl təkrar törədildikdə və ya xeyli miqdarda ziyan olduqda 2 ildən 5 ilədək, 178.3-cü maddəsinə əsasən, külli miqdarda ziyan olduqda 5 ildən 8 ilədək, 178.4-cü maddəsinə əsasən, xüsusilə külli miqdarda ziyan olduqda 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mənimsəmə və ya israf etmə hallarında Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, əgər şəxs real yardım üçün pul toplayıb, lakin vəsaiti şəxsi ehtiyaclarına sərf edibsə, hesabat vermədən pulu mənimsəyibsə, bu hal mənimsəmə və ya israf etmə kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs 1000 manatdan 2 min manatadək cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək, 179.2-ci maddəsinə əsasən, daha ağır hallarda 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə külli və xüsusilə külli miqdarda olduqda 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Saxta sənəd hazırlama və istifadə etmə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə tənzimlənir. Belə ki, əgər yardım kampaniyasında saxta tibbi arayış, saxta epikriz, saxta arayış və ya möhür istifadə olunursa, bu ayrıca cinayət hesab edilir. Həmin qanunun 320.1-ci maddəsinə əsasən saxta sənəd hazırlama 1000 manatdan 2 min manatadək cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə, 320.2-ci maddəsinə əsasən isə saxta sənəddən istifadə 1000 manatadək cərimə və ya 360 saatadək ictimai işlər və ya 1 ilədək azadlığın məhdudlaşdırılması cəzalarından biri tətbiq olunur.
Əgər cinayət tərkibi sübuta yetirilmirsə, lakin icazəsiz ianə toplama, maliyyə qaydalarının pozulması, vergi uçotundan yayınma halları olarsa, bu zaman İnzibati Xətalar Məcəlləsi üzrə cərimə tətbiq oluna bilər. Saxta kampaniyadan zərər çəkən şəxslər polis orqanına ərizə ilə müraciət ünvanlamalı, bank köçürməsi qəbzlərini təqdim etməli, sosial şəbəkə paylaşımlarının fotolarını saxlamalı, lazım gələrsə, məhkəmədə mülki iddia qaldırmalıdır.
Cinayət işi üzrə zərər sübuta yetirilərsə, təqsirkar şəxs cəzalandırılır və zərərin ödənilməsi barədə məhkəmə qərarı çıxarılır. Yəni sosial şəbəkələrdə yardım kampaniyaları hüquqi baxımdan nəzarətsiz sahə deyil. Vətəndaşların ən təhlükəsiz yolu yalnız rəsmi fondlara ianə etmək, sənədləri yoxlamaq, şəxsi kartlara pul köçürmələrində ehtiyatlı olmaqdır.
Nəhayət isə sual yaranır: Hüquqi müstəvidə müdafiə olunmaq üçün vəsaiti hansı yolla göndərməliyik? İanələrin şəxsi kartlardan rəsmi hesablara doğru yerdəyişməsi bizi dələduzlardan nə dərəcədə sığortalayır?
Bank eksperti Gülnar Şahbazova bildirdi ki, ianə edən şəxslərin ödəniş üsuluna xüsusi diqqət yetirməsi vacibdir:
İanələr üçün ən təhlükəsiz ödəniş üsulu rəsmi bank hesabları, fond və xeyriyyə təşkilatlarının hesabları hesab edilə bilər. Belə olan hallarda əməliyyatlar rəsmi qaydada qeydiyyata alınır və şübhəyə əsas qalmır.
Şəxsi hesaba yığılan vəsaitlərə nəzarət isə məhduddur. Bildiyimiz kimi, “Banklar haqqında” Qanunun 41-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir.
Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri haqqında məlumatların sirrinə də bank təminat verir. Yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda araşdırıla bilər. Adi halda şəxsi kart və ya hesab üzrə yığılan ianələrin təyinatı üzrə xərclənməsinə birbaşa nəzarət mexanizmi mövcud deyil.
Şübhəli hesablar banklar tərəfindən əməliyyatların icra tezliyi, məbləğlərin qeyri-adi halda artımı, çoxsaylı fərqli şəxslərdən daxilolmalar, vəsaitin dərhal nağdlaşdırılması əsasında müəyyən edilə bilər. Yəni kartdan birdən-birə fərqli ölkədə ödəniş edilməsi, qısa vaxtda ard-arda çoxlu tranzaksiya, adətən xırda məbləğlə işləyən kartdan böyük məbləğin çıxarılması, yaxud eyni kartın tez-tez onlayn “yardım kampaniyaları” kimi kateqoriyalarda istifadə olunması kimi hallar qeyri-adi davranış hesab edilir.
Amma burada incə bir məqam var. Şübhəli olmaq avtomatik olaraq qanunsuz demək deyil. Bank kart sahibinin davranışını əsas götürür. Əgər istifadəçi əvvəllər də onlayn ianələr edib, xarici saytlarda ödənişlər həyata keçiribsə, sistem bunu normal kimi qəbul edə bilər. Ona görə də çox vaxt bank əməliyyatı dərhal bloklamır, əvvəlcə tətbiq bildirişi və ya zəng vasitəsilə təsdiq istəyir.
Nəzərə alsaq ki, bankların daxilində monitorinq sistemi mövcuddur və bu cür hallar aşkarlandıqda dərhal yoxlama aparılır. Əgər şübhəyə əsas varsa, daxilolmaların ianə olduğunu sübut edə biləcək sənədlər istənilir (xəstəlik haqqında arayış və s.). Ən etibarlı yol isə vətəndaşların yalnız rəsmi qeydiyyatdan keçmiş xeyriyyə qurumlarına ianə etmələri, sosial şəbəkələrdə anonim paylaşılan hesab nömrələrinə vəsait göndərməkdən çəkinmələridir. Atalar demiş, yüz ölçüb, bir qərar verməklə vəsaitlərini düzgün şəkildə ianə etmələridir.
Yaxşılıq etmək, zəruri ehtiyacı olanlara əl tutmaq hamının insanlıq borcudur. Lakin mərhəmətimizi kor-koranə deyil, şüurlu şəkildə paylaşaq. Çünki əsl xeyriyyəçilik etdiyin yardımı doğru ünvana çatdırmaqla gerçəkləşir.
Fidan ƏLİYEVA
XQ




